Gülüstan qalasında maraq doğuran tapıntılar
02 avqust 2011 10:48 (UTC +04:00)

Gülüstan qalasında maraq doğuran tapıntılar

Ekspedisiyanın üzvü, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynovun Lent.az-a verdiyi məlumata görə, qazıntı zamanı qala divarları olduğu güman edilən tikili hissələri, saraya məxsus mətbəx, çoxlu sayda təndirlər, ocaq yerləri, qazanlar, silah nümunələri (nizə və ox ucları), sikkələr, müxtəlif ölçülü saxsı və şüşə məmulatları, iri təsərrüfat küpləri, nəfis hazırlanmış şirəli qablar, daş kirkirə, əl dəyirmanı və s. aşkara çıxarılıb. Eyni zamanda mətbəxdə, təndirin yanında bir neçə skelet aşkarlanıb: “Təəccüblü olsa da, bu skeletlər yaşayış yerinin altında dəfn edilmişdilər. Skeletlərdən biri 11-13 yaşlarında olduğu güman edilən uşaqdır. Onun bədənində və baş hissəsində çoxlu sayda ox ucluqları aşkara çıxarıldı. Onurğa sümüyünə batmış ox ucluğunun ətrafında yanıq yerləri müşahidə edildi. Belə ehtimal etmək olar ki, yeniyetmə qatrana batırılmış yanar oxla vurulmuş, sümükdə olan yanıq izləri də qatranlı oxun nəticəsində yaranmışdı. Maraq doğuracaq ikinci skeletin qismən (kremasiya olunmuş) sümüklərinin üzərində yanbayan qoyulmuş üç müxtəlif saxsı qab aşkara çıxarıldı. Birinci skelet islam qaydalarına əsasən üzü qibləyə dəfn edilmişdirsə, ikinci skeletdə islamdan əvvəlki dəfn ayini nəzərə çarpır. Bu da Gülüstan qalasında yaşayışın tarixdən də məlum olduğu kimi, VIII əsrdən başladığı güman olunsa da, daha qədimə gedib çıxdığını sübut edir”.
Ekspedisiya üzvünün sözlərinə görə, Gülüstan qalasında aparılan tədqiqatlar hazırda da davam edir. Lakin qalaya aparan yolun bərbad olması üzündən ekspedisiya bir çox çətinliklərlə üzləşir: “Şamaxı rayon İcra hakimiyyətinə edilən həm yazılı, həm də şifahi müraciətlərə baxmayaraq, bu yol hələ də bərbad vəziyyətdə qalmaqdadır. Bu isə Gülüstan qalasının həm arxeoloji abidə baxımından, həm də turizm baxımından əlverişli olmasına əngəllər törədir. Nəzərə alsaq ki, 2011-ci il “Turizm ili” elan edilib, bu baxımdan Gülüstan qalası minillikdən də uzağa gedən tarixi ilə ölkəmizə gələn turistlər üçün böyük önəm və maraq daşıyacaq. Ölkəmizin tarixində böyük rola malik bu qalanın arxeoloji turizm baxımından böyük əhəmiyyəti var. Gülüstan qalası Azərbaycan tarixində ən dramatik səhnələrə şahid olmuş əzəmətli bir tarixi abidədir. Bu qala öz tarixi boyu Azərbaycanın ən çətin zamanlarında qanlı çaxnaşmaların tarixi şahidi olub. Ərəb və səlcuq işğalı, monqolların Azərbaycana dağıdıcı yürüşləri, Teymurləngin, Qızıl orda xanlığının, Səfəvilər imperiyasının, həmçinin Osmanlı-Səfəvi müharibələri zamanı Gülüstan qalası öz əzəməti ilə düşmən ordularına qarşı dayanan birinci hərbi istehkam tipli qalalarımızdan sayılır. Qala XVII əsrdə Səfəvilər tərəfindən dağıdılaraq xaraba vəziyyətdə qalıb”.
S. Hüseynovun fikrincə, Şirvanşahlar dövlətinin müdafiə istehkamları bir-biri ilə sıx əlaqədar olduğundan burada kompleks tədqiqat işlərinin aparılması vacibdir. Bu səbəbdən Şirvanşahlar dövlətinin əsas müdafiə qalası sayılan və Gülüstan qalası ilə birbaşa əlaqədə olan Buğurt qalasında da tədqiqat işlərinin aparılması gərəkdir. Odur ki, ekspedisiya yaxın günlərdə Buğurt qalasında ilkin kəşfiyyat işlərini də həyata keçirməyi planlaşdırır. Məlumat üçün bildirək ki, hər iki qalanın Səfəvilər dövlətinin şahları tərəfindən dağıdılmasına əmr verilmişdi.
Hazırda ekspedisiyanın internet saytı üzərində də işlər gedir. Yaxın günlərdə Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyasının rəsmi internet saytı ictimaiyyətə təqdim ediləcək.
# 1753

Oxşar yazılar