Bu 5 cihaz uzatma kabelinə  qoşulmamalıdır
06 mart 2026 14:28 (UTC +04:00)

Bu 5 cihaz uzatma kabelinə qoşulmamalıdır

1

Müasir dövrdə uzatma kabelləri demək olar ki, hər evdə istifadə olunur və bir neçə cihazı eyni anda qoşmaq üçün əlverişli vasitə hesab edilir. Telefonu, noutbuku və digər kiçik məişət texnikalarını enerji ilə təmin etmək üçün geniş istifadə olunan bu qurğular bəzi hallarda təhlükəli nəticələrə səbəb ola bilər. Xüsusilə güclü enerji sərf edən cihazların uzadıcıya qoşulması yanğın riskini artırır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, energetika sahəsi üzrə Wolf River Electric şirkətinin eksperti Castin Nilsenin sözlərinə görə, uzadıcılar müəyyən maksimum cərəyan gücü üçün nəzərdə tutulur.

Onun sözlərinə görə, yüksək güc tələb edən avadanlıq qoşulduqda kabelin daşıma limiti aşılır və bu da həddindən artıq qızmaya səbəb olur.

Ekspert vurğulayıb ki, kabel təhlükəsiz göstəricilərdən kənarda işlədikdə izolyasiya qatı əriyə, hətta evdə yanğın baş verə bilər. O qeyd edib ki, cihazın işləməsi onun təhlükəsiz olması demək deyil. Elektrik təhlükəsizliyində əsas məsələ sadəcə qoşulma deyil, yük balansıdır.

Mikrodalğalı soba

Mikrodalğalı sobalar qısa müddət işləsə də, yüksək güc sərf edir. Qidanı tez qızdırmaq üçün böyük enerji tələb olunur və bu enerji ani şəkildə ötürülür. Bu zaman yaranan gərginlik sıçrayışı, xüsusilə eyni uzadıcıya başqa cihazlar da qoşulubsa, kabelə əlavə yük yaradır. Ekspertin sözlərinə görə, mikrodalğalı soba birbaşa divar rozetkasına qoşulmalıdır.

Soyuducu

Dondurucu kamerası olan soyuducular gün ərzində davamlı olaraq qoşulub-söndürülür və daimi enerji sərf edir. Bu isə uzadıcı kabelində zamanla qızmaya səbəb olur. Əgər kabel bükülü vəziyyətdədirsə və ya üstü örtülüdürsə, istilik normal şəkildə yayılmır. Nəticədə izolyasiya zədələnə bilər və təhlükə yarana bilər.

Elektrik çaydanı

Elektrik çaydanı bir çox evdə ən çox istifadə olunan cihazlardan biridir. Qısa müddətdə suyu qaynatmaq üçün yüksək cərəyan tələb edir. Onu uzadıcıya qoşmaq həddindən artıq qızma riskini artırır. Ekspert xüsusilə eyni uzadıcıya həm çaydanı, həm də tost aparatını qoşmağın olduqca təhlükəli olduğunu bildirib.

Paltaryuyan maşın

Paltaryuyan maşınlar evdə ən çox enerji sərf edən cihazlar sırasındadır. Xüsusilə su qızdırma mərhələsində enerji tələbatı kəskin şəkildə artır. Müasir modellər pik rejimdə 2000-2500 vat və daha çox güc sərf edə bilir. Belə cihazlar mütləq şəkildə birbaşa stasionar rozetkaya qoşulmalıdır.

Elektrik qızdırıcısı

Portativ elektrik qızdırıcıları soyuq havalarda otaqları tez isitməyə kömək etsə də, uzun müddət yüksək gücdə işləyir. Ekspert bildirir ki, qızdırıcıları uzadıcıya qoşmaq qətiyyən tövsiyə edilmir. Onun sözlərinə görə, istilik və elektrik onsuz da riskli kombinasiyadır, buna əlavə olaraq yüklənmiş kabeldən istifadə etmək təhlükəni daha da artırır.

Mütəxəssislər məişət texnikası seçərkən və qoşarkən elektrik təhlükəsizliyi qaydalarına riayət etməyi, yüksək güc tələb edən cihazları birbaşa divar rozetkasına qoşmağı tövsiyə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2758

Oxşar yazılar