Forumla yaradıcılıq gecəsini səhv salanlar - Sevda Sultanova yazır
15 aprel 2023 15:50 (UTC +04:00)

Forumla yaradıcılıq gecəsini səhv salanlar - Sevda Sultanova yazır

Teatr forumu haqda və kino adamlarından acizanə xahiş

Mədəniyyət Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Teatr forumunda, nazirlik teatr adamlarına, problem və təkliflərini səsləndirməsi üçün mümkün olan bütün şəraiti yaratmışdı. Özü də yüksək səviyyədə. Üstəlik, tədbir mediaya da açıq idi. Müşahidələrimdən bu qənaətə gəldim ki, yeni rəhbərlik, ümumən, mədəniyyət sahəsində müsbət dəyişikliklərin olmasında çox maraqlıdır.

Amma təəssüf ki, panel iştirakçılarının əksəryyəti qoyulan mövzu üzrə danışa bilmədi, predmetdən yayındılar, konstruktiv təklif və həll yolları səslənmədi. Panel iştirakçıları arasında nisbətən konkret, funksional danışan bir neçə adam oldu: İlham Rəhimli, İlqar Fəhmi, Ceyhun Dadaşov, Nicat Kazımov, Mikayıl Mikayılov, Mirbala Səlimli. Digər panel iştirakçılarının əksəriyyəti isə tədbiri öz yaradıclıq gecələri ilə səhv salıb, nə vaxtsa qazandıqları uğurlardan danışdılar.

Həmçinin, sual-cavab hissəsində, iştirakçıların çoxu təklif, sual səsləndirmək əvəzinə təfərrüatlı, əhəmiyyətsiz çıxışlar etdilər.

Moderatorlar barədə. Dörd moderatorun arasında müzakirəni keyfiyyətli aparan yeganə adam Elnur Kərimov oldu. Müzakirə zamanı vəziyyəti doğru dəyərləndirib adekvat suallar verir və müzakirəni idarə edə bilrdi.

Tədbirin birinci günü moderator olan və teatrdakı proseslərdən xəbərsiz olan Pərvin Nurəliyeva, müzakirəni Aşıq Pəri məclisinin manerasında aparırdı. Lirik ricətlər deyir, panel işitrakçılarını niyəsə uzun-uzadı tərifləyir, sual vermək istəyənlərin vaxtına girir və vaxt tapıb selfi də çəkirdi.

Əliqismət Lalayev özünü moderator kimi yox, Musiqili Teatrın direktoru kimi aparırdı. Müzakirəyə şərait yaratmaq əvəzinə özünün rəhbərlik etdiyi Musiqili Teatrı, orda çalışan rejissorları təriflədi, arada imkan tapıb zalda oturan bir neçə nəfəri tənbeh elədi, hətta bəzən panel iştirakçılarına imkan verməyib, sualları özü cavablandırdı.

Digər moderator teatrşünas Vəfa Mühacirova müzakirəyə radikal girişiylə yadda qaldı. O, zaldakıları danlayaraq, müzakirəyə qulaq asmadıqlarına görə qınadı. Vəfa xanım, zalda ona görə səs küy vardı ki, panel iştirakçılarınını çoxu maraqsız, mövzuya aid olmayan məsələlərdən danışırdı, özünü tərifləyirdi. Sizin moderator olduğunuz müzakirədə də qoyulan mövzular haqqında funksional, konkret nəsə səslənmədi.

Aprelin 20 və 21-də kino forumu keçiriləcək. Kino adamlarından çox xahiş edirəm, mövzudan danışın, predmetdən yayınmayın, fikirlərinizi, problemləri konkret ifadə edin. And olsun, Bunuelin ruhuna, nazirliyin yeni rəhbərliyinin sizin uzun uzadı təriflərinizə ehtiyacı yoxdur. Forum ona görə keçirilir ki, kinoun problemləri haqda danışılsın, təkliflər dinlənilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13485
avatar

Sevda Sultanova

Oxşar yazılar