Hər il xarici ölkələrin istehsalçı şirkətləri çəkdiyi saysız-hesabsız seriallarla reytinqləri üstələmək, bazarı tutmaq üçün sərmayə qoyur. Sonradan həmin serialları dünya bazarına çıxararaq, milyardlarla gəlir əldə edirlər. Hətta elə seriallar var ki, bir neçə bölümü yayımlandıqdan sonra xarici ölkələrə satılır. Əlbəttə ki, Azərbaycanda da seriallar çəkilir. Janrından asılı olmayaraq teleseriallar reytinq üzrə ən baxımlı televiziya layihəsidir.
Maraqlıdır bəs, bu gün yerli seriallarımız kifayət qədər izlənilirmi?
Ümumiyyətlə, yerli seriallarımızın reytinq vəziyyəti necədir?
Ssenarist Elxan Xanəlizadə Lent.az-a açıqlamasında bildirib ki, yerli seriallarda xüsusilə ssenari problemi yaşanır: “Bundan əlavə, serialların keyfiyyətcə aşağı olması maliyyə azlığından irəli gəlir. Azərbaycanda reklam bazarı kiçik olduğuna görə, işlər də böyük büdcəli olmur. Serialın keyfiyyətinə gəldikdə isə ssenari problemi, aktyor seçimi, maddi-texniki təchizat öz təsiri göstərir.
Hazırda daha çox yerli və ya xarici serialların izlənildiyini deyə bilmərik. Amma Azərbaycan televiziyalarında nümayiş olunan seriallar içərisində daha çox yerli seriallar üstünlük təşkil edir”.
Yerli seriallarımızda müəyyən çatışmazlıqların olduğunu deyən rejissor Valeh Əhmədov bildirib ki, ildən ilə seriallarımız bir az daha püxtələşir:
“Müəyyən göstəricilərə nəzər yetirsək, Azərbaycan seriallarının həddindən artıq populyar olduğunu görə bilərik. Artıq yerli telekanallarda xarici serialların yayımlanmasına icazə verilir. Bu gün artıq yerli seriallar xarici serialları üstələyir. Düşünürəm ki, yerli seriallar kifayət qədər izlənilir.
Azərbaycan reklam bazarı bir az daha genişlənsə və inkişaf etsə, seriallara daha çox sponsorlar cəlb olunsa, keyfiyyəti daha yaxşı olar. Xarici seriallarla yerli serialları müqayisə etsək, müəyyən qədər öhdəsindən gələ bilmirik. Düşünürəm ki, zamanla bu problemlər də həll olunacaq”.
Arzu Qurbanlı