AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Tovuzda Göytəpə qədim yaşayış yerinin arxeoloji materialları kontekstində orta Kür hövzəsi ərazilərində yerli yaşayış məskənləri sisteminin lokal aspektlərini tədqiq edib.
AMEA-dan Lent.az-a verilən məlumata görə, qədim yaşayış yerinin 14 tikili mərhələsi (bina evlərinin mərhələli tikintisi) üzrə 45 radio karbon analiz Kür çayının orta axarında formalaşmış yaşayış məskənlərinin xronoloji çərçivəsini ilk dəfə olaraq dəqiq müəyyən edib. Abidənin e.ə. 5650 və 5460-cı illərə aid olduğunu təyin edilib.
Tovuz bölgəsində Cənubi Qafqazda Neolit dövrünün erkən mərhələsini göstərən arxeoloji komplekslərin mövcudluğunu əks etdirən, Göytəpə qədim yaşayış yerindən 1 km aralıda yerləşən Hacıələmxanlı abidəsinın radio karbon analizi və arxeoloji materialların təhlili abidənin Göytəpədən 200 il əvvələ aid olduğunu müəyyən edib. Bölgədə son iki ildə davam etdirilən tədqiqat işləri neolit dövrünə aid yeni abidənin öyrənilməsinə şərait yaradıb. Göytəpənin ətraf ərazilərinə daxil olan Kiçiktəpə qədim yaşayış yeri iri ölçülü dairəvi planlı tikililəri ilə diqqəti cəlb edir.
Qeyd edək ki, Göytəpə və ətrafında yerləşən Neolit dövrünün qədim yaşayış yerlərinin tədqiqatları yaxın illərdə də davam etdiriləcək. Xarici mütəxəssislərin iştirakı ilə aparılacaq multidissiplinar xarakterli tədqiqatlar zamanı orta Kür hövzəsi ilə Arazboyu vadidə neolitləşmə prosesslərinin müqayisəli təhlilinin aparılması planlaşdırılıb.