Hər kəs bu aktrisanı şən, şaqraq, dərdsiz - qəmsiz biri kimi tanıyırdı. Hamı jarqonla danışan, kobud, acıdil bir qadın kimi təsəvvür eləsə də, əslində dərdlərin öldürməyib gücləndirdiyi, həyatın vurduğu qamçılara rəğmən gülən qadın idi Mürüvvet Sim.
Lent.az “Sönən ulduzlar” rubrikasında “Yeşilçam” əfsanəsi, bir çox filmlərin dəlisov qadını Mürüvvet Simi xatırlayır.
“1929-cu ildə Tekirdağın Böyükyoncalı kəndində tarlada doğulmuşam. Anam taxıl biçərkən tək - tənha dünyaya gətirmişdi məni. Oraqla göbəyimi kəsib, köhnə şalvarına büküb atının tərkinə atmış, evə gətirmişdi”.
Mürüvvet Sim acılarla dolu ömrünün başlanğıcını belə təsvir eləmişdi verdiyi müsahibələrdən birində.
“Kasıb bir ailə idik. Mən lap kiçik ikən köçüb İstanbula gəlmişdi ailəm. Anam xidmətçilik, atam bağbanlıq edirdi. Mənə zaman ayırmağa vaxtları yox idi. Küçə pişiyi kimi öz başıma böyüyürdüm. Dəcəl, ipə - sapa yatmayan bir uşağa döndüyümdən “Qorxunc Mürüvvət” ləqəbini almışdım.
Hansı evdə balıq bişsə, özüm özümü o və dəvət edib gedib yeyirdim. Ev sahibi narazılıq edəndə qapılarını daşlayır, pəncərələrini qırırdım. Qonşularımız başları bir saat dinc olsun deyə, öz aralarında pul toplayıb, tez-tez kinoya bilet alardılar mənə. Elə belə - belə aktyorluğa, filmə həvəsim yarandı. Həmin qonşularım yenə başları dincəlsin deyə, adımı ibtidai məktəbə də yazdırdılar. 4 il oxudum, bitirdim”,- deyərmiş aktrisa. Maraqlıdır ki, İlker İnanoğlunun baş rolda oynadığı “Yumrucak” filminin süjeti onun həyatından götürülüb. Aktrisa uşaqlığı barədə danışarkən rejissor belə bir film çəkmək istəyib. Başqa sözlə desək, yetim Yumrucağın həyatı Mürüvvet Simin həyatıdır.
Məşhurlaşdıqdan sonra ata - anasnı sultanlar kimi yaşatmışdı. Lakin sultanlığı çox sürməmişdi. Amma bu barədə bir qədər sonra.
Boş zamanlarında hey yelək hörərmiş. Yun saplarla, hörgü mili əlindən düşməzmiş. Düz 38 il tanımadığı uşaqlar üçün yelək hörüb. Bunun da bir hekayəsi var.
Balaca Mürüvvet küçədə uşaqlarla oynayarkən, hər kəsin anasının “çox qaçma, tərləyərsən” deməsinə həsəd aparırmış. Analar gəlib öz tərli balalarının çiyninə bir yelək salınca, o əməlli - başlı üzülər, boynunu büküb baxarmış. Anasının onu düşünməməsi, zaman ayıra bilməməsi balaca qızda çox böyük travma yaradıbmış. Ona görə, məşhurlaşınca çoxlu yelək hörüb küçədəki səfil uşaqlara paylayıb. İçindəki kədəri bununla söndürmək istəyib.
Dəcəl uşaqlıq illərində quduz köpəyin dişləməsi nəticəsində quduzluq xəstəliyinə də tutulur. Lakin sağalır. Həyatın gücləndirdiyi balaca qız bütün problemlərinin öhdəsindən tək gəlməyə başlamışdı. Hətta ibtidai sinfi bitirdikdən sonra, orta məktəbə yazılmaq üçün özünə valideyni də özü seçmişdi. Həmişəki kimi oxumaq, yazmaq qabiliyyəti olmayan kasıb valideynləri iş başındaydı. O isə məktəbə gəlmiş, kostyum geymiş, səliqəli bir kişiyə yanaşıb “veli”si (valideyn) olmağı xahiş etmişdi. Balaca Mürüvvətin cəsarətindən, zəkasından xoşlanan adam o məktəbi qurtarana qədər valideyni kimi bütün iclaslarına gəlirmiş.
Məktəbi bitirdikdən sonra, axşamlar sənət məktəbinə gedən balaca qız xalq teatrına da yazılır. Bütün tamaşaları, rolları əzbərləyən Mürüvvətin bəxt üzünə 16 yaşında gülür. Bir gün tamaşada baş rol oyunçusu xəstələnib gəlməyincə, onun rolunu əzbər bilən Mürüvvət səhnəyə çıxır və beləcə ilk dəfə adından söz etdirir. Sonralar kinorejissorlar da onu görüb bəyənir, ikinci dərəcəli rollara çəkirlər. Beləcə kino aləmində Adile Naşitin rəqibi kimi tanınmağa başlayır.
İlk dəfə elə 16 yaşında teatr aktyoru Suat Sim ilə evlənir. Bir oğlu dünyaya gəldikdən sonra aktyordan boşanır. İkinci evliliyi dublyaj ustası Timurçin Çaymazla olur. Bu evlilikdən də bir oğlu doğulur və ailə yenə yarım qalır. Mürüvvetin əri qorxunc xəstəliyə tutulur, onu xilas eləmək üçün əlində - ovcunda nə varsa, hər şeyini satır, evsiz-eşiksiz qalır. Amma ərini qurtara bilmir.
İki oğluna baxmayaraq, Mürüvvet Sim onlardan yarımr, bala çörəyi yemək qisməti olmur. Böyük oğlu yetkinlik yaşına çatan kimi Almaniyaya işləməyə gedir. Türkiyədə kinonun böhran yaşadığı illərdə məşhur aktrisa maddi sıxıntılar çəkir. Pul qazanmaq üçün gah lotoreya bileti satır, gah da lodosçuluq edir. Lodosçuluq da bir ayrı hekayəsi olan sənətdir. Güclü küləklərin dənizə apardığı əşyaları tutub sahilə çıxarar, dəyər - dəyməzinə satardı. Bundan utanmaz “ayıb deyil, çörək pulu qazanmalıyam” deyərdi. Ömrünü bax beləcə kasıbçılıq içində başa vurdu. Çiləsi öləndən sonra da bitmədi gözəl aktrisanın. Gorbagor olmaq da yazılmışmış taleyinə. Bir gün məlum olur ki, aktrisanın 32 illik məzarı boşaldılıb, onun nəşi Zincirlikuyudakı məzarlıqdan Pendikdəki kimsəsizlər məzarlığına köçürülüb. Almaniyadakı oğlu bunu Türkiyədəki səfil həyat sürən ögey qardaşının etdiyini düşünürdü, bahalı məzar yerini satıb anasının məzarından qazanc əldə etdiyini iddia edirdi. Məhkəmə davası açmış, anasının nəşinin Pendikdəki məzarlıqdan çıxarılıb yenidən köhnə məzara gətirilməsini tələb etmişdi. Lakin köhnə məzarda artıq başqası yatırdı.
Bu dünyadan, nə sağkən, nə ölümündən sonra dinclik tapa bilməyən bir qadın keçdi. İçi özünü, çölü özgələri yandıran Bir Mürüvvet yaşadı bu dünyada.