Nazir müavini: “Kinostudiyada təmir işləri yeni ildən başlayacaq” – EKSKLÜZİV
03 avqust 2011 11:54 (UTC +04:00)

Nazir müavini: “Kinostudiyada təmir işləri yeni ildən başlayacaq” – EKSKLÜZİV

Azərbaycanın yeganə kinostudiyası olan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının əsaslı təmiri ilə bağlı bir çox şirkətlərlə danışıqlar gedir. Bunu Lent.az-a açıqlamasında mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

O bildirib ki, kinostudiya tam müasir qaydada yenidən təmir olunacaq: “Hazırda biz bir neçə şirkətlərlə danışıqlar aparırıq. Tam razılaşandan, təsdiq olunandan sonra iş başlayacaq. Yəqin ki, təmir işlərinə yeni ildən start veriləcək. İstəyirik elə edək ki, “Azərbaycanfilm” dünyada ən yaxşı kinostudiya olsun”.

Qeyd edək ki, “Azərbaycanfilm” Kinostudiyası 50 il bundan qabaq tikilib və o vaxtdan əsaslı təmir olunmayıb. Kinostudiyanın laboratoriyası 20 ilə yaxındır ki, fəaliyyət göstərmir. Pavilyonları pis vəziyyətdədir. İstilik sistemi 25 ildir yoxdur. Səsyazma sexi, otaqları, dəhlizləri bərbad haldadır. Çəkiliş texnologiyası isə 1974-cü ildə alınan texnologiyadır. Buna görə də film istehsalı zamanı kinostudiya texnikanı Rusiya, Gürcüstan, ya da İrandan icarəyə götürür.

Onu da xatırladaq ki, 2005-ci ildə kinostudiyada təmir işləri başlasa da, yalnız dam örtüyünün yenilənməsi ilə kifayətlənmişdi. Bu 6 il müddətində ölkənin ilk və yeganə kinostudiyasının əsaslı təmir işləri yarımçıq dayandırılmışdı.

Xəyalə Muradlı
# 506

Oxşar yazılar