Türkiyədə çox işlənən “Bir qəhvənin 40 il xətri olar” məsəli artıq bizim dilimizdə də işlənir. Yaxşılığın unudulmaması, illər keçsə də, cavabının olacağı anlamına gəlir. Bəs bu məsəl necə yaranıb, arxasında hansı həyat hekayəsi dayanır?
Lent.az “Belə yaranıb” rubrikasında tarixin tozlu səhifələrini vərəqləyir.
İstanbulun Eminönü məhəlləsində Yemiş limanı deyilən yerdə balaca bir qəhvəxana varmış. Bura hər sinifdən insanlar, xüsusən də, gəmi kapitanları, balıqçılar gələr, dadlı türk qəhvəsi içə-içə uzun-uzun söhbətlər edirmişlər.
Bir gün məkana bir yeniçəri gəlir. Türk sultanının ordusunda yeniçərilər xüsusi nüfuzları ilə seçilir, bir sözləri iki edilmirdi. Ətrafa nəzər salan yeniçəri içəridə bir rumlu (adətən balkan yarımadasından olanlara və yunanlara rumlu deyilirdi) gəmi kapitanının da oturduğunu görür və ucadan qəhvəxananın sahibinə deyir.
“Hamıya məndən bir qəhvə ver, rumluya vermə!”.
Qəhvəçi hamıya qəhvə paylayır, ən sonda özünə və rumluya da bir fincan süzüb gəlib onunla eyni masada oturur. Yeniçəri qəzəblə, “Ona vermə, demədimmi?” söyləyəndə, dükan sahibi “Bu mənim ona hədiyyəmdir, mən qonaq edirəm” deyir və rumlu ilə söhbətinə davam edir ki, adamın könlü qırılmasın.
Bu hadisələrin üstündən düz 40 il keçir. Yunan və türklərin ortaq yaşadığı Susam adasında başlayan rum üsyanı alovlanır, rumlular xeyli türkü əsir alırlar və onların içərisində həmin yaşlı qəhvəxana sahibi də olur. Əsir bazarına çıxarılan qəhvəçini yaşlı bir rumlu satın alır və onu azadlığa buraxır. Türk bunun səbəbini anlamayanda rumlu “Mənə 40 il öncə bir fincan qəhvə vermişdin. Hər kəsin içində qürurum sınmasın deyə çox yaxşı davranmışdın, mən bunu unutmadım. Səni də görən kimi tanıdım”, deyir.
Bax beləcə, "Bir qəhvənin 40 il xətri olar" misalı dildən dilə düşüb və gəlib bu günümüzə çatıb.