Nakam sənətkarlar: abırlı “Sevda”, dərddən qısalan ömür...  - ANIM
01 iyun 2020 14:42 (UTC +04:00)

Nakam sənətkarlar: abırlı “Sevda”, dərddən qısalan ömür... - ANIM

Bu gün Azərbaycanın iki talesiz əməkdar artistinin doğum günüdür. Hər ikisi vaxtsız dünyasını dəyişib. Talesiz dedim, amma hər şey nisbidir. Bəlkə əksinə, ən taleli aktyorlardır ki, sənətdən və həyatdan nakam köçsələr də az sayda obrazları ilə tamaşaçının yaddaşında qalıblar.

 Lent.az xəbər verir ki, Tanilya Əhmərova kütləvi tamaşaçıya “Qaynana” filmindən Sevda ilə daha çox tanışdır. “Sevinc buxtası, “Şir evdən getdi” (Şəfiqə), “Üzeyir ömrü” (Üzeyirin anası) filmlərində də çəkilib. Amma “Qaynana”dakı Sevda o qədər xarakteri ilə üst-üstə düşürdü ki, özünün də sevdiyi obraz idi.  Həyatdan küsmüşdü, kinodan da həmçinin. Kinonun içində yəqin ki, daha çox rejissorlar və həmkarları vardı.

 Sevda obrazı ilə yaddaşlarda qalsa da potensialı tam açılmamış getdi.

 

1950-ci il iyunun 1-də Bakıda anadan olub. 1977-ci ildə Dövlət Teatr İnstitutunu (Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ştatında aktrisa idi.

 

Tanilya Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat edib.

Ömrünün sonuna qədər heç kimə heç nədən şikayət etmədi, haqqını tələb etmədi. Heç haqqı olduğunu da hesab etmədi. Xəstəliyini belə gizlətmişdi. Dəfələrlə şəxsən zəng edib görüşmək, yazı hazırlamaq istədiyimi demişdim, gülə-gülə yola vermişdi məni. Bir gün də beləcə ölüm xəbərini eşitdik.

 

***

 

Digər söhbət açacağım aktyor Ömür Nağıyev 1953-cü ildə  Bakıda anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib.

 

O ali ocağı bitirib sənətdə xoşbəxtliyə qovuşanı görmədim. Hər halda, o institutu qurtaran azərbaycanlılardan sənətdə yüksəlib, sənətindən razı qalan görmədim. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. 30-dan çox filmdə çəkilib. Bakı Bələdiyyə teatrında işləyib.

 

2005-ci ildən S.Vurğun adına Rus Dram teatrının aktyoru idi. Teatrda işlədiyi müddətdə Bernar (K.Xiqqins "Qarold və Mod"), Prokuror (M.İbrahimbəyov "Neft bumu"), Qersoq Kornuelski (U.Şekspir "Kral Lir"), Polis (Elçin "Ubiysa"), Azər-baba (S.Vurğun "Fərhad və Şirin") kimi obrazlar oynayıb.

 

Ömür Nağıyev əməkdar artist Nəsibə Eldarova ilə evli olub. Onların Rüfət Nağıyev adlı oğulları 2013-cü ilin sentyabrında vəfat edib.

 

Ömür Nağıyev oğlundan sonra cəmi iki ay yaşayıb. 2013-cü ilin dekabrında dünyasını dəyişib. Hovsan məzarlığında dəfn edilib.  

 

Allah hər iki sənətkarımıza rəhmət etsin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 101224
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar