Həbsdə yatdı, bir qıza görə ağladı, Türkiyənin ən güvənilən insanı kimi tanındı
15 fevral 2023 18:27 (UTC +04:00)

Həbsdə yatdı, bir qıza görə ağladı, Türkiyənin ən güvənilən insanı kimi tanındı

Türkiyədə Rok musiqisinin ən tanınan siması Haluk Leventin adını bu günlər çox eşidirik. Müğənni kimi yox, zəlzələ bölgəsinə aparılan yardımların kordinatoru kimi görürük onu. Haluk Levent ən çox xeyriyyə konsertləri verən, ən çox yardım göstərən və ən güvənilən insan kimi tanınır. Bir mənada çoxlarının qısqanclığı ilə də üzləşir. Bəs əslində o kimdir? 

Lent.az “Göz önündə” layihəsində rok musiqiçi Haluk Levent barədə danışacaq.

Onun soy adı Acildir. Təcili mənasını verən bu soyadla Halukun gələcək missiyası, qədər-qisməti yazılmışdı sanki. 1968-ci il noyabrın 26-da Adananın Yüregür qəsəbəsində doğulub. Adana Atatürk liseyini bitirdikdən sonra, müxtəlif illərdə 6 dəfə ali məktəblərə daxil olsa da, heç birini başa çatdırmayıb. Səbəb sadəydi, ailəsinin maddi sıxıntıları.

İmtahanlarla keçən bu illər içində ticarətlə məşğul olan gənc Haluk bu sahədə heç bir uğur qazana bilməyib və məmləkətindən ayrılıb. 

1992-ci ildə İstanbula gəlib müxtəlif barlara musiqiçi kimi işləməyə başlayıb. Elə bununla da musiqi aləmində yolçuluğu başlayıb.

İlk rok kasetləri uğurla satılmağa başladı, Haluk Levent yeni bir axımın əsasını qoymuşdu. İkinci albomu “Bir gece vakti” bir milyondan çox satışla rekor qırdı. “Arkadaş” albomu isə dünyada yayıldı, Haluk Levent bu albomu haqqında “dünya standartında bir iş görmüş oldum” deyə fikir bildirmişdi.

1997-ci ildə batırmış olduğu biznesindən qalan borcları səbəbilə həbs olundu və 9 ay cəzaçəkmə müəssisəsində qaldı. Həbsdə olarkən “Məktub” adlı albomumu və “Pişik körpüsü adlı kitabını yazdı. 

 Azadlığa çıxdıqdan sonra rokçu Anadolunun ən ucqar nöqtələrinə gedərək konsertlər verdi,  xalqın ən kasıb təbəqələrini belə bağrına basmağı bacardı. Bu konsertlərlə yanaşı o fəal şəkildə ictimai işlərlə məşğul olur, ekoloji problemlərə diqqət çəkir, müxtəlif aksiyalarda iştirak edirdi. 

İllərlə Türkiyəni qarış-qarış gəzən musiqiçi xalqın sevgisini, güvənini qazandı, harada yardıma ehtiyacı olan insan varsa bağrına basdı, dəstək verdi, konsertlərindən gələn gəlir hesabına yüzlərlə insanı himayəsinə aldı, özü oxuya bilmədiyi universiteti başqalarına oxutdu, kasıblıq səbəbilə arzusu ürəyində qalan adam yüzlərlə gəncin ali təhsil almasına kömək etdi. İndi söz düşüb soruşulanda mənim 200-dən çox diplomum var deyir. 

Haluk Leventdən danışarkən onun “Elfida” mahnısının hekayəsindən danışmasaq olmaz. Milyonlarla insanın ürəyini isidən bu üsyan və acı dolu mahnı qan xərçəngindən əziyyət çəkən 8 yaşlı Bəyaz adlı bir qıza həsr olunub. 15 il öncə Bəyazın müalicə xərclərini üzərinə götürmüş musiqiçiyə uşağın həkimi bir gün  ağır xəbər verir. “Onu gözdən çıxar, Haluk, bu qız yaşamayacaq”. Haluk Levent balaca qızı qucaqlayıb hönkür-hönkür ağlayır. Günlərlə xəstəxanadan ayrılmır, “Elfida” mahnısını yazıb elə bu balaca qızın özünə oxuyur. Elfida sözü gözdən çıxarılmış, unudulmuş mənasını verir. Beyaz mahnının özünə yazıldığını əlbəttə bilmirdi və bir neçə gün sonra elə bu musiqinin sədaları altında dünyadan quş kimi uçub getdi. Beyazın ailəsi Haluk Leventin xahişi ilə yeni doğulan qızlarına “Elfida” adını qoyublar. Haluk Levent “Elfida” mahnısının satılmasına və başqaları tərəfindən oxunmasına qarşıdır.

Bu günlərdə Haluk Levent təsisçisi və rəhbəri olduğu AHBAP İctimai Təşkilatının işi ilə daha çox gündəmə gəlir. Bu qurum 2017-ci ildə təşkil olunub. Sosial şəbəkədəki milyonlarla izləyicisinə yardım təşkilatı olaraq bir araya gəlməyi təklif edib və hər kəs könüllü şəkildə məmnuniyyətlə Anadolu Halk və Barış Platformasına (AHBAP) qoşulub. Platformanın Türkiyənin ən müxtəlif nöqtələrində üzvləri var. Onlar bir çağırışla ən ucqar nöqtələrə yardım apara, ən əlçatmaz yerlərdəki kömək gözləyən insanlara əl uzada bilirlər. 68 şəhərdə şəbəkələri qurulan AHBAP 6 fevralda Kahramanmaraşda baş verən zəlzələyə ilk yardıma gedən təşkilat oldu. Minlərlə insana qucaq açdı, milyonlarla dollar yardım toplayıb, onu ən şəffaf şəkildə təqdim etməyi bacaran bu quruma bəzən qısqanc yanaşmalar da var. Haluk Leventin siyasətçilərdən, nazirlərdən, deputatlardan daha güvənilir adam sayılması  bəzi dairələrdə xoş qarşılanmır. O isə “mən dövlət qurumları ilə çalışıram. Məqsəd mənim adımın yüksəlməsi deyil. Zərərçəkmiş insanlara ən təcili şəkildə yardımların çatdırılmasıdır” deyir.

AHBAP sosial yardım, heyvan haqları, insan yardımları, təbii fəlakətlər zamanı koordinasiya kimi sahələrdə ixtisaslaşmış güclü bir təşkilata çevrilib. 2021-ci ildə Türkiyə hökuməti bu təşkilatı “Ən yaxşı dərnək” statusu verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4599
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar