Bir şedevrin tarixçəsi - FOTO
Böyük rus rəssamı Perov artıq eskizlərini belə hazırladığı "Troyka" tablosundakı qoşqunu mərkəzdən çəkən obraz üçün uyğun model tapa bilmirdi ki, bilmirdi.
Troyka rusların üç at qoşulan arabasına deyirlər. Bu qoşquda ortadakı at qalanlarından həm güclü, həm də boy-buxunlu olur və yorğa yeriyir. Yandakı atlar isə mütləq çaparaq gedirlər...
Perov qəribə bir tablo çəkmək istəyirdi - onun troykası üç uşağın qoşulduğu, üzərində su çəlləyi daşınan buz bağlamış kirşə olacaqdı, amma ortadakı uşaq üçün ürəyindən xəbər verən model hələ yox idi.
Səhərdən axşamadək küçələri dolaşır, diqqətini çəkən uşaqların, yeniyetmələrin üz cizgilərinə diqqət yetirir, sərsərilərə, dilənçilərə yaman baxırdı.
Və belə günlərin birində Vasenkanı gördü.
Nimdaş geyinmiş, amma simasında nur yağan bu sakit oğlan indi xalasıyla harasa gedirdi...
- Hara belə?
- Ziyarətə gedirik, ağa - Troitsa-Sergiyev monastırına...
Vasili Qriqoryeviç Vasenkanın şəklini çəkmək üçün oğlanın xalasına çox yalvardı. Qadın isə "günahdır" deyib, tutduğunu buraxmaq bilmir və söyləyirdi ki, belə günah əməllər insana axirətdə yaxşı heç nə vəd etmir...
Amma Perov Vasenkanı görən təki başa düşmüşdü ki, tablonun təsirli çıxmasının açarı məhz bu nurlu oğlanın əlindədir. Onu çəkə bilsəydi, hər şey istədiyi kimi olacaqdı. Odur ki, qadından əl çəkmək fikrində də deyildi...
Nəhayət çox isrardan sonra, gətirdiyi dəlillərdən, sübutlardan sonra dindar xala bir təhər razılaşdı...
Perov ilhamla işlədi və qısa bir zamandan sonra tablo hazır oldu. O zamanlar hər bir təsviri sənət əsərinin ən dəqiq keyfiyyət göstəricisi tanınmış tacir, mesenat, qalereya sahibi Tretyakovun onu alıb-almaması sayılırdı. Bu tablo ətrafında isə elə nümayişə çıxarıldığı ilk gündən bir-birinə daban-dabana zidd fikirlər söylənilirdi və şəkli bəyənməyənlər arasında Rus pravoslav kilsəsinin Müqəddəs Sinodu da vardı...
Bütün bunlara rəğmən Tretyakovun tablodan xoşu gəldi, Perovla sövdələşib onu aldı və əsər məşhur qalereyada öz layiqli yerini tutdu...
...Həmin vaxtdan bir neçə il keçdi və günlərin birində ünlü rəssamın qapısını bir qarı döydü. Vasili Qriqoryeviç nə qədər zənlə baxsa da, həmin o Vasenkanın çox qocalaraq yaman günə qalmış xalasını tanıya bilmədi - qadın özü kömək etdi, tanışlıq verdi...
Sən demə, elə o ziyarətdən az sonra yazıq Vasenka dünyasını dəyişibmiş. Uşaq çoxdan xəstəymiş. Dərdinin əlacını Sergiyev monastırında axtarsalar da, tapa bilməmişdilər...
Bəs indi dərd əlində əsir qalmış bu qadın tanınmış rəssamdan nə istəyirdi görəsən? Nə idi onu bu qapıya gətirən?
Bəyaz saçları səliqəylə daranmış bu mömin qarının indi bircə istəyi vardı: o, rəssamdan Vasenkanın şəklini istəyirdi. Deyirdi ki, ya bağışlasın, ya da heç olmasa, satsın. Yalvarır, dil töküb iltimas edirdi - elə bil Vasenkanı itirəndən sonra, heç olmasa, onun obrazını yaşatmaq üçün hər şeyə razı idi yazıq qarı...
Vasili Qriqoryeviç nə qədər çalışsa da tablonun artıq ona məxsus olmadığını qadına anlada bilmədi və axırda məcbur qalıb onunla bir yerdə Tretyakovun yanına getdi, qalereyada nümayiş etdirilən həmin o tablonu çarəsiz qadına göstərdi...
Qadın şəklə baxaraq xaç çəkdi və dizi üstə düşüb düz axşama kimi yerindən qalxmadan dua elədi. Həmin gün Perovla Tretyakov "Troyka"nın asıldığı otağa neçə dəfə sakitcə baş çəksələr də, qadını səcdədə, göz yaşı tökərək dua edən gördülər...
Bu zavallı qadına necə kömək edəcəklərini bilmirdilər, amma nəsə etməliydilər, çünki onu bu ruhi sarsıntılar içərisində, belə çıxılmaz vəziyyətdə qoymaq da olmazdı...
Nəhayət Perovun ağlına bir fikir gəlir: qalereyadakı tablodan Vasenkanın etüdünü çəkib biçarə qarıya bağışlayır. Bu gözlənilməz hədiyyə qadını sanki həyata yenidən qaytarır. Axı sevimli Vasenkanın canlı obrazı indi daim yanında olacaqdı...
Deyirlər ki, qadın tanınmış rəssamın bu hədiyyəsinə o qədər sevinibmiş ki, ömrünün sonunadək rəssamla məktublaşırmış. Qadın böyük sənətkara yazırmış ki, etüdü evin yuxarı başına, ikonaların yanına qoyub və hər dəfə Tanrıya ibadət edərkən özünü sevimli Vasenkasına tutur...
P.S. İndi elə Perovun özü də, elə həmin o Vasenka da bütün sənətsevərlər üçün məşhur "Troyka" tablosunda yaşayır...
Gözlərindən həyat eşqi yağan Vasenka...
Əynində cır-cındır olan Vasenka...
Bu dəyanətli oğlan kiçik bacı-qardaşıyla çiyin-çiyinə buz bağlamış çəlləyi hələ də öz yoluyla çəkib aparır və bu yol Sovet zamanının bütün dərsliklərindən, sadə xalqın ağır həyatı barədə bütün şagird inşalarından keçərək bu günümüzə yetişir... Ağır su çəlləyinin altındakı kirşə hələ də inildəyə-inildəyə buzun üstüylə sürüşür, Vasenkanı təzədən tapmış, səcdədə dua edərkən üzünü ona tutan qoca qarının yanına yollanır - bütün qocalar kimi, onun da təşnə qəlbinə su səpilməlidir və bu suyu qarının qəlbinə Vasenka ovuclarında daşıyıb səpəcək; düz 155 ildir ki, buna artıq kimsənin şübhəsi yoxdur...
İlqar Əlfioğlu

717