1993-cü ildə “Təhminə və Zaur” filmində “Təhminə” obrazına çəkilən türkiyəli aktrisa Meral Konrat 30 il sonra ölkəmizdə yeni filmə çəkilib. Film komediya janrındadır. Onunla yanaşı, filmdə aparıcılar Elgiz Əkbər və Pərvanə Tahirqızı, müğənni Xatun və başqaları çəkilib.
Lent.az xəbər verir ki, martın 18-i kinoteatrlarda nümayiş olunacaq film barəsində indidən sosial mediada tənqidi fikirlər səsləndirənlər var.
Tənqid edənlərdən biri də tanınmış yazar Ömər Xəyyamdır. O, Lent.az-a açıqlamasında aktrisa barəsində deyib:
“Bu qadın elə böyük bir istedada malik aktrisa deyil. Ola bilər ki, 90-ların nostaljisi olduğuna və filmin büdcəsinin azlığına görə, yaxud da çox reytinqi olan bir aktrisa gətirə bilmədikləri üçün Meral Konratdan istifadə ediblər. Belə bir variant da hesab etmək olar ki, Meral unudulmuş bir aktrisadır. Qonorar və ya evlə təmin olunması qarşılığında filmə çəkilib.
Məndə olan məlumata görə, onun Türkiyədə nə teatr, nə film sahəsində uğuru yoxdur. Elgiz Əkbər ona kömək edib, evlə təmin olunmasını insanlardan xahiş edib.
Əlbəttə, aktrisa hər rolu canlandıra bilər, qəbahət deyil. Fəqət, o boyda ekran işindən Elgizə, Xatuna düşmək... Mən nə Elgizi, nə də Xatunu aşağılayıram. Özləri bilərlər. Sözüm ondadır ki, adam gərək vaxtında ölə; vaxtında və urvatlı”.
Kino-tənqidçisi, yazar Sevda Sultanova isə film haqqında səsləndirilən tənqidə bu cür reaksiya verib:
“İndidən tənqid olunan “Elçilik” filmi hələ nə nümayiş olunub, nə də qala gecəsi keçirilib. Yayımlanmayan bir film haqda necə tənqidi fikir söyləmək olar?
Əgər tənqid olunan Meral Konratla Elgiz Əkbərin eyni filmdə çəkilərək tərəf müqabili olmasıdırsa, bunu ciddi arqument saymıram. Məsələ kino sahəsində təcrübəsi olmayan aparıcı və ya müğənninin peşəkar aktyorla çəkilməsində deyil. Məsələ rejissorun şou adamlarını filmində necə istifadə etməsindədir, yəni nə qədər onların təyinatı doğru seçilib? Dediyiniz filmi izləmədiyimdən, bu suallara cavab verə bilməyəcəyəm.
Filmin mövzusuna gəlincə, treylerə baxanda belə anladım ki, süjet evlilik məsələlərindən bəhs edir. Evlilik, toy, elçilik və s. cəmiyyətimizdə, mental mədəniyyətimizdə önəmli yer tutur. Prodüserlərin də əsasən, bu kimi süjetlərə meyl etməsi kassa yığmaq baxımından anlaşılandır. Lakin yenə də vacib olan budur ki, rejissor ənənəvi mövzunu necə yozumda verir, əhvalat nə qədər maraqlıdır, hansı mühüm nöqtələrə toxunur? Yoxsa, sadəcə klişelər üzərində qurulub? Bunu isə film nümayişə çıxandan sonra biləcəyik”.