O dünyanın ən qəribə taleli adamlarından biridir.
Lent.az “Bir ulduz axdı” layihəsində amerikalı yazıçı, nüfuzlu “Pulitzer” və “Nobel” mükafatları laureatı Ernest Hemenqueyi xatırlayır.
Hemenquey 1899-cu il 11 iyulda Çikaqo yaxınlığında doğulmuşdu. Anası opera müğənnisi, atası həkim idi.
Əsas ixtisası jurnalistlik olan Heminqeuy üç müharibədə iştirak edib. Amma əsgər kimi yox.
Yazıçı I Dünya müharibəsi, İspan Vətəndaş Müharibəsi və II Dünya Müharibəsində olub, jurnalist kimi oradan ən isti xəbərləri mətbuata ötürüb.
I Dünya müharibəsində İtaliyada Qırmızı Xaç təşkilatının təcili tibbi yardım maşını sürüb, ayağından yaralanıb. Əsərlərində müharibə epizodlarının çox canlı təsvirinin verilməsi də müəllifin öz gözü ilə gördüklərini yazmasıydı.
Bir yerdə dayanmağı sevmirdi. Həyatını bütün var gücü ilə macəralarla doldurmağa çalışan bu adam Paris, Ki-Uest, Kuba, Toronto, Çikaqo və digər şəhərlərdə yaşayıb, 4 dəfə evlənib. İçki aludəçisi və ov həvəskarı olub. Ov etməyən, heyvan öldürməyən adamların ət yeməyə haqqı olmadığını düşünürmüş. Bir dəfə bir gündə 400 dovşan ovladığını, hər balığa çıxdığında 2000 balıq tutduğunu yazırdı.
"Yazıçıya nə mane olur? İçki, qadınlar, pul və şöhrət. Eləcə də içkinin, qadınların, pulun və şöhrətin olmaması" Heminqueyin həyat devizi bu idi.
Şöhrətin onu qanadlarına aldığı zamanlarda Afrika savannalarını özünə məskən seçib.
Anası 4 yaşına qədər Heminqueyi qız kimi geyindirib, uzun saçlarını hörüb. Bu uşaqlıq travmasını adlada bilməyən yazıçı həyatı boyu hamıdan daha “kişi”, “maço” olmağa can atıb. Davakar bir obraza bürünüb.
Onun haqqında bir rəvayət var. Bir gün sadəcə 6 sözdən ibarət tam məzmunlu hekayə yazmaq barədə bəhsə girir və yazır. “Uşaq ayaqqabıları satılır. Heç geyinilməyib” .Bu cümlə yaşanmış bir acının ən lakonik məzmunuydu.
Deyilənə görə, hər gün getdiyi bardan unitaz (pisuar) oğurlayıb evinə gətiribmiş. Səbəbini soruşanda “onun içinə çox pul axıtmışam” deyibmiş.
Onun qəzet köşəsində paylaşdığı almalı keks sonra bahalı əsər kimi hərraca çıxarılmışdı.
30-cu illərdə Heminquey yaradıcılığında müəyyən geriləmə nəzərə çarpırdı. Bunun da səbəbi "müvəffəqiyyətdən başı gicəllənən" yazıçının "ulduz xəstəliyinə" tutulması və özünü "əsl maço" kimi aparması idi. İspan korridasına maraq, Afrikada şir ovuna çıxmaq və digər ekzotik əyləncələr əslində Heminqueyin cəmiyyətdə olduğundan fərqli görünmək arzusundan irəli gəlirdi.
“Qoca və dəniz" povesti "İnsanı məhv etmək olar, amma məğlub etmək mümkün deyil" ideyasını əsas götürmüşdü. Bu povest yazıçıya yenidən sönməkdə olan şöhrətini qaytardı. "Qoca və dəniz" “Nobel” və “Puliser” mükafatına layiq görüldü
O, bir dəfə şarbon virusuna yoluxub sağalıb. Bir dəfə ölümcül qızdırma, bir dəfə dəri xərçəngi, bir dəfə vərəm xəstəliyinə tutulub, sağalıb. Koridoda 3 dəfə öküzlərdən ağır zərbə alıb, böyrəyi və dalağı yırtılıb, onurğası qırılıb. Uşaqkən boğazına şiş uclu dəmir batıb, hepatit xəstəliyindən sağalıb. Afrikada yaşayarkən iki dəfə təyyarə qəzasından sağ çıxıb.
Bütün bu ölümlərdən qurtaran adam sonda özünü tüfənglə güllələyərək öldürüb. 5 il ölümünü qəza kimi qələmə versələr də, sonunda böyük yazıçının özünün öldürdüyünə dair etiraf məktubu qəzetlərdə dərc edilib. Hemequeyin atası və bacısı, qardaşı da bir zamanlar həyatlarına intiharla son vermişdilər.