O, Ağdamın Əlimədətli kəndində doğulub, böyümüşdü. Gəncliyi ölkəmizin ağır illərindən nəsibini aldı, taleyinə qaçqın olmaq düşdü. Bununla belə, zəhməti bahasına üzə çıxmağı, seçilməyi bacardı.
Lent.az-ın müsahibi Xalq artisti Nəzakət Teymurovadır.
Mən müsahibə üçün sinifə girəndə tələbəsi ilə birlikdə “Cənab leytenant” mahnısını ifa edirdilər. Söhbətə bizi tanış eləməklə başlayır.
- Bu oğlan 44 günlük müharibənin iştirakçısıdır. Allaha şükür, sağ-salamat qayıdıb, indi də bir tədbirdə çıxış eləməyə hazırlaşır. O vaxt kəndimizdə 5 oğlu olan bir kişi vardı. Müharibə başlayan kimi oğlanlarını Ağdamdan çıxarıb qaçırdı. Deyirdim ki, 5 oğlun ola, biri də müharibədə iştirak etməyə. O camaatın üzünə necə baxacaq? Uşaqlarını qorusa da, hərəsi bir bəla ilə əlindən getdi. Allah saxlayanda saxlayır, bu uşağın (tələbəsinə işarə edir) nə canı var? Amma kişi kimi döyüşüb, şükür, sağ- salamat qayıdıb.
- Siz öncə tamam fərqli sahə üzrə təhsil alırdınız. Necə oldu xanəndəliyə gəldiniz?
- Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Baza Energetika Texnikumuna daxil olmuşdum. Musiqi müsabiqəsi keçirilirdi və orada birinci yeri tutdum. O zamankı təhsil nazirimiz Lidiya Rəsulova dedi ki, sənin yerin bura deyil, sərəncam verdi, Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil oldum, Nəriman Əliyevin sinfinə, oradan da Konservatoriyaya. Beləcə, ömür yolum dəyişdi.
- Qarabağın suyunu içmiş hamıda səs var deyirlər. Ailənizdə səsi olan var idi?
- 10 uşaq idik. Səs bizə anamızdan keçmişdi. Böyük bacım oxuyurdu, el şənliklərinə gedirdi, ailə qurandan sonra dayandırdı. Peşəkar səviyyədə təkcə mən oxuyası oldum. (Bir az fikrə gedib davam edir.) Bizim zamanımızda indiki kimi imkanlar yox idi öyrənməyə. Gedirdik AzTV-yə, fonddan kasetlərə səsləri köçürüb qulaq asırdıq. Xan əmini, Seyid Şuşinskini dinləyirdik. İnformasiya az idi. Konsertlərin bəlli bir saatı var idi, onda da gah işıq sönürdü, gah da imkan olmurdu. Toylar ayrıca bir məktəb idi.
- İlk dəfə nə zaman toy idarə eləmisiniz?
- Toya ilk dəfə Asəf Zeynallıda oxuyanda rəhmətlik Yaqub əmiylə (xanəndə Yaqub Məmmədov) getmişəm. Rəhmətlik Hacıbaba Bağırovla, Yaqub əmiylə toya getmək məktəb sayılırdı.
- İndi toylara gedirsiniz?
- Çox az. Müəyyən çərçivədə. Toy adamı deyiləm. Mənimki səhnədir. Səhnədə içimi aça bilirəm, özümü rahat hiss edirəm. Toy o vaxtlar meydan idi, bir-iki gün davam edirdi, yeməyi ayrı yerdə yeyirdilər, musiqi ayrı mağarda ifa olunurdu. İndi bilmirsən toydu, yoxsa şou proqram. Robotlaşmışıq. Duyğu yoxdur, göstəriş var.
- Toyda çətin vəziyyətə düşdüyünüz olub?
- İlk vaxtlar əlbəttə olub. İstər bilik, istər səsin formalaşması, istər vəziyyətlərdən çıxmaq qabiliyyəti olsun. Xanəndə dərhal öyrənmir, 4-5 ilə yetişir. İnformasiya çox olmalıdır, səsini nizamlamalısan, qulaq asmalısan, qaval çalmalısan, xanəndə liderlik edib tar kamançanı arxasınca aparmalıdır. Bir dəfə Gülyanaqla getmişdik, II kursda oxuyanda. Xam vaxtlarımız idi. (Bu yerdə gülümsəsə də, xatirəsini danışmır). Sonralar da çox getdik Gülyanaqla. Tələbat var idi. İndiki kimi çox oxuyan yox idi. Mən operada işləyirdim, qızım dünyaya gəlmişdi. İnanın o qədər tədbirlərə, ora-bura göndərirdilər, uşağın qırxı çıxmamışdı, gəzirdim, bilmədim uşağı harda necə böyütdüm. Doğru-düzgün qulluq edə bilmirdim.
- Söz yox ki, siz özünüzü təsdiqləmisiniz. Amma hansı daha rahat idi. Tələbat çox olanda, yoxsa müğənni çox olan vaxtı?
- Çoxluq o demək deyil ki, hamı sənətkardır. Gündəlik tələbatı ödəmək iş deyil. Ümumiyyətlə, 15 dəqiqəlik oxumaq xanəndə üçün hünər sayılmaz. Ustadlarımız muğamı dildən-dilə ötürüb, qoruyub bizə verib. Biz də qoruyub gələcəyə verəcəyik.
- Səsinizdə yanğı var, izahı olmayan yanğı.
- Bəlkə də gəncliyimin çox ağır illərə düşməsindən, mühitdən olub. İfaçı gərək özü yansın ki, qarşısındakını da təsirləndirsin. 30 ildə iki müharibə gördük, qaçqınlıq həyatı yaşadıq. Cavan qardaşlarımız şəhid oldu, yuvamız dağıldı. Birini tapanda birini tapmırdıq. Bu ağrılı ömürdür. İfaçı öz həyatını oxuyur, öz ömrünü səsinə verir. Mənim də səsimdə həyatımın ağrıları var.
- Bəs gözlərinizdəki ağrının, kədərin sirri nədir? Necə deyərlər, sanki qan qussanız da, qızılcıq şərbəti içdim deyirsiniz.
- Nə qədər gizlətsək də, gözlər yanıltmır insanı. Gözləri gizlətmək olmur. İnsanlar var çox şeyi boş buraxmağı bacarır, mən bacarmıram... Hər kəs kimi mənim də dərdim, sərim var. Xanəndə də insandır, ağırlıq canımda qanımda oturub. Sənət dostlarım var, elə zarafatlar edirlər mən bunu yüz il qalsa, edə bilmərəm
- Oxumaqdan bezdiyiniz olub?
- Olub. Mənim repertuarımda şən musiqilər yoxdur, çalışıram edəm amma alınmır. Canıma qanıma hopub. Peşəkarlıq tələb edir, nəyisə oxumalı olursan. Amma ruh halımda o yoxdur. Bəzən aylarla oxumağım gəlmir, bəzən yalnız lirika istəyirsən ifa edəsən. Müğənni ömrü asan deyil. Bəzən sənin yasın, matəmin olur, amma sənin işin budur sən yenə oxumalısan. Oxuyanda bəzən qınayırlar. Amma bu da bizim işimizdir. Bir ildir heç nə lentə yaza bilmirəm. İçimdən gəlmir. Tədbirlərdə və ya işdə peşəkarlığın verdiyi hünərlə oxuyursan. Amma bu o deyil.
- Zöhrə xanım oğlunu itirdi bir yolluq susdu, Fatma Mehralıyeva da həmçinin. Bir ailə faciəsi yaşadı və susdu, Nazpəri xanım döndü...
- Nazpəri xanıma mən də çox yazıb xahiş etmişdim ki dönsün. Demişdim ki, siz bizim səhnəmizin günəşisiniz. Bu bizim işimizdir. Necə ki, müəllim, həkim hər bir halda öz işini görməlidir, müğənni də elə. Bu sənət hər kəsə verilməyən töhfədir. Gərək qədrini biləsən.
- Ömrünüzün melodiyası, mahnısı hansı mahnıdır?
- Cəfər Cabbarının sözlərinə yazılmış “Gərək günəş dağları aşıb sönməyəydi”, “Yandım elə yandım”, “Qal sənə qurban”, Siyavuş Kəriminin “Ömrümün istəyi” Bunları çox ürəkdən oxumuşam, onlarda taleyim var.
- Milli Konservatoriyanın müəllimi , səhnədəki xalq artisti və evinin xanımı Nəzakət. Bu üçünün bir-birindən çox fərqi var?
- Mən səhnədə öz dünyamda oluram. Səhnə mənim üçün hər şeydir. Bəzən öz konsertlərimə baxanda fikirləşirəm ki, bunu mən etmişəm? Sanki səhnədə məni kimsə idarə edir. Operada 7 rol oynamışam. "Leyli və Məcnun"da Leyli, “Aşıq Qərib"də Şahsənəm, "Gəlin Qayası"nda Gülbahar, "Natavan"da Xanəndə qız, "Vaqif"də Xanəndə qız, "Koroğlu"da Xanəndə qız rollarını ifa etmişəm. Səhnə heç nə ilə əvəz edilə bilməz. O başqa nir dünyadır.
- Həyat yoldaşınız sizi ailə və sənət arasında seçim qarşısında qoysaydı nə edərdiniz?
- Biz mən Asəf Zeynallıda oxuyanda tanış olmuşuq. O bilirdi kiminlə evlənir. Təbii ki qısqanclıqlar olub. İnsanı tanıyandan sonra güvən yaranır. O da tanıdı, əmin oldu və seçim etmək söhbətlərinə gərək qalmadı.
- Bu sənətin adamıdır?
- Yox
- Dəstək oldu?
- Dəstək də bir yerə qədər ola bilər. Özündə qabiliyyət olmasa və Allah yol açmasa olmur. Bu sənətə gərək zəhmət verəsən. Allah yaxşı insanlara rast eləsin və işin avand olsun. Yoxsa əndamına görə qiymət vermirlər.
- İndi elə əndama görə yer tutanlar var...
- Nə deyim? Bizim sənətdə səs önəmlidir.
- Məşhur mahnıda deyilirdi: “Mən təzədən gələrəm sevmək üçün həyata”. Siz nə üçün gələrdiniz?
- Bu sənət mənə çox şey verdi, dünyanı gəzdim, az-çox hörmətim varsa sənətimin sayəsindədir. Mən sadə bir ailənin sadə övladıydım. Hər şeyə dırnağımla qaza-qaza nail olmuşam. Ona görə, “bu sənətə gəlməzdim”, “müğənni olmazdım” kimi söhbətlər eşidəndə mən anlamıram. Özümüzü sevək. Səsi də Allah hər kəsə vermir. Biz böyük irsin daşıyıcılarıq. Bizim sinifdən bir Zabir Nəbizadə, bir mən gəldik çıxdıq. Pərən-pərən olduq. Asan deyil bir yerlərə gəlib çıxmaq, insanların sevgisini qazanmaq. Gecə-gündüz əmək verməlisən, özünü yeniləməlisən. Bizim göstəricimiz konsertlərimizdi. Yəqin dünya bir də gəlsəydim, yenə bu peşəni seçərdim
- Öncədən konsert və ya hansısa ciddi bir tədbir planlaşdırılıb, amma həmin gün səs batıb. Onda nə edirsiniz?
- Xanəndə peşəkarlarla çalışmalıdır. Peşəkar sazəndələr olmalıdır, səhnədə səni gözündən anlasın. Səs teli çox incədir, anidən itə bilər, problem yarana bilər. Çalışırıq konsertlər öncəsi özümüzə diqqət edək. Nəsə olanda da nə bilim vallah, güc bəlayla yola veririk.
- Deyirlər çiy yumurta içmək səsi açır. Düz deyirlər?
- Səs yoruldusa, heç nəyin xeyri yoxdur. Alkoqollu içki, soyuq su, acı yemək olmaz.Gərək səsə qulluq edəsən.
- Kimin ifasını dinləməyi sevirsiniz?
- Gündəlik qulaq asdığım ifaçı yoxdur. Dinlədiyim musiqi də ruh halıma baxır. Klassik də ola bilər, müasir də. Axır vaxtlar simfonik əsərləri çox xoşlayıram. Fikrət Əmirovun əsərlərini dinləyirəm.
- Kiməsə borclusunuz?
- Allaha və valideynlərimə.
- Sizə borclu olanlar var?
- Gücüm çatandan kömək eləmişəm. Heç o adam bilmir ki, bunu ona mən elədim. Üzə vurmağı sevmirəm. Allah yolunda edirəm.
- Bir az da qızınız barədə danışaq...
- İnsanın qızının olması gözəl duyğudur. Yaxşı ki, ömrümdə var.
İndiki cavanlar çox fərqlidirlər. Çox şey öyrənirəm ondan, zəmanə çox dəyişib e. Beynəlxalq əlaqələri bitirib, indi İqtisad Universitetində magistraturanı oxuyur. Nigara hər zaman deyirəm ki, mən kənddən gəldim, müharibə vaxtıydı, dırnağımla qaza-qaza həyatda özümə yer tutmağa çalışdım, amma sən rahat bir həyat yaşayırsan. Ona görə mükəmməl təhsil almalısan və övladlarına da bunu verməlisən. Çox çalışdım ki, Azərbaycana yararlı bir övlad olsun.
- Səhnədə ən yaxşı Məcnun olaraq kimin adını çəkə bilərsiniz?
- Mənsum İbrahimovla səsimiz çox ahəngli idi. Tamaşaçılar bizi bir-birimizə çox yaraşdırırdılar. Kassaya işləyirdik. Biz oxuyan gün zal dolurdu. Dəfələrlə birlikdə xaricə qastrollara getdik, hətta UNESCO səhnəsinə çıxdıq. Bir başqası ilə oxuyanda dinləyici bunu qəbul etmirdi.
- Kassaya işləyirdiniz dediniz. Ayrıca bir mükafat filan verilirdi?
- Biz ikimiz də prezident mükafatçısı olmuşuq. Adımız bütün tədbirlərdə birinci çəkilirdi.
- Xeyli çəki itirmisiniz. Buna necə nail oldunuz?
- Səhnədə olan adam diqqət etmək məcburiyyətindədir Sağlamlığa görə və səhnədə formada görünmək üçün pəhriz saxladım. 2 ildir çəkiyə nəzarət edirəm.
- Özünüzü 3 kəlmə ilə necə ifadə edərdiniz?
- Birincisi sadə insan olaraq. Tələbələrimə də deyirəm, öncə insan olun, sonra sənətkar. İkinci heç kimin haqqını yeməyən. Bir də ömrüm boyu çalışdım hər şey yerli-yerində olsun.