Dastana çevrilən sevgi  – “Apardı sellər Saranı”nın taleyi əslində necə olub?
13 mart 2023 15:29 (UTC +04:00)

Dastana çevrilən sevgi – “Apardı sellər Saranı”nın taleyi əslində necə olub?

Apardı sellər Saranı...

XIX əsr. Çaya boylanıb yarı Xançobanı gözləyən Sara Arpaçayının qurbanı olur...

Elə bununla da Xançobana deyilir:

Gedin deyin xan çobana,
Gəlməsin bu il Muğana, 
Gəlsə batar nahaq qana.
Apardı sellər Saranı, 
Bir ala gözlü balanı...

Bəlkə də çoxunuz bu mahnını əzbər bilirsiniz. Hətta sözlərinin kimə aid olduğunu da... 

Lent.az-ın bu yazısında sizlərə nakam sevginin hekayəsi üzərində yazılan, Azərbaycanın ən qədim xalq mahnılarından olan “Apardı sellər Saranı”ya bir başqa gözlə baxacağıq. 

Bəs, bu mahnının tarixini, yarını sel aparan xan çobanın taleyini bilirsiniz? “Apardı sellər Saranı”nın dildən-dilə dolaşan, lakin çoxlarına hələ də bəlli olmayan tarixi var. 

Bəlkə də, bu mahnı bir yalvarış, bir haraydı, Saranın harayı... Çayın sahilinə üz tutsaq, qarşımıza o çıxacaq, dağda quzularını otaran Sara. Ya da, elə Xançobanı çomağına söykənmiş üzü Arpaçaya baxan görəcəyik, Saranın yolunu gözləyən Xançobanı...

Azərbaycan xalq mahnılarının ən qiymətli incisi sayılan “Apardı sellər Saranı” mahnısı yarandığı zaman ilk dəfə el aşıqlarının sazının siminə qonub. İlk ifaçıları isə elə Şərur-Dərələyəz aşıqları olub. Aşıqların repertuarında isə  “Xançobanı” havası adı ilə, gəraylı üstündə oxunub.

“Apardı sellər Saranı” mahnısının əsasını təşkil edən əfsanələr öz müxtəlifliyi ilə seçilir, bu da təbii ki, mahnı sözlərinə təsir göstərir. Bəzi ədəbiyyatşünaslar mahnının mətninin XIX əsrdə yaşamış Seyid Əbülqasim Nəbatiyə aid olduğunun deyirlər. Buna səbəb isə onun “Xançoban” təxəllüslü ilə şeirlər yazması idi.

Bir əfsanəyə görə, Sara adlı qız sevgilisi Xançobanı Arpaçayı kənarında gözləyərkən onu sel aparır. Digər versiyaya görə isə, bir xan çay kənarındakı qızı qaçırmaq istəyir. Bu zaman çay daşaraq xanı da, Saranı da aparır. 

Arpaçayı Naxçıvanın Şərur bölgəsindən axıb keçir. Bu çay boyunca Muğanlı kəndi yerləşir. Kənddə yaşayan yaşlı insanların dediyinə görə, Arpaçayı bəzən elə daşırmış ki, çoxlu itkiyə səbəb olarmış. 

Xalq arasında yayılan əfsanələri birləşdirən bir cəhət var idi: İllər əvvəl Arpaçayın sahilində Sara adlı qız yaşayırdı. Xançobanla əhdi-peyman bağlayan bu gözəl qız kiminə görə, zalım xana yar olmamaq üçün özünü Arpaçayın sularına atdı, kiminə görə isə elə mahnı sözlərində deyildiyi kimi Arpaçay aşıb-daşdı və Saranı özüylə apardı.

“Xançoban” isə həm tayfa adı olmaqla yanaşı, həm də milli rəqsimizin adıdır. “Xançoban”ı aşıq dastanı da var. Toplanmış folklor mətnlərində Xançobanın xanın çobanı olduğu üçün məhz belə adlandırıldığı fikri geniş yayılıb. 

Mahnının ən məşhur ifaçıları arasında Könül Xasıyeva, Səxavət Məmmədov, Alim Qasımov, Qədir Rüstəmov, Mustafa Mustafayev və digər tanınmışlar da var. 

Bu da belə... Bir az layladır, bir az oxşama, bir ağız bayatı. “Apardi sellər Saranı” təkcə bir nəğmə deyil, Saranın məhəbbət, sədaqət dərsidir. “Apardı sellər Saranı” bu xalqın qanayan yarasıdır. Bu musiqini nə vaxt eşitsək, Sara oluruq içimizdə, Xançoban oluruq, Arpaçay oluruq, sinəsini çaylar yuyan Şərur torpağı oluruq. Tarın, kamançanın nazını çəkdiyi bu el nəğməsi oxunanda adı dillərdə gəzən Sara gəlib durur gözümüzün qarşısında. 

Xanəndə isə yanıqlı səsi ilə hey oxuyur:

Arpaçayı aşdı-daşıdı
Sel Saranı aldı qaçdı...
 

# 7107
avatar

Fidan İlqar

Oxşar yazılar