Xalq artisti Cavan Zeynallının APA-ya müsahibəsi
- Bu yaxınlarda Qusardan istirahətdən qayıtmısınız. İstirahətiniz necə keçdi?
- Qusarda bir gözəl istirahət elədim ki... Qusar Azərbaycanın ən gözəl yerlərindən biridir. Orda elə meşələr, elə təbiət var, Qusarda olanda, mənə elə gəlir ki, İsveçrədəyəm. Qusarın havası, təbiəti, suyu möhtəşəmdir.
- Bəlkə Qusarı Sizin gözünüzdə belə möhtəşəm edən həm də həyat yoldaşınız Röya xanımın qusarlı olmasıdır.
- (gülür) O vaxt məndən tez-tez soruşurdular ki, sən bakılı, Röya xanım qusarlı, necə oldu ki, siz evləndiniz? Mən o vaxt bilmirdim ki, Qusar elə gözəldir, mən orda fantastika gördüm. Dörd aydır, ordayam. Pandemiyaya görə indi işlər dayanıb. Ona görə dörd aylıq Qusara getmişdim. Orda bizim bağımız var. Qusardakı sakitlik mənə çox zövq verir. Ancaq başa düşdüm ki, musiqiçi kimi mənə çox sakitlik olmaz. Mənə oxumaq lazımdır. Ancaq harda? Konsertlər yoxdur. Toylar açılıb, amma mən də toylara gedən deyiləm. Çünki indi pandemiyaya görə vəziyyət təhlükəlidir.
- Bəs, adi vaxtlarda toylara gedirdiniz?
- Musiqiçi kimi toyları sevmirəm, çünki eyni musiqilər çalanda mənim qulağım ağrıyır, ürəyim ağrıyır. “Lakkada çıkkada, çıkkada lakkada”, nə bilim “çal, çal bir hava çal...” Sevmirəm bunları. Mən klassika adamıyam.
- Amma “İstintaq” filmində məhz elə “Çal, çal bir hava çal” oxumusunuz.
- O kino idi, orda məni çağıranda soruşdum ki, hansı mahnı lazımdır, dedilər, bu mahnı, mən bunu oxudum. Bu arada mən “İstintaq” və “Park” filmi də daxil olmaqla, səkkiz filmdə çəkilmişəm.
- Flora xanımla duet kadrlarında geyindiyiniz kostyum “İstintaq”da geyindiyiniz ağ kostyumdur, eləmi? Yoxsa, yanılıram?
- Yanılmırsan. Elədir ki, var. Həmin kostyumdur. Sonradan mən kökəldim, o kostyum mənim əynimə olmadı. Həmin duet... Əslində, o dueti Flora xanım başqa bir adamla oxumalı idi. Həmin müğənni xəstələndiyi üçün duet alınmır. Flora xanım da deyir ki, bəlkə Cavan Zeynallı oxusun. Mən bu təklifi eşidəndə çox sevindim, ancaq çəkindim də. Flora xanıma dedim ki, “Sizinlə oxumağa qorxuram. Çünki Sizin fərqli səsiniz var”. Oxuyanda isə Flora xanım başladı mənim səsimə görə sakit oxumağa. O başa düşdü ki, mən onun səsindən qorxa bilərəm. Əsl oxuyanlar bilir ki, kiminlə necə oxumaq lazımdır.
Mən, ümumiyyətlə, cavan vaxtı çox utancaq idim. Ancaq musiqi texnikumunda oxumağa başlayanda bu utancaqlıq keçdi. Bunun da səbəbi var idi. Çünki orada Müslüm Moqamayev kimi bir adam oxuyurdu. O bir gün mənə dedi ki, eşitmişəm, siz hərdən pianino çalırsınız. Mən əvvəlcə çalmaqdan çəkinsəm də, sonradan ifa etdim. Mən pianoda ifa edirdim, o oxuyurdu. Orda bir caz akkordunu eşidən kimi dedi ki, saxla, saxla. O akkordu tez mənə göstər. Müslüm də royalda ifa edirdi. Mən ona həmin akkordu göstərsəm də, ifa edə bilmədi. Sonra dedi ki, gəl, gedək bizə, sən o akkordu mənə yazarsan. Mən də istəyirəm, o akkordu bilim. Biz Müslümlə yaxın dost idik.
- Sevildiyinizi hiss edirsiniz?
- Küçəyə çıxanda çox yaxınlaşırlar, tanıyırlar. Bir də görürsən, marketdə kassaya yaxınlaşıram, pulu vermək istəyəndə görürəm ki, artıq kimsə mənim yerimə pulu verib. Deyirəm ki, belə şey olar, mənim pulum var, axı.
- Pulunuz həqiqətən var? Axı deyirlər ki, caz pul gətirmir.
- Mən axı təkcə caz ifaçısı deyiləm. Toylara da gedirdim. Keçmişdə də yaxşı qazanmışam. Filarmoniyada işləyəndə yaxşı maaş da alırdım.
- Caz və Azərbaycan. Necə xarakterizə edərdiniz bu münasibəti?
- İlk növbədə onu deyim ki, iki ildir, pandemiya ilə əlaqədar olaraq Amerikada, Avropada da caz sahəsində durğunluq yaranıb. Caz elə şeydir ki, fasilə verəndə, sonradan barmaqlara çətin olur. O ki qaldı Azərbaycandakı caza, o vaxt Bakıda “stilyaqalar” var idi. Onlar cazı bir başqa sevirdi. Bu xalqın Vaqif Mustafazadə kimi bir cazmeni olub (Vaqifdən ifa edir).
Bundan sonra nə demək olar? Azərbaycanlı cazmenlər nəinki təkcə öz yaratdığı cazı, həm də dünya cazını ifa edə bilir. Parisdə konsertlərdən birində Asenin mahnısını oxudum. Heç kim mənə əl çalmadı. Mənə də qəribə gəldi ki, bunlar niyə əl çalmadı? Sonra zaldan bir nəfər gəlib mənə dedi ki, onlar şokdadır. Deyirlər ki, siz Asenin özündən yaxşı ifa etdiniz. Mən deyəndə ki, azərbaycanlıyam, inanmadılar. Mən həmişə demişəm ki, bir çox millətlər Azərbaycan mədəniyyətini həzm edə bilmir, hətta deyərdim ki, paxıllıq edirlər. Azərbaycana gələndə deyirlər ki, Bakı nə gözəldir, bulvar nə gözəldir. Öz ölkələrinə gedəndə isə əksini deyirlər. Mən dünyanın 72 ölkəsində olmuşam. Çox yaxşı bilirəm bunları.
- Paxıllıq demişkən. Paxıllıqdan əziyyət çəkmisiniz.
- Bütün ömrüm boyu. Paxıllıqdan bilirsən mən nə qədər əziyyət çəkmişəm? Mən həm oxuyurdum, həm də pianinoda çalırdım. Əsas da həm çalıb, həm oxuya bilməyimə paxıllıq edirdilər. Axı, bu istedad Allah vergisidir. Vaqif Mustafazadə niyə 39 yaşında öldü, səncə? Onu da paxıllıq öldürdü, paxıllıq...
- Vaqif Mustafazadə ilə dost olmusunuz.
- Vaqif Mustafazadə məni çox sevirdi. Çünki o məni bilirdi. Bizim onunla nə qədər səmimi münasibətimiz olsa da, mən heç vaxt onun yanında pianinoda çalmırdım. Vaqif bir dəfə dedi ki, mən kontrabasda çalacam, sən pianinoda çal. Nə qədər xahiş etsəm də, qəbul etmədi. Nəsə başladıq ifa etməyə. Yüngülvari başladım, ekstaza girəndən sonra isə özümü saxlaya bilmədim (gülür). Vaqif başqa idi, o tamam başqa idi (yenidən ifa edir).
- Vaqif Mustafazadənin ailəsi ilə indi əlaqəniz varmı?
- O vaxt Vaqiflə də, ailəsi ilə də çox yaxşı münasibətim vardı. Ancaq on beş ildir, onlar mənə zəng etmir, axtarmır. Məndə də belə bir xasiyyət var ki, kim məni axtarmırsa, mən də onu axtarmıram.
- Bir müddət pedaqoji fəaliyyətlə də məşğul olmusunuz.
- Mədəniyyət və İncəsənət Universitetində 8 il müəllim işləmişəm. Çoxlu tələbəm olub. Mən professional mahnıları öyrədirdim, onlar çox yaxşı oxuyurdular, imtahanlardan da çox yaxşı keçirdilər. Bir gün tələbələrimdən biri mənə dedi ki, “Siz bizə professional mahnılar öyrədirsiniz, ancaq bizə toy mahnılarını öyrənmək lazımdır. İndi konsertlər yoxdur, ancaq toya gedə bilirik, ona görə də bizə toy mahnılarını öyrədin”. Tələbənin bu sözü mənim heç xoşuma gəlmədi. Cavan Zeynallı axı toy mahnıları bilmir.
- Axı, özünüz də toya gedirdiniz. Tutaq ki, toydasınız, Sizdən bayağı mahnı oxumağınızı istəyirlər. Neyniyirdiniz onda?
- Orkestr çalırdı, mən də oturub çay içirdim. Cavan Zeynallı bayağı mahnı oxumayıb. Mən çoxdandır, toya getmirəm. Mənə toy lazım deyil. Mənə lazımdır ki, Azərbaycanın mədəniyyəti yüksək səviyyədə qalsın. Ancaq bayağı mahnı oxuyanlar müğənni deyil. Onlar başqa mahnı oxuya bilmədiyi üçün belə mahnıları oxuyurlar. O mahnılar da heç kimə lazım deyil.
- Toylara ən çox çağırılanlar elə o bayağı mahnıları oxuyanlardır.
- Çünki başqa oxuyanlar yoxdur, mənim kimi oxuyanlar yoxdur. Mən niyə axı gedib toy oxumalıyam? Pula görə? Elə bilirsiniz, toydan qazanırıq deyənlər həqiqətən qazandıqlarını toydan qazanır? Boş söhbətdir, çoxu göstərişdir, çoxu yalandır.
- Sizə Bakı şansonun nümayəndəsi deyə bilərik?
- O sözlə qətiyyən razı deyiləm. Kim çıxarıb axı bu sözü? Bakı şansonu e. Şanson fransız sözüdür. Edit Pyaf, Şarl Aznavur, Mişel Leqran - bunlar şanson idi. Kim onu gətirib Bakıya, kim onu salıb bizim dilimizə, mən bilmirəm. Özlərini yüksək səviyyədə göstərmək üçün işlədirlər bu sözü. “Mən şanson oxuyuram”. Hansı şanson, nə şanson? Bizdə şanson oxuyan yoxdur.
- Bəs, “Mən şanson oxuyuram” deyənlərin oxuduğu nədir?
- Ay balam, şanson yoxdur Azərbaycanda. Harda “mən şanson oxuyuram” deyən adam görsəm, istəyirəm ki, tutub onu döyüm.
- Cazın dünəni və bu gününü müqayisə etsək?
- Dediyim kimi, iki ildir ki, bütün dünyada pandemiya ilə əlaqədar caz durğunlaşıb.
- Mən təkcə son iki ili nəzərdə tutmuram. Müstəqillik dövrü deyək. Lap götürək 2000-lərdən bəri.
- Hər janrın öz illəri var. Altmışıncı, yetmişinci illərdə konservatoriyada Qara Qarayav, Cövdət Hacıyev, Soltan Hacibəyov kimi bəstəkarlar var idi. İndi o bəstəkarlardan yoxdur. Səksəninci illərdən bəri durğunluq müşahidə olunur. Bugünkü oxuyanlara baxın. Görün onlar oxuya bilirmi heç. Əsl musiqi getdi.
- Söhbət cazdan gedir?
- Söhbət ümumiyyətlə, musiqidən gedir, caz da daxil olmaqla. Mən həmişə klassikanı sevmişəm. Sonra gördüm ki, mənim içimdə caz da var. Çox maraqlıdır, o vaxtlar cazı çalırdım, ancaq oxumağa utanırdım. Çünki çox adam cazı başa düşmürdü. Gəlib mənə deyirdilər ki, Cavan nə gözəl oxudun. Sonradan başa düşdüm ki, əslində, elə deyənlərin çoxu cazı başa düşmür.
- Öz bəstələriniz var?
- Əlbəttə, var. Özü də bir çox bəstələrimə sözü həyat yoldaşım Röya xanım yazıb. Mən hərdən oxuyuram öz bəstələrimi. İndi dəqiq hamısının adını xatırlamıram, amma öz bəstələrim çoxdur.
- Bilirik ki, Siz “Qaya” qrupunda da çalışmısınız. Ancaq nədənsə “Qaya”nın üzdə olan kadrlarında, səs yazılarında siz yoxsunuz. Niyə?
- Ona görə ki, mən “Qaya”ya gəldiyim dövrdə qrup artıq televiziyalara o qədər də çox çıxmırdı, ancaq qastrollarda olurdu. Qastrolda olan kollektiv isə heç kimin yadına düşmürdü. Buna görə də görüntülər yoxdur.
- Bəs səs yazıları?
- Mən “Qaya”ya 1979-cı ildə gəlmişəm. Onlar məndən qabaq “Ey həyat, sən nə qəribəsən” mahnısını oxumuşdular. Mən qrupa gələndən sonra bədii rəhbər dedi ki, gəl səninlə də bu mahnını oxuyaq. Mən də sevinə-sevinə razılaşdım ki, artıq bu mahnıda mənim də səsim olacaq. Hətta oturduq faytona, birinci versiyada olduğu kimi mahnıya klip çəkdik. Bir il keçdi, iki il keçdi, gördüm ki, o kadrlar heç yerdə yoxdur. Studiyaya zəng edib bunun səbəbini soruşanda dedilər ki, siz olan versiyanı çıxardılar, çıxaranda da dedilər ki, yenidən qaytaracağıq, qaytarmadılar. Bu da sualının cavabı.
- Deməli, kimlərəsə Cavanın səsinin orda olmağı sərf etmirdi...
- Paxıllıq...
- Kim olduğunu bilirdiniz?
- Əlbəttə, bilirdim. Amma indi onlardan heç danışmaq istəmirəm. Mənim o qrupda yerim başqa idi. Qrupun yüksəlməsində mənim də rolum olub. Çünki mən həm ifa edirdim, həm də oxuyurdum. Elə olurdu ki, konsertlərə qrupdan ayrı çıxırdım, ayrı kostyum geyinirdim.
- Qrupdan ayrı niyə oxuyurdunuz ki?
- Çünki səsim mənə solo oxumaq imkanı verirdi.
- Bugünkü gənclərdən kimləri dinləyirsiniz?
- Düzü, gənclərə az qulaq asıram. Çünki gənclərin çoxu axtarışdadır. Ümumiyyətlə, mənim musiqi dinləməyim bir az başqa cürdür. Elə olur ki, bir ay musiqi dinləmirəm, radionu belə açmıram. Radio demişkən, bəzən radio dinləyəndə bir məqam diqqətimi çəkir. Niyə aparıcılar radioda gedən ifaçının adını demir? Hərdən mənə elə gəlir ki, onlar ifaçıların adını bilmir.
- Siz də hər şeydən narazısınız...
- Niyə narazıyam? Mən musiqiçiyəm, musiqiçi. Mənim öz kriteriyalarım var. Çox narazıyam çox.
- Sizcə, musiqiçi üçün musiqi təhsili nə qədər vacibdir?
- 17 il musiqi təhsili almışam. Ancaq mən deyərdim ki, əgər istedad varsa, təhsil almağa o qədər ehtiyac yoxdur. Sizə bir şey deyim. Konservatoriyada oxuyanda mənə zəng elədilər ki, səni Rəşid Behbudov axtarır. Mən də cavab verdim ki, bu nə zarafatdır edirsiniz, Rəşid məni hardan tanıya bilər? Öyrənəndə ki, zarafat deyil, getdim onun yanına. O vaxt mən tələbə idim, Rəşidin isə 35 yaşı vardı. Dedi ki, səni ona görə çağırmışam, səninlə ona görə işləmək istəyirəm ki, sən konservatoriyada oxuyursan. Amma konservatoriya oxumasa da, Rəşid Behbudov elə Rəşid Behbudov idi. Mən bununla demək istəyirəm ki, əgər istedad varsa, konservatoriya-filan lazım deyil.
Mən musiqi məktəbinə gedəndə ilk dərsdə müəllim dedi ki, sən musiqiçi olmalısan. Əslində, birinci skripka ilə başlamışam, ancaq sonradan məndə skripka alınmadı. Çünki mən çox arıq idim. Skripkanı əlimdə saxlamaq belə mənim üçün çətin idi. Daha sonra pianinoya keçdim. Musiqi məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına texnikuma qəbul oldum. Onda hamı soyadıma görə elə bilirdi ki, mən Asəf Zeynallının qohumuyam (gülür).
- Addan söz düşmüşkən, Sizi əsl adınız Cavanşirdir. “Şir”i nə əcəb çıxarmısınız?
- Deməli, bir dəfə “Qaya” ansamblı ilə qastrola getmişəm. Məni səhnədə elan edirlər. Cavanşir Zeynallı. O vaxt şəkil çəkdirmək yox idi, çox vaxt avtoqraf götürürdülər. Görürəm ki, qızlar məndən başqa hamıdan avtoqraf götürürlər, bütün qızlar məndən qaçır. Demək olar ki, bütün qastrollarda bu hal yaşanırdı. Bunun niyə belə olmağı özümə də maraqlı gəldi. Qızın birini saxlayıb, soruşdum ki, məndən niyə qaçırsınız? O da dedi ki, adınızı bir də deyə bilərsinizmi? Mən də adımı dedim: Zeynallı Cavanşir Mirzəməmməd oğlu. Qız adımı eşidən kimi qaçdı. Mən də dedim noolar, adımı qısaldaram. Ondan sonra adımı qısaltdım ki, məndən qaçmasınlar. Beləcə, Cavanşir oldu Cavan. Cavan olandan sonra başladılar məndən də avtoqraf götürməyə. Hələ o vaxt Aygün Kazımova deyirdi ki, müğənninin adı gərək qısa olsun. Qısa adlara həm öyrəşmək rahatdır, həm də yadda saxlamaq. Əslində, Cavanşir də gözəl addır.
- Beş il Rusiyada yaşamısınız. Niyə qayıtdınız?
- Atam xəstələnəndən sonra qayıtmalı oldum. O deyirdi ki, gəl, birdən mənə nəsə olar, sən məni görmərsən. Gəldim. Halbuki orda mən mərkəzi restoranlarda oxuyurdum, yaxşı da qazanırdım.
- Sonradan peşman olmadınız ki?
- Yox, yox. Yaxşı ki belə də oldu. Mənim doğma torpağım buradır. Ancaq bir şey deyim. Bəzən mənə elə gəlir ki, öz insanlarımız mənə layiq olduğum qiyməti vermir. Düzdür, sevirlər, Cavan Zeynallı deyəndə şirin danışığımdan, zarafatlarımdan danışırlar, deyirlər ki, Cavan yaxşı oğlandır, ancaq çalıb-oxumağım, sənətimi... İstəyirəm ki, onlar başa düşsünlər Cavan kimdir? Bir də görürsən ki, televizorda sorğu keçirirlər ki, ən sevdiyiniz ifaçı kimdir? Biri də Cavan Zeynallı demir. Niyə mənim adımı çəkmədiklərini soruşan olsa, deyəcəklər ki, o, caz oxuyur. “Qoca qartal” cazdır? “Çıx qatar yoluna” cazdır?
- “Qoca Qartal” mahnısı sizin ruhunuza yad deyildi?
- O vaxt Eldar Mansurov mənə zəng edib dedi ki, məndə belə bir mahnı var, nə qədər müğənniyə göstərdim, oxumaqdan imtina etdilər ki, çətin mahnıdır. Sən onu oxuyarsan? Mən mahnını eşidəndə dedim ki, həqiqətən ağır mahnıdır. Ancaq oxudum. Nə yalan deyim, oxuduğum xoşuma gəlmədi. Heç mahnının adı da xoşuma gəlməmişdi. Ancaq sonra bu mahnı mənim xoşuma gəlməyə başladı.
- Cavan “Qoca Qartal” kimi yaşamadı axı, deyəsən?
- Bilirsən, Mənim içimdə qartallıq həmişə olub, ancaq mən üzə çıxarmamışam onu. Çünki mən yaşadıqca başa düşdüm ki, o qartalı çıxarmaq lazım deyil. Mən də ancaq sənətdə qartal ola bildim...