“Avroviziya” Ukraynada keçirilməyəcək -  QƏRAR
23 iyun 2022 19:50 (UTC +04:00)

“Avroviziya” Ukraynada keçirilməyəcək - QƏRAR

Avropa Yayım Birliyi (AYB) Ukraynanın “Avroviziya 2023” mahnı müsabiqəsinə ev sahibliyinə dair bəyanat yayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bəyanatda deyilir ki, AYB “Avroviziya” mahnı müsabiqəsinin qalibi olan Ukraynanın 2023-cü ildə tədbirə ev sahibliyi edə bilməməsi ilə bağlı qərarının doğurduğu məyusluğu tam başa düşür.

AYB tədbirdə işləyən və iştirak edən hər kəsin təhlükəsizliyini və mühafizəsini təmin etmək məsuliyyətini rəhbər tutaraq yarışın Ukraynada yox, başqa ölkədə keçirilməsinə dair qəbul edib:

“Avroviziya” mahnı müsabiqəsində heyət və jurnalistlər də daxil olmaqla, adətən azı 10 min nəfər işləmək üçün akkreditasiyadan keçir. Bundan başqa, tədbirə dünyanın hər tərəfindən 30 min fanatın ziyarəti gözlənilir. Onların rifahı bizim prioritetimizdir”.

Bəyanatda qeyd olunub ki, bu cür mürəkkəb canlı yayım tədbiri ilə bağlı kritik qərar yayım peşəkarları tərəfindən qəbul edilib və bu qərar siyasiləşdirilməməlidir.

Əlavə olunub ki, təhlükəsizlik narahatlıqları ilə yanaşı Ukraynada davam edən münaqişə nümayəndələri və iştirakçıları ölkəyə səfər etməklə bağlı könülsüz edir.

“Biz eyni zamanda, NATO Baş katibi Yens Stoltenberqin Ukraynada müharibənin illərlə davam edə biləcəyi ilə bağlı rəyini nəzərə almışıq”, - bəyanatda deyilir.

Vurğulanıb ki, AYB müvafiq qərarı qəbul edərkən hazırkı məlumatlara görə, 2023-cü il ərzində Ukraynada heç bir önəmli beynəlxalq konsertin keçirilməyəcəyini də nəzərə alıb və bütün bunlar Ukraynanın təhlükəsizlik və əməliyyat zəmanətlərinə, ev sahibliyi üçün zəruri tələblərə cavab verməməsi ilə bağlı AYB-nin ümumi dəyərləndirməsini gücləndirir.

“Bütün bunları nəzərə alaraq AYB təəssüf hissi ilə tədbiri başqa ölkəyə köçürmək qərarına gəlib və gələn il keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi üçün münasib məkanın tapılması ilə bağlı müzakirələri davam etdirəcək”, - bəyanatda qeyd olunub.

# 2694
avatar

Oxşar yazılar