Direktor “qaraladı”, bığına görə efirə buraxılmadı, səhnədə öldü... - Bir Vaqif ömrü
16 mart 2023 20:15 (UTC +04:00)

Direktor “qaraladı”, bığına görə efirə buraxılmadı, səhnədə öldü... - Bir Vaqif ömrü

Bu gün Azərbaycan caz musiqisinin banisi, muğamla klassik Amerikan caz musiqisinin sintezini yaratmış, Vaqif Mustafazadənin doğum günüdür. Yaşasaydı 83 yaşı olacaqdı. O uzun illər boyunca yaşaya bilmədi. Lakin 39 illik ömrünə çox şey sığdıra, adını əbədiyyətə yaza bildi.

Vaqif milli varlığımızın bir parçasıdır. Onun cazla muğamı sintez etməsi Üzeyir bəyin muğamla operanı, Fikrət Əmirovun muğamla simfoniyanı qovuşdurması qədər önəmli yenilik idi. 

“Muğam – Caz” stilinə həyat vermiş böyük musiqiçi 16 mart 1940-cı ildə Bakıda İçəri Şəhərdə doğulmuşdu. 1960-cı illərdə Bakı musiqinin intibah dövrünü yaşayırdı, Bakı piano şəhəri idi. Az qala hər evdə piano vardı, əla çalanlar da az deyildi. Lakin etiraf etməsələr də hamı bilirdi ki, ən əla çalan, birinci yerə layiq olan Vaqifdir. Bəlkə qədim qala divarları ilə, müasir paytaxtın harmoniyası onun ruhuna güclü təsir etdi, beləcə də cazla muğamın sintezi yarandı.

Anası Zivər Əliyeva Üzeyir bəyin tələbəsi olmuşdu. Vaqifin muğam bilgisi anasından gəlmişdi.  

O, Konservatoriyanın nəzdindəki musiqi məktəbini bitirir. Lakin direktor Tahir Atakişiyev o illərdə azad ruhlu musiqiçi kimi populyarlaşmağa başlayan Vaqifi “qaralayır”. Məktəbi bitirən Vaqifə attestat verərkən onu “ixtisasa uyğun gəlməyən” kimi qiymətləndirir, bununla da onun yollarına böyük bir əngəl yaradır.

Vaqif dəfələrlə sənəd versə də, Konservatoriyaya daxil ola bilmir. Onu hər dəfə bir bəhanə ilə kəsirlər. Vaqif Asəf Zeynallı adına musiqi məktəbini bitirir. Elə tələbəlik illərində klublarda kiçik konsertlər verərək, klassik caz, blüz və oynaq mahnılar ifa edə - edə populyarlıq qazanıb.

Bir neçə il sonra o istədiyini edir. Edir etməyinə, lakin baxır ki, konservatoriyanın ona öyrədəcəyi bir şey yoxdur, ərizəsini verib özü könüllü ayrılır. O, Qara Qarayevin sinfində oxumaq istəyirdi, Qarayev isə Moskvada yaşayırdı deyə, ildə bir dəfə formal olaraq konservatoriyaya baş çəkirdi. Buna görə Vaqif təhsilini dayandırır.

Dünya onu gözəl caz ifaçısı, bilicisi, caz bəstəkarı kimi qəbul və təsdiq edirdi. Amma Azərbaycanda onu Bəstəkarlar İttifaqına qəbul etmirdilər və bu da Vaqifin ürəyini incidirdi. Ali musiqi təhsilinin olmamasını bəhanə gətirir, həvəskar bəstəkar deyirdilər. 

“Həvəskar” isə 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdi. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olmuşdu.

1979-cu ildə Monakoda festival keçirilir. 100-lərlə ad içərisindən onun adı qalib olaraq seçilir. Caz dünyası milli elementlərlə zənginləşdirilmiş, etnik caza heyran qalmışdı.  O, Monakodan "Ağ royal" mükafatı ilə qayıdır. Elə həmin il Əməkdar artist fəxri adına layiq görülür.

Fəxri ad alsa da, onu efirlərə sıx dəvət etmirdilər. Radioda, Azərbaycan Dövlət Televiziyasında Vaqifin kompozisiyaları fon musiqisi kimi müntəzəm olaraq istifadə edilirdi, lakin üzünü az-az göstərirdilər. Səbəb sadəcə onun qeyri-adi görünüşü, daha doğrusu uzun buruq saçları və bığları idi. Ekrana çıxmaq üçün ondan görünüşünü səliqəyə salmaq tələb olunsa da, cazmen razılıq vermirdi.

Hətta, bir dəfə televiziyaya o vaxt rəhbərlik edən, özünü marksist adlandıran adam Vaqifə: “Başa düşmürəm sən bu bığla necə çay içə, çörək yeyə bilirsən?” deyə soruşur , o da kinayə ilə “Marks kimi” cavabını verir.

Bəstəkar ikinci xanımı gürcü qızı Elza ilə Tiflisdə tanış olur, bir müddət Gürcüstanda yaşayırlar (Bu arada qeyd edim ki, birinci xanımı Nərmin də ləzgi qızı idi, onunla evliliyini gizli saxlayırdı. Onlar az müddət ailəli olub boşanmışdılar. Bu nikahdan Lalə adlı qızı da olmuşdu.Və Vaqif qızıyla bir daha görüşə bilməyib). 

Elza Musafazadə caz-muğam tərzində oxuyan ilk qadınlardandır. Və heç qəribə deyil ki, iki musiqiçinin, iki sazsevərin ailəsində doğulan uşaq da, cazı sevməli, sevdirməli idi. Onların yeganə qızları, Xalq artisti Əzizə Mustafazadə dünya şöhrətli cazmendir. Ona "Cazın şahzadəsi"  adı verilib. Atasının yolunu davam etdirir. Hazırda xaricdə yaşasa da, qəlbi Azərbaycanla döyünür. Ramizxan adlı bir oğlu var.

16 dekabr 1979-cu ildə Vaqif Daşkənddə musiqi festivalında iştirak edərkən qızı Əzizənin adıyla bağladığı kompozisiyanı çala-çala səhnədə can verdi. Royal arxasında, ürək tutmasından ölmüşdü sənətkar.

Sağlığında onu incidənlər bəlkə də sonralar Yasamaldakı məzarına çiçəklər töküb, saxta göz yaşları axıtdılar, “o böyük adam idi” dedilər.

Böyük adam bezdirildiyi dünyadan köçdü getdi. Lakin uzaqlara yox, ürəklərə.

# 11616
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar