Fikrət Əmirovun nəvəsi: “...dörd yaşım olsa da, indiki kimi xatırlayıram” - MÜSAHİBƏ - FOTO
19 iyul 2011 13:35 (UTC +04:00)

Fikrət Əmirovun nəvəsi: “...dörd yaşım olsa da, indiki kimi xatırlayıram” - MÜSAHİBƏ - FOTO

Bu gün - iyulun 19-da Bakı Caz Mərkəzində Belçikanın Azərbaycandakı səfirliyi və “Buta” İncəsənət Mərkəzi tərəfindən “Culture Helpline” proqramı çərçivəsində hər il təşkil edilən növbəti konsert keçiriləcək. Bu il konsertdə Belçika vətəndaşı olan azərbaycanlı pianoçu və bəstəkar-müğənni Nezrin (Nəzrin Əfəndiyeva) çıxış edəcək.


Nezrinin babası Azərbaycanın məşhur bəstəkarı və tamamilə yeni musiqi janrı olan simfonik muğamın banisi Fikrət Əmirovdur. O, konsertdə Fikrət Əmirov musiqisinin caz improvizasiyalarını və öz mahnılarını ifa edəcək. Dayısı, məşhur caz ifaçısı Cəmil Əmirov xüsusi olaraq bu tədbir üçün onun ansamblında ifa edəcək. Nezrin Tori Eymos, Can-Cak Qoldmandan Mayk Oldfildə kimi müxtəlif musiqi və poeziya mənbələrindən ilham alır.


Konsertdən əldə edilən gəlirlər zorakılığın qurbanı olan, qanunla bağlı problemlər yaşayan və təcili qayğı və mühafizəyə ehtiyacı olan uşaqlara yardım üzrə Qaynar Xətt layihəsinə köçürüləcək.


Gənc musiqiçinin Lent.az-a müsahibəsini təqdim edirik.


- Fikrət Əmirovun nəvəsisiniz və fəaliyyət sahəsiniz genişdir. Niyə Azərbaycanda, geniş ictimaiyyət arasında çox tanına bilməmişsiniz?

- Mənim fəaliyyətim iki mərhələyə bölünür: həm klassik pianoçu, həm də bəstəkar müğənni kimi çalışmışam. Klassik pianoçu kimi fəaliyyət göstərəndə orkestrlə birgə məşğul olurduq, Bakıya da orkestrin tərkibində olduğum zaman iki dəfə konsertə gəlmişəm. Hər ikisində də babamın musiqilərini ifa etmişəm. Bunlar “Skripka, fortepiano və orkestr üçün ikili konsert” və “Ərəb mövzusunda konsert” olub. Azərbaycan mətbuatı o vaxt bu konserti işıqlandırmışdı. Bəstəkar və vokalçı kimi isə təxminən iki il əvvəl yaradıcılığa başlamışam. Avropada tanınmaq çox çətindir, inanılmaz rəqabət var, çoxlu sayda sənətçi, müsabiqə var. Xüsusən onları kateqoriyaya - rok, caz, world janrlarına bölmək çox çətindir.

Ötən il Fransa estrada müsabiqəsində qalib gəldikdən sonra vəziyyətim bir qədər yüngülləşdi. Xeyli vaxt özümə həm də menecerlik etdim. Artıq bu gün mən Belçikanın "Earphones Production" kimi tanınan musiqi studiyasında səsimi yazdırıram. Diskim sentyabrda işıq üzü görəcək.


- Musiqi sizin üçün nə vaxtdan başlayıb. Bu seçimdə Fikrət Əmirov faktoru rol oynayırmı?
- Uşaq yaşlarından musiqinin içində olmuşam, deyə bilərəm ki, musiqi ilə böyümüşəm. Əlbəttə babamın, eyni zamanda da pianoçu olan anamın sayəsində seçimimi etdim. Bundan başqa atam da melomandır, o, xüsusilə cazı çox sevir.


Musiqi təhsili almağımı tez-tez anama babam məsləhət görürdü. Deyirdi ki, mənim musiqiçi qabiliyyətim var. Elə ilk təcrübəm də onun sayəsində olub, məni dörd əllə “Sevginin rəqsi” kompozisiyasını çalmağı öyrətdi. Baxmayaraq ki, o vaxt dörd yaşım vardı, lakin hər şeyi indiki kimi xatırlayıram. Bu inanılmaz idi!


- Bakıda neçə il yaşamısınız?
- 1995-ci ildən Belçikada yaşayıram.


- Zəhmət olmasa, bir qədər özünüzdən, ailənizdən danışın.
- Atam Mir Həmzə Əfəndiyev diplomatdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanın Yunanıstan və Belçika Krallığındakı səfiri olub. Anam Sevil Əmirova isə bildiyiniz kimi Fikrət Əmirovun qızıdır, musiqiçi və pianoçudur. Qardaşım da var, adı Ömərdir, onu çox sevir, həm də çox darıxıram. Bizim ortaq maraqlarımız çoxdur, qardaşımın zarafatları mənim üçün xüsusilə əvəzolunmazdır (Gülür) Özüm isə Belçika teatr aktyoru olan Kevin adlı şəxslə evliyəm. Hazırda evimizdə kiçik möcüzə böyüyür, bu oğlum Həmzədir, mənim günəşim...


- Bildiyimə görə, siz həm də musiqi yazırsınız. Geniş auditoriya musiqinizi necə qiymətləndirir?
- Deyə bilmərəm, siz konsertimə gəlin və özünüz qiymət verin (Gülür). Əgər yaxşı düşünüb cavab verməli olsam, yəqin ki, Şərq və Qərbin vəhdəti bir çox musiqiçinin ürəyincə olar. Çünki kifayət qədər qeyri-adidir.


- Hansı tanınmış şəxsdən müsbət fikirlər eşitmişsiniz?
- Belçikada müğənni-bəstəkar kimi fəaliyyət göstərdiyim vaxtlardan bir çox tanınmış insandan müsbət fikirlər almışam. Həmin şəxslərin adı sizə tanış deyil, bunlar: "Hooverphonic" qrupudur, olduqca tanınmış flamand qrupudur, Çarlz Lus, Belçikanın böyük cazmenlərindəndir, Karin Klerk- mahnı müəllifi və ifaçıdır, “Coenguen” rok-qrupunun üzvüdür, bundan başqa incəsənət olduqca individualdır, insanlar onu müxtəlif cür qiymətləndirə, xarakterizə edə bilərlər.


Artistin böyük səhnədə özünü ifadə etməyi - bu artıq müsabiqə deyil. Bu artistin həyata baxışı, individuallığı qiymətləndirməsi və düşüncələridir. Hər bir halda mən belə düşünürəm.


- Bakı ilə bağlı nə kimi planlarınız var?
- Bu gün Bakıdayam, dördgünlük səfər müddətində qrafikim doludur. İki konsert verəcəyəm, bunlardan biri Belçikanın Bakıdakı səfirliyinin təşəbbüsü ilə Buta incəsənət Mərkəzində konsertdir. Bundan başqa, bir neçə müsahibəim olacaq, üstəlik ailəm və dostlarımla vaxt keçirəcəyəm. Konsertlərimin birində dayım Cəmil Əmirovla çıxış edəcəyəm. Bu, məni çox sevindirir, çünki biz birlikdə ifa etməmişik. Bu, mənim üçün əsl böyük hadisə olacaq!



- Bu konsertlər haqqında bir az ətraflı məlumat verə bilərsiniz?
- Bayaq qeyd etdiyim kimi, Belçikanın Bakıdakı səfirliyi və Buta İncəsənət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir. Biz bu layihə üzərində çalışırıq, artıq aylardan bəri məşq edirik. Bu gün həyata keçirəcəyim layihə mənim üçün çox əhəmiyyətlidir, çünki xeyriyyə məqsədilə həyata keçirilir və əldə olunan gəlir uşaqlara sərf olunacaq. Mən buna şadam, indi hisslərimi ifadə etməkdə acizəm. Təsəvvür edin, ifa edirəm və eyni zamanda hər hansı uşağa kömək etmiş oluram. Bu mənim üçün müqəddəs işdir!


Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1346

Oxşar yazılar