Yanvarın 13-də dünyanın bir çox ölkələrində Köhnə Yeni İl qeyd edilir. Tarixi 100 ildən bir qədər çox olan bu bayram necə yaranıb?
Lent.az “Belə yaranıb” rubrikasında maraqlı faktları diqqətinizə çatdırır.
Filologiya elmləri doktoru Mariya Solovyevanın Köhnə Yeni İlin yaranma tarixçəsi barədə araşdırmasına əsasən, Köhnə Yeni İlin yaranması 1918-ci ildə Rusiyada Bolşevik hökumətinin təqvimləri dəyişdirməsi ilə başlayıb. Çar Rusiyası Yulian, Avropa isə Qriqoriyan təqvimi ilə yaşayırdı. Yulian təqvimi qədim Misir astronomlarının hesablamaları əsasında aparılırdı, Qriqoriyan təqvimi isə daha dəqiq təqvim hesab edilirdi. Bu təqvim XVI əsrdə kainat barədə daha yeni bilgilər əsasında yaradılmışdı. Köhnə Yeni İl Yanvarın 13-dən 14-nə keçən gecə daxil olur.
Yulian və Qriqoriyan təqvimləri arasında 13 gün fərq var. Təqvim dəyişsə də, Rusiyada bir çoxları yeni ili yanvarın 13-də qeyd edirdi, çünki onlar üçün tarix əvvəlki qaydada donub qalmışdı. Beləcə, böyük təmtəraqla qeyd edilməsə də, Köhnə Yeni İli qeyd etmək ənənəsi yarandı.
Əvvəllər yalnız Sovet İttifaqı məkanında qeyd edilsə də, indi demək olar ki, şənlənməyi seçən insanlar yanvarın 13-də yenidən yeni ilə girirlər. Yunanıstan, Serbiya, Montoneqro, Əlcəzair və Tunisdə Köhnə Yeni İl xüsusilə qeyd olunur.
İsveçrədə yanvarın 13-də bu gün müqəddəs Silvestr günü kimi qeyd olunur, insanlar maskarad geyimlərində küçələrə çıxırlar. Makedoniyada da həmin gün karnaval təşkil olunur. Britaniyanın Uels qraflığında yanvarın 13-də Xen Qalan bayramı qeyd olunur ki, bu da yeni ilin gəlişi ilə əlaqədardır. Həmin gün uşaqlar qapıları döyüb bizim Novruz bayramında olduğu kimi şirniyyat toplayırlar.