Ermənilərin Gəncəni atəşə tutması tarixi abidəyə ziyan vurdu - RƏSMİ
04 oktyabr 2020 19:01 (UTC +04:00)

Ermənilərin Gəncəni atəşə tutması tarixi abidəyə ziyan vurdu - RƏSMİ

Ermənistanın silahlı qüvvələri oktyabrın 4-də Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncəni ağır artilleriyadan atəşə tutub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, nəticədə 1 mülki şəxs həlak olmuş, 32 nəfər yaralanıb, şəhərdəki mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən dövlət tərəfindən mühafizəyə götürülən (inv. 3838) tarixi abidəyə ciddi ziyan dəyib.

Mədəniyyət Nazirliyi nəzərə çatdırır ki, Gəncə şəhərində dövlət qeydiyyatına alınmış 195 daşınmaz tarix-mədəniyyət abidəsi mövcuddur. Həmin abidələrdən 1-i dünya əhəmiyyətli arxeoloji, 15-i ölkə əhəmiyyətli memarlıq, 3-ü ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə, 169-u yerli əhəmiyyətli memarlıq, 6-sı yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidələri, 1-i dekorativ-tətbiqi sənət nümunəsidir. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş “Köhnə Gəncə” (orta əsrlər), ölkə əhəmiyyətli memarlıq abidələri olan İmamzadə kompleksi (XVII—XIX əsrlər), Uğurlu xan və Şah Abbas karvansaraları (XVII-XVIII əsrlər), Gəncə çayının sahilində yerləşən Gəncə qalası və qala divarları (XV—XVI əsrlər) şəhərin zəngin mədəni irsindən xəbər verir.

Əsrlər boyu Böyük İpək Yolu üzərində mədəniyyət mərkəzi kimi tanınan Gəncə dünyanın mədəni irsinə dahi şair və mütəfəkkir Nizami Gəncəvi, 2013-cü ildə 900 illik yubileyi UNESCO səviyyəsində qeyd olunmuş görkəmli şairə Məhsəti Gəncəvi, məşhur incəsənət xadimləri, bəstəkarlar, memarlar və s. bəxş etmişdir. 2020-ci ilin 23 sentyabrında Gəncə şəhəri UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə (UNESCO Global Network of Learning Cities) üzv seçilib: “Azərbaycan tərəfindən müvafiq beynəlxalq təşkilatlar vasitəsilə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistan tərəfindən növbəti dəfə mülki əhali və obyektləri, tarixi abidələri hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, hərbi münaqişələr zamanı mülki şəxslərin qorunması ilə bağlı 1949-cu il Cenevrə konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir. Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycan, eyni zamanda dünya mədəni irsini, ümumbəşəri dəyərləri hədəf aldığını, özünün uzun illərdən bəri sürən vandalizm siyasətini bir daha nümayiş etdirib. Dağlıq Qarabağdakı qondarma rejimin başçısının Gəncənin atəşə tutulması ilə bağlı məsuliyyəti nümayişkaranə şəkildə öz üzərinə götürməsi isə erməni tərəfin riyakar siyasətinin daha bir təsdiqidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943
avatar

Oxşar yazılar