“Biz oxuyanda onlar harda idi?” - RƏY
04 avqust 2011 13:23 (UTC +04:00)

“Biz oxuyanda onlar harda idi?” - RƏY

Bugünkü Azərbaycan şou biznesində müxtəlif kateqoriyalı müğənnilərə rast gəlmək mümkündür. Məsələn, “səviyyəli müğənni”, “professional”, “A kateqoriyalı”, “bozbaş” və s. Hələ də tam formalaşmayan şou-biznes məkanında bu kateqoriyaları yaradan da, təltif edən də müğənnilərin özləridir. Belələrilə yanaşı, şou aləminin kandarından içəri girə bilməyən kateqoriyasız müğənnilər də var - bir zamanlar məşhur olan, sevilən, toylara, konsertlərə çağırılan, bu günsə heç adları belə xatırlanmayan sənətçilər. Sovet dövrü dağılandan, yeni musiqi sistemi yaranmağa başlayandan sonra bu müğənnilər zamanın nəbzini tuta, şou biznes aləminin yazılmayan qanunları ilə ayaqlaşa bilmədilər. Və tədricən unudulmağa, yaddan çıxmağa başladılar. Bu gün onlar efirlərə, konsertlərə, dövlət tədbirlərinə, toylara da dəvət olunmurlar. Onlardan biri zamanının məşhur və sevilən sənətçilərindən sayılan əməkdar artist Kəmalə Rəhimlidir. Kəmalə Rəhimli ötən həftə “ATV maqazin” verilişinə müsahibəsində hazırkı acınacaqlı vəziyyətindən, çətin dolanışığından, toylara çağırılmamasından şikayətlənib.

Əslində Kəmalə Rəhimli zamanla ayaqlaşmayıb kənarda qalan sənətçilərdən yalnız biridir. Azərbaycanda belə müğənnilərin sayı onlarladır. Kəmalə Rəhimlinin çıxışından sonra, onsuz da aktual olan bu mövzuya yenidən qayıtmağı qərara aldıq. Bu vəziyyətdə olan, sənətə, ifaçılığa biznes kimi yanaşmaq istəyi və bacarığı olmayan sənətkarlar neyləməlidir? Şou-biznesin bir az da vəhşi təbiətli qanunlarının ayağı altında qalıb əzilməlidirlər, yoxsa hansısa bir himayə olmalıdır?

Müsahibimiz - müğənni Əli Mirəliyev də özünü bu sıraya aid edir.

“Dövlət onları öz himayəsinə almalıdır”

Əli Mirəliyev deyir ki, bu gün sovet dövrünü pisləsələr də, o vaxtkı dolanışıqları indikindən dəfələrlə yaxşı idi: “Pis dolanırdıq məgər? O vaxt hər şey yaxşı idi. Bədii Şura vardı, hər müğənni oxuya bilmirdi. Mən Dövlət Mahnı və Rəqs Ansamblında oxuyurdum, hamımız maaş alırdıq. Kəmalə Rəhimli də mənimlə filarmoniyada işləyib. Kəmalə Rəhimli yaxşı oxuyub, dəbdə olub. Toylara, konsertlərə, xaricə gedib ailəsini saxlayıb. Amma indi o, heç kimə lazım deyil. Tək Kəmalə deyil. Biri elə mən. O qədər elə müğənni var. Şəfiqə Hüseynova, Ruhəngiz Musəvi, Zöhrə Abdullayeva, Yaqut Babayeva, Kifayət Gəncəli və s. O qədər efirə çıxmırlar ki, adlarını da unutmuşam. O boyda sənətkar Akif İslamzadə kənarda qalıb, heç yerdə işləmir, maaş almır. Necə dolanır bilmirəm. 50 ildən sonra biləcəyik ki, Akif İslamzadə necə müğənni olub”.

Onun sözlərinə görə, adını sadaladığı müğənnilər toylara demək olur ki, heç dəvət olunmurlar. Üstəlik, heç bir yerdən konkret gəlirləri də yoxdur. Nə əmək haqqı, nə də təqaüd alırlar. Belə olan halda onların necə yaşadıqlarını təsəvvür etmək çətin deyil: “Özü də indi toylara cavanları aparırlar. Restoran müdirləri də toy yiyəsinə məhz o cavanların adını verir. Nə dildə oxuduqları da bilinmir heç. Özfəaliyyətdən aşağı səviyyədə oxuyurlar. Artıq Kəmaləyə, mənə ehtiyac qalmır. Belə olmaz axı. Efirdə olmayan, bir iş görməyən adamlar bu gün xalq artistidirlər, kimlərinsə bığının altından keçib təqaüd alırlar. Amma onlarla bizim çəkdiyimiz əziyyət birdir? Biz oxuyanda onlar harda idi, niyə oxumurdular? Biz isə toylarımızı atıb konsertlərə, xarici ölkələrə gedirdik. Ölkənin adına, mədəniyyətinə xidmət edirdik. Mən 20-dən çox ölkədə olmuşam. Bunun müqabilində nə fəxri adım, nə maaşım var. Yaxşı ki, ANS “Toylar kralı” layihəsinə dəvət etdi. Bəs o birilər necə yaşasın? Sabah məni o layihədən çıxarsalar, mən də Kəmalə kimi olacam. Elə indi də onun kimiyəm. Əgər biz dövlət kollektivlərinin solisti olmuşuqsa, indi dövlət bizi himayəsinə götürməlidir. Axı biz heç təqaüd də almırıq. Eləcə də Kəmalə Rəhimli. Əməkdar artist adına görə aldığı 30 manatla necə yaşasın?”

Ə. Mirəliyev hesab edir ki, bu sənətçiləri taleyin ümidinə buraxmaq olmaz. Onun fikrincə, Azərbaycan musiqisinə öz töhfələrini verən bu müğənniləri dövlət öz himayəsinə almalıdır: “Çıxış yolunu ancaq dövlətin onları öz himayəsinə almağında görürəm. Mədəniyyət və Turizm Nazirliyi bu müğənniləri konsertlərə dəvət etməli və bunun müqabilində onlara qonorar ödəməlidir. Ayda üç konsertə gedib, hərəsindən 200 manat alsalar, vallah dolanarlar. Belələrini ancaq nazirlik himayəsinə almalı və problem dövlət səviyyəsində həll olunmalıdır”.

“Şou biznes mərkəzi yaranmayınca, bu məsələ həll olunmayacaq”

İndiyədək pul müqabilində toya getməyən xalq artisti Mübariz Tağıyev nə bugünkü şou biznes aləmindən, nə də özünün dolanışığından razıdır. Deyir ki, SSRİ məkanında mövcud olmuş respublikaların hər biri şou-biznesə doğru addımlayır. Rusiyanın bu istiqamətdə uğurları var, Qazaxıstanda vəziyyət müəyyən qədər tarazlaşıb. Ancaq əksər ölkələrdə, eləcə də Azərbaycanda bir çaxnaşma yaranıb: “Bu da yaşlı sənətkarlar və gənc müğənnilərlə bağlıdır. Şou biznes təkcə 3-4 nəfəri yox, bütün sənət aləmini əhatə etməlidir – klassikadan tutmuş sirkə, illüziyaya qədər. Fikir verin, Azərbaycan şou-biznesində 6-7 nəfər eyni adam müəyyən restoranlarda, müəyyən toylarda, müəyyən yerlərdədir. Qalanları isə qalıb kənarda. Ona görə də çoxunun vəziyyəti pisdir. Mənim özümün də vəziyyətim yaxşı deyil. Cüzi maaş alıram. Gəlir yerim yoxdu. Yalnız maaşla dolanan adamam. Mən yaşda sənətkarların hamısı belə yaşayır – Yalçın Rzazadə, Flora Kərimova... Yaxşı ki, bəzi sənətkarlara prezident təqaüdü verilir. Bu olmasaydı, nə olardı? Dövlət tərəfindən müəyyən qədər kömək olmasa, yaşlı sənətkarların çoxu məhv olar. Amma mən təqaüd almıram. Bilmirəm bunun üçün təqdimatı kim etməlidir, ancaq xalq artistinə təqdimat vermək lazımdırmı? Mən bir dəfə müraciət etdim, cavabı olmadı. Ondan sonra müraciət etmədim. Vəziyyətim yaxşı olmasa da, mən özfəaliyyət səviyyəsində olan bu şou biznes aləmində olmaq istəmirəm. İstərdim peşəkar səviyyəli bir şou biznes aləmi olsun. Hərə əlinə bir disk alıb düşür ortalığa. Bununla məsələ həll olunmayacaq axı”.

Mübariz Tağıyev problemin həlli yolunu şou biznes mərkəzinin yaranmasında görür. Onun fikrincə, şou biznes mərkəzi yaranmayınca, vahid şəkildə idarə olunmayınca, bu məsələ həll olunmayacaq.

“Biz heç bir müştərini geri qaytarmırıq”

Əməkdar artist Səməd Səmədov isə həm toylarının sayından, həm də dolanışığından razıdır. Müğənni bu qənaətdədir ki, toylarının çox olmasına səbəb müştəriləri geri qaytarmamasındadır: “Mən bilmirəm onlar hansı qiymətə toya gedirlər. Amma mən və Cavanşir Məmmədov Azərbaycanda ən ucuz və keyfiyyətli ansamblla birlikdə toy aparırıq. 3 min manata da, 2 min manata da toya gedirik. Yəni, biz heç bir müştərini geri qaytarmırıq. Evdə oturmaqdan bir şey çıxmır axı. Buna görə bizim toylarımız çox olur. Amma elə müğənnilər var ki, özünü qaldırıb qoyur dağ başına, yüksək qiymət deyir, ayda da iki-üç toya gedir, vəssalam. O ki qaldı Kəmalə xanıma, mənim onun özünə də, sənətinə də böyük hörmətim var. Vaxtilə o, ayın 30 günü toylarda olurdu. Nəinki Azərbaycanda, başqa ölkələrdə də. Dərbənddə bir neçə dəfə onunla toyda olmuşam. Səsilə dağıdırdı oranı. O cür populyarlığı vardı. Görünür, yaşa dolduqca insanın reytinqi aşağı düşür. Nə deyim vallah, Allah hamının ruzisini yetirsin!”

Sonda onu qeyd edək ki, nə yaxşı prezident təqaüdü deyilən bir himayə var və sənətkarlarımızın hamısı olmasa da, bir çoxu bu təqaüdə layiq görülüb. Bundan kənarda qalanlarsa, necə deyərlər, yaşamaq uğrunda mübarizə aparmaqda, şou-biznesin sərt qaydalarının əziyyətini çəkməkdədirlər...

Xəyalə
# 1296

Oxşar yazılar