Yəqin Asəf Zeynallı adını çox eşitmisiniz. Bəlkə bir çoxları ömrünün 23-cü baharında həyatdan köçmüş bu bəstəkarı tanımır, amma musiqi kollecinə verilərək əbədiləşdirilmiş adını və məşhur “Ölkəm” romansını mütləq eşidib.
Lent.az bu gün bəstəkar Asəf Zeynallını xatırlayır.
Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə doğulub. 11 yaşı olanda ailəsi Bakıya köçüb. Bakıda musiqi texnikumunu və konservatoriyanı bitirib. Gənc yaşlarından musiqi müəllimi kimi fəaliyyət göstəririb və tanınmış bəstəkarlar Tofiq Quliyevlə Qara Qarayev onun tələbələri olublar.
Cəmi 23 il ömür sürüb. Lakin bu ömrə böyük işlər sığdıra bilib. O el- el , oba – oba gəzib xalq mahnılarımızı toplayıb, nota köçürüb. "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub.
Vətəni qarış - qarış gəzərkən gözəlliyinə valeh our, bu heyranlıqdan “Ölkəm” romansı yaranır. Amma bu səfərlərdən biri zamanı tutulduğu qorxunc xəstəlik onun ölümünə səbəb olur. Milli folklor nümunələrimizi toplamaq üçün Qarabağa səfər edərkən qarın yatalağı xəstəliyinə yoluxur, ağır vəziyyətdə Bakıya gətirilir. Yazdığı məktublardan birində ermənilər tərəfindən zəhərləndiyini yazmışdı. Lakin o zaman üçün bu məlumat ört - bas edildi.
Lakin xəstəxanada da dayanmır, yaradcılığına ara vermir. Könlündə çoşub - daşan melodiyaları notlara çevirib, yatdığı palatanın divarlarına köçürür. Qardaşına yalvarır ki. öləndən sonra yazdığı bu son simfoniyasını kağıza köçürsün.
Lakin qardaşı vəsiyyətinə əməl edə bilmir. Yatdığı otağa kimsə buraxılmır və o öləndən sonra dezinfeksiya edilsin deyə otaq başdan başa təmizlənir, divarları yenidən ağardılır.
Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə gözlərini əbədi olaraq yumur. Çəmbərəkənd qəbiristanlığında dəfn olunur, sonralar "Qurd Qapısı" qəbiristanlığına köçürülür.
Gənc və yaraşıqlı bəstəkarın gözəllər gözəli sevgilisi də vardı.
O piano müəllimi və Azərbaycanın ilk piano pedaqoqu sayılan Kövkəb Səfərəliyeva ilə nişanlıydı. Asəf öldükdən sonra Kövkəb bir daha heç kimlə ailə qurmayıb, ölən günə qədər subay qalıb. O, 1985-ci ilə qədər yaşayıb.