Beyləqan, Mura xala, gecikmiş diplom -  Səbuhi Məmmədli yazır...
17 noyabr 2023 18:32 (UTC +04:00)

Beyləqan, Mura xala, gecikmiş diplom - Səbuhi Məmmədli yazır...

Sözün həqiqi mənasında möhtəşəm serialdır. Elə ilk bölümdən adamı özü ilə aparır. Kremldəki konfiliktlərdən tutmuş sovet artistlərinin ən amansız intriqaları və bu intriqalardan sarsılmış insanlar, nəhayət, Müslüm Maqomayev. 

2020-ci ildə Rusiyada istehsal olunmuş “Maqomayev” serialı son 10 illiyin bəlkə də ən uğurlu layihəsidir. Serial Rusiyada və Belarusda televiziyalarda nümayiş olunub. Bakılı əfsanənin həyatından bəhs edən film onun vətəninə təzə gəlib çıxıb. 

Etiraf edək ki, çox gözəl dublyaj olunub. Aktyorların oyunu adamı valeh edir. Filmin ana xəttini tutan Müslüm-Tamara sevgi dramı isə sözün həqiqi mənasında möhtəşəmdir.

Diqqətli tamaşaçı filmdə bəzi səhvlərin olduğunu görməyə bilməz. Bəs, söhbət nədən gedir?

Filmdə SSRİ-də konsertləri qadağan olunmuş Müslüm Moskvadan Bakıya gəlməyə məcbur olur. Burada özünə ansambl yaradır. Nəhayət, Konservatoriyanı bitirməyi haqqında diplomunu alır. Məlum olur ki, Müslümün öz ana Vətənində boş dayanmaq fikri yoxdur. O, rayonlara qastrollara çıxmağa başlayır. Onun ilk çıxış etdiyi rayon isə filmin ssenaristlərinin fikrincə, Beyləqan rayonu olur. Amma onlar bilmirdilər ki, həmin vaxt Azərbaycanda Beyləqan adlı rayon olmayıb. Rayonun adı Jdanov idi. Ən azı bu və ya digər məsələləri Azərbaycan tərəfi ilə məsləhət etmək olardı. 

İkinci bir məqam, filmdə Müslüm Maqomayevin Bakıya gələndə əmisigildə qalması ilə bağlıdır. O, əmisi və ailəsini çox sevir, onların hörmətini saxlayır. Düzdür, onların nazir müavininin qızı Bella ilə evlənməsi təklifinə qəti etiraz edir. Bununla belə, münasibətlər korlanmır.

Filmdə əmi Camal Müslümovun xanımının adı Mura kimi keçir. Elə Müslüm də onu “Mura xala” deyə çağırır. Etiraf edək ki, rus adları kimi Azərbaycan adlarının da bir əzizləyici forması olur. Və bunlar çox zaman qısa ifadə edilir. Amma onu da etiraf edək ki, Mura adında nəinki rəsmi, heç əzizləyici formada bir ada rast gəlmək mümkün deyil. Bu ad yiyəsinin hansı millətdən olduğu da anlaşılmır. Bundan əlavə, ssenaristlər film boyu bircə dəfə də Muranın əsl adının nə olduğunu tamaşaçıya demirlər. Ümumiyyətlə, serialda bir neçə belə anlaşılmaz məqam çoxdur. Bununla belə, “Maqomayev” öz damğasını vura bilib.

Sağ əli bizim serial çəkənlərin başına.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4443
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar