“Afrikada üç gün üsyançıların mühasirəsində qaldım” - MÜSAHİBƏ
22 iyul 2022 13:37 (UTC +04:00)

“Afrikada üç gün üsyançıların mühasirəsində qaldım” - MÜSAHİBƏ

Lent.az-ın müsahibi yazıçı, səyyah Rövşən Abdullaoğludur.

-Səyahət yazıçının  təxəyyülünə nə qatır, ona nə verir?

-Səyahət insana inanılmaz böyük informasiya bəxş etməklə bərabər həm də qeyri-adi hisslər yaşadır. Bu hisslər də yazıçının təxəyyül gücünü artırır və əsərin canlı olmasına çox təsir edir. Səyahət insanın şəxsiyyətini, daxili aləmini zənginləşdirir, dünyanı, fərqli xalqları, mədəniyyətləri hiss etməsinə səbəb olur. Hər səyahətdə nəsə yeni bir şey, öyrənirsən, kəşf edirsən: yeni hiss, yeni tanışlıq, yeni ideyalar. Bütün bunlar yaradıcılığının növbəti inkişaf istiqamətini müəyyən edir. Bəzən bu istiqaməti heç təsəvvür belə edə bilməzdin.

-Neçə ölkədə olmusunuz?

-Dəqiq bilmirəm, iyirmidən çox olar. 

-Səyahətlərə öz hesabınıza çıxırsınız?

-Bəzi səyahətləri öz hesabıma həyata keçirirəm. Böyük büdcə tələb olunanda isə kənardan maliyyə cəlb etməli oluram. 

-Getdiyiniz ən maraqlı ölkə və o ölkədən yadınızda qalanlar?

-Maraqlı ölkələr çoxdur. Efiopiya, Argentina, İrlandiya… Efiopiyada Dire Daua şəhərindən Harara getmək istəyirdim. Dire Dauaya düşəndə Harar şəhərindən gəlib bizi qarşılamalı olan bələdçimizi görmədik. Saatlarla gözlədik, gəlmədi. Telefonuna da zəng çatmırdı. Sonra məlum oldu ki, Dire Daua şəhərini üsyançılar mühasirəyə alıblar, ona görə də bələdçi şəhərə daxil ola bilməyib. Üç gün mühasirə olunmuş şəhərdə qaldıq, bir dəfə də atışmaya düşdük. Çox qeyri adi hal idi. 
Antarktida ekspedisiyası da qeyri-adi macəralarla dolu idi. Antarktidada  insanın təbii ehtiyaclarını belə yerinə yetirməsi problemdir. Yemək , içmək, tualet kimi. 

Sahildə yatmaq üçün xüsusi isti kisələr verirlər, biz qarın içərisində özümüzə məzar yeri kimi bir yer qazıb bu kisələrdə orda uzanrdıq. Üzünü örtməyə məcbur olursan, çünki soyuq adamın üzünü yandırır, örtüncə də çox qəribə hisslər yaranır. Sanki məzardasan. Əlini, ayağını tərpədə bilmirsən, dar bir yerdə uzanmısan. Çox vahiməli duyğular idi.
Özümüzlə adi bulka götürməyə belə icazə verilmirdi. Xüsusi qablarda su götürmək olardı. Tualet ehtiyacları isə daha problemli məsələdir. Qarın içərsində dərin bir çuxur açılır, ora xüsusi qablar yerləşdirilirdi. Düşərgədən bir qədər aralıda. Tualet ehtiyacı olan şəxs həmin çuxurda ehtiyacını yerinə yetirdikdən sonra həmin xüsusi qabları da geriyə gəmiyə gətirməli idi. Qısası sahilə çıxmış şəxslərdən orda bir çöp belə qalmasına icazə verilmirdi. Qaydalar çox sərt idi. Pinqvinlərə bir neçə metrdən artıq məsafədə yaxınlaşmaq olmazdı. Pinqvinlər insanı öz həmcinsləri kimi gördükləri üçün ürkmürlər, qaçmırlar. İnsan ayağı dəyməyən bir materikdə bu qədər ciddi tədbir alınması əslində müəmmalıdır. Orda bir neçə elmi stansiya fəaliyyət göstərir.  Çilini orda ancaq hərbçilər təmsil edir. Çili xüsusi qurğular vasitəsi ilə Antarktidadan aysberqləri sürüyüb öz sahillərinə gətirir və şirin su problemini bu yolla həll edir. Dubay və digər ərəb əmirliklərinin də bu materikin su ehtiyatlarından istifadə etməsi barədə məlumatlar var.
 
-Hansı xalqların, ölkələrin  hamıya məlum olmayan maraqlı cəhətləri ilə məhz səfər zamanı canlı-canlı tanış ola bilmisiniz?

-Efiopiyanın Turmi məntəqəsində Hamar tayfası yaşayır. Onların oğlan uşaqları həddi-büluğa yetişəndə tayfanın tam hüquqlu üzvü sayılmaq üçün bir sınaqdan keçməlidirlər. Bu sınaq yan-yana dayanmış bir neçə öküzün üzəri ilə tam çılpaq şəkildə altı dəfə o tərəf-bu tərəfə getməkdən ibarətdir. Bu sınağı keçə bilməyən yeniyetməni əvvəllər tayfadan qovardılar. İndi isə gələn ilə qədər bir daha şans verilir. Ancaq bu sınağı keçməyənə qədər yeniyetməyə ailə həyatı qurmaqı icazəli deyil.  İldə cəmi bircə dəfə böyük bir mərasim şəklində keçirilən bu sınaq oraya səfərimizlə eyni vaxta təsadüf etdi və bizim də iştirak etmək şansımız oldu. Səhər tezdən başlayan bu mərasim axşamçağına qədər davam etdi. Əvvəlcə oğlanı özlərini düzəltdikləri xüsusi məcunlarla kremlədilər, boynuna aşılanmış heyvan dərisi saldılar. Sonra oğlanın yaxın qohumu olan qadınlar meydanın ortasına çıxdılar və oğlanlar çubuqlarla onların çılpaq bellərinə qan çıxana qədər vurmağa başladılar. Bununla qadınlar bu oğlanı nə qədər sevdiklərini göstərirlər və bellərində qalan çapıqları qürurla daşıyırlar. Onlara görə sevgi yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapmalıdır. Və həqiqi sevgi sevdiyin şəxsin yolunda ağrılara dözməkdir. Yəni Şərq klassiklərinin tərənnüm etməkdən yorulmadıqları bir fikri əməli olaraq belə nümayiş etdirirlər. Bu məqamı Afrika xalqlarının həyatından bəhs edən “Mən yeməli deyiləm” romanında işlədim.

-Afrikaya qəbilələr arasına səfəriniz çox maraqlıydı.  Ora necə gedib çıxdınız? Keçmişlə bu gün bir arada – qəbilə insanları arasında bu hissi yaşaya bildiniz?

-Qitəyə təyyarə ilə yollandıq. Afrikanın daxilində isə maşınla hərəkət edirdik. Bəzən qarşı sahilə keçmək üçün, yaxud da çayla müəyyən yerə getmək üçün kiçik gəmilərdən də istifadə edirdik. Afrikaya səyahət edərkən sivilizasiya pillələrini sürətlə enmiş kimi hiss edirsən. 
Bu tayfalar tam primitiv həyat sürürlər. Arzuları, istəkləri, gələcək planları da həyat şəraitləri kimi bəsitdir. Dünyada baş nəhəng proseslərin bir parçası olduqlarından xəbərsiz halda, öz balaca aləmlərində gündəlik qayğılarını qovalayaraq yaşayırlar. Orada özünü keçmişə qayıtmış kimi hiss edirsən, müasir dünya adama yuxu kimi gəlir. 

-Növbəti səyahətiniz hansı ölkəyə olacaq?

-Növbəti səyahətim Amerikaya olmalıdır. 2020-ci ildə “Relslər üzərinə uzanmış adam” romanı Amerikada keçirilən beynəlxalq kitab müsabiqəsində qızıl medal aldı. Pandemiyaya görə təltif mərasimi təxirə salınmışdı, bu il Mayamidə baş tutacaq, oraya dəvət edilmişəm. Bir də Almaniyaya Frankfurt kitab sərgisinə getməyi planlaşdırıram. 

-Azərbaycan mədəniyyətini müqayisə edəndə nə görürsünüz?

-Əgər Azərbaycan ədəbiyyatını nəzərdə tutursunuzsa, onun dünya ədəbiyyatında hələ ki öz yeri yoxdur. Keçən il Şarjada keçirilən beynəlxalq kitab sərgisində və naşirlərin görüşündə iştirak etdim. Orada müxtəlif ölkələrdən olan ədəbi agentlər, naşirlər və yazıçılarla söhbətimiz oldu. Ədəbiyyatımız barədə fikirləri yekdil idi: Azərbaycan ədəbiyyatını çap etmək dünya ölkələrinin marağında deyil. Necə ki bizim naşirlər Burkina Fasodan, yaxud da Mozambikdən olan tanınmamış bir yazıçını çap etməzlər, xarici naşirlər üçün də Azərbaycan ədəbiyyatı heç nə vəd etmir. Onlar ölkələrində tanınan, sevilən xarici ədəbiyyatı çap edib daha çox gəlir əldə etməkdə maraqlıdırlar. Bizim ədəbiyyatımızın dünyada tanıtımını daha çox könüllü fərdlər edir: fədakar naşirlər və yazıçılar. Onların gücü çox məhduddur. Bu işi görməkdə məsul olan qurumların fəaliyyəti dünya kitab sektorunda gedən proseslərin fonunda çox sönük və miskin görünür.

Mən Azərbaycan ədəbiyyatının mənəvi gücünü görürəm, onu dünya ədəbiyyatı ilə müqayisədə çox iddialı hesab edirəm, Azərbaycan ziyalısının, yazıçılarının dünya səviyyəsində çox böyük nailiyyətlərinin ola biləcəyinə əminəm. Bizim problem dünya səviyyəli ədəbiyyatımızın yoxluğunda deyil, onu dünyaya çatdırmalı olan qurumların həvəssizliyindədir. Atılan addımlar pərakəndə xarakter daşıyır, fəaliyyətin qloballaşmasına hesablanmayıb. Bu sahədə ciddi uğurları və təcrübələri olan xarici qurumların fəaliyyətini örnək almaq lazımdır. Yerli ədəbiyyatımızın xaricdə çapı və tanıtımı üçün gözəl nümunələr seçilməli, uzunmüddətli, çoxhədəfli fəaliyyət planı qurulmalı, ayrılan maliyyə məqsədyönlü xərclənməlidir. Dünya nəşriyyatlarında bizim ədəbiyyatımızı çap edib öz oxucularına tanıtmaq istəyi yaratmaq üçün onları heyrətləndirməyi bacarmaq lazımdır.

-Bildiyimə görə, kitabları xaricdə ən çox dərc olunan yazıçılardansınız?

-Elə hesab etmirəm. Bizim yazıçıların xaricdə tanınması çox çətindir. Ancaq bununla belə ölkə ədəbiyyatı uzun yolun əvvəlindədir. Müəyyən işlər görülür. Bəzi kitablarım xarici naşirlər tərəfindən çap olunub. Beynəlxalq ədəbi agentliklər, ədəbi qurumlarla əlaqələr qurulur. 

-Öz hesabınıza olur bu, ya təklif oralardan gəlir? 

-Kitablarımı öz hesabıma çap etdirmirəm. Ədəbi agentliklər, nəşriyyatlar tərəfindən təkliflər olur, dəyərləndiririk, ondan sonra çap olunur.

-Maddi qarşılığı olurmu?

-Bəli, xarici nəşriyyatlar satışdan müəyyən məbləğ ödəyirlər. 

-Ən son hansı kitabınız işıq üzü görüb?

-Təzəlikcə, ˝ Koramal˝  adlı I Qarabağ savaşından bəhs edən tarixi romanım çap olundu. Əsər çapdan çıxan günü mən Gəncədə II psixologiya forumunda idim. Kitabın ilk imza mərasimi də məhz Gəncədə oldu. Bir neçə gün sonra Bakıya qayıdanda artıq nəşriyyatda kitabın tirajı tükənmişdi. 

-Kitab nədən danışır və adını niyə bir heyvanın adı ilə əlaqələndirmisiniz?

-Kitab Sovet ordusunun tərkibində eyni cəbhədə vuruşmuş insanların qarışıq həyat yollarından bəhs edir.  Adların əsəri oxumamış, mağazada rəfdən götürüb vərəqləyib yerinə qoyan oxucuya da bir mesaj ötürməli olduğunu düşünürəm. “Bu şəhərdə kimsə yoxdur” romanının bütün fəlsəfəsi bundan ibarətdir: bu cümlənin sualmı, təsdiqmi olduğuna yalnız sən özün qərar verə bilərsən. Koramal ilana bənzəyir, ancaq ayaqsız kərtənkələdir. Həqiqi simasını gizlətmiş məxluqların simvoludur. Bütün bəşəri bədbəxtliklər arxasında bu məxluqların gizləndiyini görürsən. Qarabağ münaqişəsi də istisna deyildi, zahirən hər nə qədər bəsit “torpaq davası” kimi görünsə də. Kor amallar gec ya tez yarıda qırılmağa məhkumdur, bunu da otuz illik uzun bir səbir sınağından sonra hər kəsə sübut etdik.

-Niyə məhz I Qarabağ müharibəsindən yazdınız, çünki oxucular daha çox II Qarabağ müharibəsindən, qələbəmizdən yazacağınızı gözləyirdilər?

-I Qarabağ müharibəsini məğlubiyyət yox, qələbəmizin müqəddiməsi hesab edirəm. O savaş bizim xalqın mənəvi sınağı idi və biz o sınaqdan üzüağ çıxdıq. Bir gün də mübarizəni dayandırmadıq, ədalətə gedən yol  I Qarabağ savaşından başladı və II Qarabağ savaşında tarixi zəfərimizlə yekunlaşdı. 

İnsanlar I Qarabağ müharibəsini məğlubiyyət kimi gördüklərindən o hadisələri xatırlamaq istəmirlər, I Qarabağ savaşı və onun qəhrəmanları tədricən unudulur. Bu, yanlışdır. I Qarabağ savaşında bizim heç nəyimiz yox idi, əliyalın, təcrübəsiz xalq güclü ordu ilə qarşılaşmışdı. Düşmən qoltuğumuza sığınmış miskin ermənilər deyildi, babalarımızın faşizmə qarşı işlətdiyi tanklar, toplar indi özümüzü hədəfə almışdı. Nə qədər igidlərimiz öz canları bahasına xalqa ümid yeri oldular, mübarizlik toxumunu qanları ilə suvardılar, xalqı əzilməyə, sınmağa qoymadılar. Bu gün biz onları unuda bilmərik. Atam o döyüşlərin iştirakçısı olub. ˝Koramal˝  əsərini mən atamın simasında həm I, həm də II Qarabağ savaşının bütün döyüşçülərinə ithaf etmişəm. Əsərin qəhrəmanları da o döyüşçülərin adlarını, bəzi xüsusiyyətlərini daşıyırlar.

# 7302
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar