Mehri şəhəri
17 fevral 2022 12:31 (UTC +04:00)

Mehri şəhəri

"1828-ci ilədək Mehridə ermənilərə aid iz yoxdur" - Faiq İsmayılov - FOTO

Qərbi Zəngəzur regionunun tarixi cəhətdən zəngin ərazilərindən olan Mehri şəhəri Azərbaycan mədəni-irsinin ən çox erməni vandalizminə məruz qalan ərazilərindən biridir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hökumətinin Mehrini tarixi erməni şəhəri adlandırması əsassızdır. Çünki bütün tarixi dövrləri araşdıranda Mehri ərazisinin ermənilərə heç bir aidiyyətinin olmadığı aydın olur. Şimali Azərbaycan ərazilərinin 1828-ci ildə Rusiya tərəfindən işğalına qədər ermənilərin Mehri şəhərində mövcudluqlarına dair heç bir arxiv materiallarında rast gəlinmir. Azərbaycan əraziləri işğal edildikdən sonra burada ruslar tərəfindən məskunlaşdırılan ermənilər son 100 ildə Zəngəzurun bütün ərazilərində olduğu kimi, Mehri şəhərində də mütəmadi olaraq azərbaycanlılara qarşı talanlar, qarətlər, qətllər, soyqırımları törədiblər və şəhəri etnik təmizləməyə məruz qoyublar.

Bu fikirlər Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, mədəni irsin araşdırılması üzrə ekspert, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Erməni vandalizminə uğradılan Mehri şəhəri” sərlövhəli məqaləsində yer alıb.

Lent.az AZƏRTAC-a istinadla məqaləni təqdim edir:

1861-ci ildə Şimali Azərbaycan torpaqlarında Zəngəzur qəzası Rusiyanın yaratdığı ilk inzibati ərazi vahidlərindən biri olmuşdu. Zəngəzur qəzası Azərbaycan ərazisi kimi 1867-ci ildə Azərbaycanda yaradılan Yelizavetopol (Gəncə) quberniyasının tərkibinə verilmişdi. Zəngəzur Rusiyada Sovet Sosialist İnqilabının qələbəsinin ilk illərinə qədər, yəni, (1920-ci ilə qədər) Gəncə quberniyasının tərkibində qalmışdı. Azərbaycanda 1920-ci ildə Sovet Hakimiyyəti qurulduqdan sonra SSRİ hökuməti Zəngəzur qəzasının Dərələyəz, Qafan, Mehri, Gorus və Qarakilsə bölgələri yenicə yaradılan Ermənistan vilayətinə birləşdirilməsi haqqında qərar verdi.

Ən yeni tarixdən hər kəsə məlumdur ki, Mehri rayonu sovet dövründə -1936-cı ildən SSRİ-nin süqutuna qədər Azərbaycanın Ermənistan ərazisindən nəqliyyat dəhlizi rolunu oynayıb. İndi Ermənistan rəhbərliyi Zəngəzur ərazisinin Ermənistana məxsusluğunu iddia etsə də, bunu sübut etmək üçün heç bir dəlil göstərə bilmir. Sovet hökumətinin qərarı ilə Zəngəzur Ermənistan Respublikasının tərkibində göstərilsə də, Ermənistanın və Rusiyanın Dövlət arxivlərində olan sənədlər də sübut edir ki, hətta sovet dövründə də Zəngəzur (Mincivan – Ordubad) nəqliyyat dəhlizinə məxsus bütün infrastruktur Azərbaycana məxsus olub. Dəhliz Araz çayı boyunca İranla həmsərhəd olduğuna görə bu əraziyə hətta Ermənistan vətəndaşları xüsusi icazələri olmadan Mehri şəhərinə, eləcə də Qərbi Zəngəzurun digər şəhər və qəsəbələrinə buraxılmayıblar. Ermənilər 70 illik sovet dövründə heç vaxt bu dəhlizə sərbəst şəkildə nəzarət edə bilməyiblər.

Zəngəzur dəhlizi Birinci Qarabağ müharibəsinə qədər Azərbaycanın nəzarətində olub. Stansiyalara və bütün infrastrukturlara nəzarət, qatarlara satılan biletlər Bakıya məxsus idi. Qatarların hərəkət cədvəlini və stansiyaların iş qrafikini Bakı təşkil edirdi. Dəhlizin təhlükəsizliyini Ermənistanın deyil, SSRİ sərhəd qoşunları ilə bərabər, Azərbaycan həyata keçirirdi.

1988-ci ildən Ermənistanda baş qaldıran qanunsuz silahlı dəstələr Mehri şəhərində də qatarların hərəkətinə mane olmağa, şəhəri qarət edib dağıtmağa və bəzi hallarda mənimsəməyə başladılar. Ermənistanda baş qaldıran separatizm bu ölkənin digər ərazilərində olduğu kimi, Mehri şəhərində də onlara aid olmayan hər şeyi məhv edir, dağıdır və ya mənimsəyirdi. Ermənilər şəhərdə XVII-XVIII əsrlərə aid 100-dən çox yaşayış evini, inzibati binaları, 10-dan çox tarix və mədəniyyət abidəsini və monumental heykəltəraşlıq nümunələrini, şose və dəmiryol infrastrukturlarını tamamilə dağıdıb, yandırıb yararsız hala saldılar. Bu gün “Mehri erməni şəhəridir” deyənlər bu dağıntıların nəyə görə törətdilməsinin izahını indiyədək verə bilmirlər. Mehri dəmiryol stansiyasının qarşısında erməni millətçisi Stepan Şaumyanın büstü sovet dövründə azərbaycanlılar tərəfindən inşa edildiyinə görə erməni separatçıları onu dağıtdılar. Halbuki, Stepan Şaumyan Bolşevik Rusiyası tərəfindən Azərbaycana göndərilən ən qaniçən erməni terrorçusu idi. Büstün dağıdılmasına səbəb onun Azərbaycan dövlətinin vəsaiti hesabına ucaldılması olmuşdu.

Tarixi əhəmiyyətli yaşayış evlərinin bəziləri salamat qalsa da, istifadəyə tam yararsız vəziyyətdədir.

XVIII əsrə aid yaşayış evlərindən birinin interyeri.

Ermənilər tərəfindən dağıdılan qədim yaşayış evlərindən birinin eyvanı.

Tarixi əhəmiyyətli Mehri dəmiryol vağzalının binası ermənilər tərəfindən dağıdılaraq yararsız hala salındı.

Mehri dəmiryol vağzalının daxili görünüşü.

Mehri dəmiryol stansiyasının qarşısında erməni millətçisi Stepan Şaumyanın büstü sovet dövründə azərbaycanlılar tərəfindən inşa edildiyinə görə erməni separatçıları onu dağıtdılar. Halbuki, Stepan Şaumyan Bolşevik Rusiyası tərəfindən Azərbaycana göndərilən ən qaniçən erməni terrorçusu idi.

Mehri şəhərindəki bütün heykəllər ermənilər tərəfindən ya dağıdılıb, ya da yararsız hala salınıb.

Mehri şəhərində 1881-ci ildə istifadəyə verilən ilk müsəlman mədrəsəsinin (dini məktəb) binası. Sovet dövründə orta məktəb kimi istifadə olunub. 1988-1990-cı illərdə erməni separatçıları tərəfindən dağıdılıb. Hazırda mövcud deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418
avatar

Oxşar yazılar