Onu ən müxtəlif obrazlarda görmüşük. Gah zalım ər rolunda ( “Öyle bir keçer zaman ki”) nifrətimizi, gah ipək ürəkli mafiya babası ( “Kırmızı oda”) olaraq rəğbətimizi qazanıb. Gah uşaq kimi saf ata olub ( “O kız”), gah qolu bükülməz igid komissar (“Sana söz”).
Lent.az “Göz önündə” rubrikasında müxtəlif seriallardan Azərbaycan tamaşaçılarına yaxşı tanış olan Erkan Petekkaya barəsində məlumat verir.
Biz onu “Aynalı Tahir”, “Aşkına Eşkıya”, “Bedel”, “Japon Gelin”, “Taştan Kalp”, “Dila Hanım” kimi filmlərdə baş rollarda gördük, sevdik. Dəfələrlə “ən yaxşı kişi aktyor” mükafatını qazanmış Erkan Petekkayanın ömür yolu da çox maraqlıdır.
O, 1970-ci ildə Türkiyənin Elazığ şəhərində doğulsa da, uşaqlığı İstanbulda keçib. Kiçik olarkən anası ilə atası ayrılıb. Anası yaşca daha kiçik olan qızını götürüb gedib. Erkan atasının himayəsində qalıb. Atası işlədiyi üçün Erkana baxa bilməyib və onu uşaq evinə verib.
“Orda qorxumdan dəliyə dönürdüm. Atam hər gün mənə baş çəkməyə gəlsə də, hər dəfə bir daha onu görməmək qorxusu ilə yaşayırdım. Yanımdakı uşaqlar belə başa salırdılar. Orda heç bir qohumu, əqrəbası olmayan balaca bir qız vardı. Onunla dostluq edirdim. Bir gün onunla oynayarkən başımı yardı. Alnımdakı çapıq onun xatirəsidir. Müəllimlər dərhal yaxındakı xəstəxanaya aparıb başımı sarıtdırdılar. Axşam atam gəlib başımı sarıqlar içində görüncə bərk əsəbiləşdi. Dəmir şkafın qapısını elə bir hirslə çırpdı ki, o səsi hələ də unuda bilmirəm. Sevindim, bildim ki, məni burdan aparacaq. Apardı. Başım yarıldığı üçü anamla atam barışdı və mən hələ də o zərbəyə görə kiçik dostuma minnətdaram. Bir gün anama yalvardım ki, o qızı da övladlıq götürək. Süfrəyə bir boşqab artıq qoyacaqdıq. Getdik, yetimxanaya. Amma onu bizdən öncə hamiliyə götürüb aparmışdılar. Onu bir daha görmədim. Əgər məni görürsə, onu unutmadığımı bilsin” - deyə Erkan verdiyi müsahibələrin birində bildirib.
Erkan Petekkaya 17 yaşında təsadüfən bir xalq tamaşasında xəstələnmiş aktyoru əvəz etdikdən sonra aktyor olmaq arzusuna düşüb. Ona qədər niyyəti diplomat olmaq idi. Səhnəyə bir çıxışı ilə “xəstələnib”.
“Hərçənd ilk vaxtlar rejissorlar mənə “odun” deyirdilər, məndən bir şey çıxmayacağını söyləyirdilər. Amma inad elədim, konservatoriyaya daxil oldum, olacam dedim, oldum. Bu sənət dibsiz quyudur, hər gün öyrənmən lazımdır, Mən zirvədəyəm deyə bir şey yoxdur”,- deyə Erkan söyləyib.
Erkan bir zamanlar alkoqol asılılığından əziyyət çəkib. İçki aludəsinə çevrilib. Alkoqolizmdən müalicə olunmaq üçün Hindistana və Rusiyaya gedib. Rusiyada vurulan bir iynə ilə beyninə təsir edildiyini deyir : “Bir iynə vurdular, səhəri gün daha içki istəmədim. Bir qədəh içincə hər şeyi unudur və çox pis söyüş söyürəm. Özümü kontrol edə bilmirəm. Beynimi yudular bir iynə ilə”.
Keçmidə böyük xətaları olduğunu etiraf edən aktyorun fikrincə bütün bunların səbəbi içki olub.
“Hansı roluna çox bənzəyirsən?” sualına cavab olaraq o “Kırmızı oda” serialındakı Sadi obrazını göstərir. Sadinin uşaqlığı onun uşaqlığı, həyatı da onunkuna çox bənzəyir.
Erkan xanımına ilk görüşdə aşiq olub, bir toyda onu görən kimi, “mən bu qızla evlənəcəm” deyib. İkinci görüşdə, yəni səhəri gün liftdə ona evlilik təklifi edib.
“Didem mənim aşkım deyil, hər şeyimdir. Anam, atam, sevgilim, qadınım. Onunla həyatı öyrəndim, birlikdə böyüdük. Ölümüm onunla bir gündə olsun istəyirəm” deyir aktyor.
Didəmlə Erkanın Cem Cano Petekkaya adında 17 yaşlı bir oğlu var.