“İsmayıl Şıxlı deyib ki, bundan “Cahandar ağa” olmaz...” - REPORTAJ
04 avqust 2011 18:53 (UTC +04:00)

“İsmayıl Şıxlı deyib ki, bundan “Cahandar ağa” olmaz...” - REPORTAJ

Gəncəyə günorta çatdıq. Həmin gün şəhər istidən sanki qaynayırdı. Adətən bu yerlərə xas, dağlardan gələn meh belə həmin gün qəhətə çıxmışdı. Amma bir hovur dincəlib işə başlamalıydıq. İş deyəndə ki, əslində Gəncə səfərinin məqsədi bəlli idi; Ələddin Abbasovla görüşmək niyyətində idik. Yaşı doxsana çatan “Cahandar ağa” ilə.

“Evdə tapa bilməsəniz…”

Kondisionerin altıdan çıxıb - yeri gəlmişkən, əyləşdiyimiz kiçik kafe Gəncə avtovağzalı ətrafında yeganə obyekt idi ki, orda kondisioner işləyirdi - Ələddin müəllimin evini axtarırıq. Əyləşdiyimiz taksinin sürücüsü deyir ki, evdə tapa bilməsəniz, Gəncəçayın böyründə bir restoran var, adətən orda olur.

- Elə ordaca tapmaq mümkündür.

- Orda neyləyir ki?

- Restoranda neyləyərlər, bacıoğlu?

Hmm, məntiqli sualdır, insafən. Amma yolda kiməsə zəng edib Ələddin müəllimin evinin yerini soruşur.

- Qardaşım idi, deyir teatrın yanında yaşayır.

***

Sürücü maşını düz Gəncə Dövlət Dram Teatrının yanına sürür.

- Qardaşımın dediyinə görə, evi hardasa buralarda olmalıdır. Dayan, soruşaq.

Maşından düşüb teatrın qapısını döyürük. Qapı bağlıdır. İçəridən də heç bir səs-səmir gəlmir. Binanın qarşısındakı çayxanada da heç kim gözə dəymir.
Stul və stollardan başqa…

- Bacıoğlu, adətən artistlər bu çayxanada otururlar. Yəqin istidir, həm də “obed” vaxtıdır, gərək axşamüstü gələsən. İndi burda dayanmağın heç bir mənası yoxdur.

Qərara gəlirəm ki, yenidən elə həmin kafeyə qayıdım; sözün açığı, kondisionerə görə. Ən azı saat beşə kimi gözləmək lazım gələcəkdi. Çay dəmlənənədək qəzet almaq üçün köşk axtarıram. Avtovağzaldakı qəzet köşkünü götürüblər. Mənə deyirlər ki, bir qədər yuxarıda bir köşk olmalıdır. Oradakı köşk də yoxa çıxıb.

- Bunları təzəlikcə götürüblər. Deyirlər çox köhnə olduqlarına görə, şəhərin “vidini” korlayırmış. Başçı deyib ki, daha müasir formalı köşklər gətirdəcək. Nəhayət, “bazarın yanı” deyilən yerdə bir qəzet köşkü tapıb, kafeyə qayıdırıq.

- Tapa bilmədin, evi düz teatrın arxasında olmalıdı ki? - kafenin sahibi dillənir.

***

Saat beşi gözləməyə səbrimiz çatmır. Başqa bir taksi tutub, yenidən teatra yollanırıq. Teatrın qarşısında ahıl bir kişi ilə rastlaşırıq. Gözətçi imiş.

- İndi hamı tətildədir, oğlum, heç kim yoxdu burda. Amma oğlanları teatrda işləyir. Yəqin bir azdan gələrlər. Bir oğlu da elə burda yaşayır. Elə Ələddin müəllim də əvvəllər burda yaşayıb, sonra köçüb başqa yerə. Gedək, göstərim.

“O, gün də hansısa kanaldan gəlmişdilər, hamısını qovaladı”

Evin qarşısında durub kimisə haylayır.

- Bu oğlan Bakıdan gəlib, Ələddin müəllimi axtarır.

Eynəkli, sarıyanız, bir nəfər bizə yaxınlaşır.

- Oğludur, oxşamır hə? Amma o biri oğlu Aydın elə bil Ələddin müəllimdir ki, durub qarşında. Sadəcə yaşlı, qocalmış yox, cavan Ələddin.

- Xoş gəlmisiniz... Oqtay.

Mən də, özümü təqdim edirəm. Gəlişimin səbəbini deyirəm. Fikrə gedir.

- Çətin məsələdir, çox çətin.

- Niyə?

- Bilirsiz, o danışmayacaq. Danışmaq istəmir. Əsəbiləşir, özündən çıxır. Biz də istəmirik kiminləsə görüşsün.

- Biz cəmi 20 dəqiqə vaxtını alacağıq.

- Vallah əsəbləşəcək, dalaşacaq. 90 yaşı var e, artıq. Zarafat deyil. O gün də hansısa telekanaldan gəlmişdilər, hamısını qovaladı.

- Bəlkə məni qovmadı?

- Yox e, söhbət qovmaqda da deyil.

- Onda gedək.

- (Bu dəfə başqa bəhanə gətirir. Amma sonradan, elə səhəri günü qardaşı Aydınla söhbətdə biləcəyəm ki, əslində bütün bunlar bəhanə-filan deyilmiş. Artıq neçə ildir ki, 90 yaşlı sənətkarın həyat tərzi imiş) Bilirsiz, indi o yatır. Bir də gecə duracaq. Çörəyini yeyib, yüz qram vurub, yenə yatacaq. Yaxşısı budur, sabah saat 11-də zəng elə Aydına. Həmin vaxtlar oyaq olur. Bəlkə Aydın köməklik edə, razı sala onu. Yoxsa, ağlım bir şey kəsmir.

… Əlacımız nədir?

***

Bu yerdə bir məqamı xüsusi vurğulayaq. Ələddin müəllimin hər iki oğlu Oqtay və Aydın da teatra bağlı adamlardır. Aydın işıqçıdır. Oqtay isə səhnəyə quruluş verir. Boş vaxtlarında isə şəxsi maşınından taksi kimi istifadə edir. Ələddin müəllimin nəvələri də, necə deyərlər, babalarının yolunu davam etdirirlər; Samir elə həmin teatrda çalışır. Hətta babası ilə birgə səhnəyə də çıxmağa da imkan tapıb. Elnur isə kukla teatrında işləyir. Burası belə. Demək, sabaha qədər gözləmək zorundayıq. Çünki oğlu Aydınla zəngləşəndə ancaq sabah görüşə biləcəyimizi deyir.

Bəlkə, sabaha qədər “Cahandar ağa”nın ömür yolundan bəzi məqamlara nəzər salaq?

Aktyor təhsili olmayan nəhəng aktyor

Sən demə, Ələddin müəllimin aktyorluq təhsili yox imiş. 1922-ci ildə Gəncədə doğulan Ələddin hələ 15 yaşında Gəncə teatrının nəzdindəki aktyor studiyasına qəbul olunub. Əvvəlcə kütləvi səhnələrdə çıxış edib. Fövqəladə istedadını görüb, 17 yaşı olanda artıq gənc Ələddini aktyor truppasına götürürlər. Və bununla da o, həyatını ömürlük teatra bağlayır.

Bəlkə də az adam bilir, Ələddin Abbasov Böyük Vətən Müharibəsi iştirakçısıdır. 4 il vuruşub. Yaralanıb da. Və bir dənə də maraqlı fakt. Müharibədən qayıdan Ələddin birbaşa evə yox... elə teatra gəlir! Hələ üstəlik, onu xüsusi zəmanətlə milis məktəbinə göndərmək istəyirmişlər. Özü də, necə deyərlər, zorla. Amma birtəhər canını qurtara bilir. Və təbii ki, teatra üz tutur.

“Qatır Məmməd”lə başlayan böyük səhnə həyatı

Onun teatrda ilk böyük rolu 1947-ci ildə Zeynal Xəlilin “Qatır Məmməd” pyesində Qatır Məmməd rolu olub. Bu rol o qədər uğurlu alınıb ki, sonradan teatrın repertuarında elə bir tamaşa olmayıb ki, Ələddin Abbasova rol verilməsin.

1958-ci ildə əməkdar artist, 1971-ci ildə isə xalq artisti adına layiq görülüb. Söylənənlərə görə, o, SSRİ Xalq Artisi adına da layiq görüləcəkmiş. Hətta bu barədə Moskvaya təqdimat da olub. Amma respublikadakı bəzi bədxahlar onun bu adı almasına mane olublar. Mane olanlardan biri də elə Azərbaycanın tanınmış aktyorlarından biri, SSRİ Xalq Artisti olub. Sadəcə, həmsöhbətimiz onun adını çəkmir.

Hə, “Qatır Məmməd”dən sonra oynadığı rollar onu uğurdan uğura daşıyıb. Gəncə teatrının işçiləri deyirlər, ki, bir zamanlar bu teatrda hansı əsər səhnəyə çıxsa, baş rolda Ələddin Abbasov oynayarmış. Hətta çox vaxt əsərləri məhz Ələddin Abbasova görə səhnələşdiriblər də. Ən çox da Cəfər Cabbarlının əsərlərini. Bəlkə də elə buna görədir ki, oğlanlarının adlarını da Cabbarlının qəhrəmanlarının şərəfinə adlandırıb: Oqtay və Aydın.

“Yeddinci Cahandar ağa”

Və bir də kino həyatı. "Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və digər filmlərə çəkilməsinə baxmayaraq, onun ən məşhur rolu "Dəli Kür"dəki Cahandar ağa obrazıdır. Bu rolla bağlı maraqlı məqam var. Filmin çəkilişləri vaxtı 6 nəfəri sınaq üçün yoxlayıblar. Ələddin Abbasov sınağa çəkilən 7-ci “Cahandar ağa” olub. Təsdiqdən sonra əsərin müəllifi İsmayıl Şıxlı ilk çəkilişə gəlibmiş. Ələddin Abbasovu görən kimi rejissor Seyidzadəyə deyib ki, siz neynirsiz, bunu çəkirsiniz? Rejissor da “hə” deyib. İsmayıl Şıxlı bir söz deməyib, amma çəkiliş meydançasından narazı halda gedib. Amma filmə baxış zamanı, daha doğrusu, film başa çatan kimi “Cahandar ağa”nı ilk alqışlayan elə rəhmətlik İsmayıl Şıxlı olur.
Film ilk dəfə Gəncədə nümayiş etdiriləndə isə anası da ona baxmağa gedibmiş. Oğlunu Cahandar ağa qiyafəsində görən kimi qayıdıb ki, bu ki rəhmətlik babasıdır!

“Bir çox filmlərə “yox” dedi”

Ələddin Abbasov müstəqillik dönəmində vur-tut iki filmə çəkilir. “Məkanın melodiyası” və “Özgə vaxt”. Oğlu Oqtay deyir ki, bundan sonra onu bir neçə dəfə də filmlərə dəvət ediblər.

- Müxtəlif filmlərə çağırırdılar. O, isə “otkaz” edirdi. Səhhəti imkan vermirdi. Həm də istəmirdi ki, bu yaşında oynadığı rol zəif alınsın. Düzdür, ayaqları demək olar ki, işləmir. Necə deyərlər, oturaq rollar oynaya bilərdi. Amma buna da razı olmadı.

Ələddin müəllimin belə tərslikləri çox olub. Məsələn, onu dəfələrlə Bakıya Akademik Dram Teatrına çağırıblar. Amma hər dəfə də etiraz edib ki, Gəncədən heç hara getməyəcəm. Hətta bir dəfə o vaxtlar Akademik Teatrın Ədil İsgəndərov şəxsən Gəncəyə gəlib onu yola gətirmək istəyib. Amma xeyri olmayıb. Gəncəni tərk etməyib. Ədil müəllim də kor-peşman geri qayıdıb. Gəncə teatrını heç yerə dəyişməyib, Ələddin müəllim...

“Bayaq Teymur Əmrah gəlmişdi, onunla da görüşmədi”

Səhəri Aydın müəllimlə zəngləşirik. Deyir yarım saatdan sonra teatrda olacam. Deyilən vaxt ora üz tuturuq. Bizi yenə Oqtay qarşılayır. Deyir onu razı salsa, Aydın razı sala bilər. Həm də Aydından soruş indi, bu gün üçün atamın əhvalı necədir, qonaq qarşılamağa imkan verir?

… Eynən Ələddin müəllimin özüdür. Salamlaşırıq.

- Qardaş, çətin məsələdir. Bu gün ümumiyyətlə əsəbidir. Bayaq Teymur Əmrah gəlmişdi, (həmin ərəfədə Teymur Əmrah Gəncədə konsert verirdi - S.M.) onu da qəbul eləmədi. Ağlım bir şey kəsmir. Neçə vaxtdı belədi. Sanki hamıdan küsüb. Heç kimlə danışmaq istəmir.

- Mən vəziyyəti başa düşürəm. Heç olmasa yadigar bir şəkil çəkdirək onunla.

- Yox, yox! Fotoaparatı görsə, daha çox əsəbiləşəcək.

- Bəs bütün günü neyniyir Ələddin müəllim?

- Heç. Günün çox vaxtını yatır. Durur, durmaq deyəndə ayaqları sözünə baxmır. Zarafat deyil, 90 yaşı var. Çörəyini yeyir, 50 qramını vurub yatır.

- Deyirsiz heç cürə mümkün deyil?

- Vallah, inciməyin. Oğluyam, amma mənim özüm onunla ehtiyatla danışıram ki, əsəbiləşdirən bir hərəkət etməyim.

Neynək, Aydın müəllimlə razılaşmaqdan başqa əlacımız qalmadı. Həm də, o boyda “Cahandar ağa”nı əsəbiləşdirmək də düzgün olmazdı…


***

- Aydın müəllim, o, axırıncı dəfə teatra nə vaxt gəlib?

- Yadımda deyil, hansı tamaşa idi. Amma maşınla gətirdik, qucağımızda düşürdük, baxdı, yenidən evə apardıq.

- Bəs teatrda axırıncı rolu nə olub?

- Səhv eləmirəmsə, “Mahnı dağlarda qaldı”da, Böyük bəy! Hə... yüz faiz.

***

Həmid Herisçinin sözü olmasın, deyəsən burda da bir mistika varmış. “Mahnı dağlarda qaldı”…

…Özü də Böyük bəy!

Allah səni qorusun, Böyük Kişi! Görüşmüşkən varıq!


Səbuhi Məmmədli,
Bakı- Gəncə-Bakı
# 1964

Oxşar yazılar