Yaşar Nuri etiraf edir: “Firəngizi sevmişəm...” – MÜSAHİBƏ
05 iyul 2011 19:55 (UTC +04:00)

Yaşar Nuri etiraf edir: “Firəngizi sevmişəm...” – MÜSAHİBƏ

Lent.az-ın “Məşhurların sevgi etirafları” layihəsinin növbəti qonağı Azərbaycanın sevimli aktyoru, xalq artisti Yaşar Nuridir.


- Şoferlərin məhəbbəti maşın kimi pərgar olur. Bəs aktyorların məhəbbəti?

- Mənim üçün aktyor sənəti müqəddəs sənətdir. Amma açıq danışaq. Aktyorlar məhəbbətlərini kiməsə elan edəndə ona qarşı bir az inamsızlıq olur. Nədənsə aktyorların sevgisinə o qədər də inanmırlar. Məsələn, mən indiyə qədər heç kimə sevgi elanı etməmişəm. Həyatımda sevgi olub, amma bu sözü dilimə gətirməmişəm - “mən səni sevirəm”.

- Yəni, bu vaxta qədər heç kimə deməmisiz?

- Yox, deməmişəm. Xoşum gəlib, demişəm “səndən xoşum gəlir”, ya da “səni çox istəyirəm”, “səninlə görüşmək istəyirəm” – bu sözləri demişəm. Amma “səni sevirəm” sözünü deməmişəm. Məhəbbət də elə bir şey deyil ki, əvvəldən proqnoz verəsən. Cabir Novruz demişkən, məhəbbət gizli gələr, gizli gedər. Məhəbbətin şəklini çəkən olmayıb hələ. Şam yananda başında pərvanə fırlanırsa, o da məhəbbət rəmzi sayılır. Mən 30 ildən çoxdur, evliyəm. Bunun 5 ili məhəbbət olur, 10 ildən sonra bir-birinə öyrəşirsən... nəhayət 60 yaşa çatanda görürsən ki, yanılmamısan. Aktyorların məhəbbətinə gəlincə, aktyor hər şeydən qabaq kişidir və ailə başçısıdır. Bizim aktyorların arasında sadiq məhəbbətli ailələri olanlar var. Amma kimsə kənarda sevirsə, münasibəti varsa, o ayrı məsələ. Heç kim deməsin “mən kristalam”. Bəlkə kristaldılar, babalını yuya bilmərəm.


- Amma siz kristal deyilsiz, hə?

- Yox, mən kristal deyiləm.


- Həyatınızda o cür kənar məhəbbətlər çox olub?

- Məhəbbət deyəndə ki... Nə deyim? Desəm, yox, elə 30 il bir nəfəri görmüşəm, düz olmaz.


- Yəqin elə belə şeylərə görə, aktyorların həyatında sevgilərin çox olduğu deyilir...

- Bunu dəqiq deyə bilmərəm. Ola bilər ki, aktyorların hissi, duyğusu çoxdur. Amma aktyorlara daha çox səhnədə, tamaşada vurulurlar. Şəxsən mənim üçün kiməsə “səndən xoşum gəlir” sözünü demək çətindir. Hərənin öz ailəsi var. Gərək, kimə söz dediyini biləsən. “Ən təmiz, zərif duyğudur insanda məhəbbət. İnsanı qocaldan da, ucaldan da məhəbbət”. Məhəbbətin gücü ondadır ki, Nazim Hikmət demişdi, “mənim külümü arvadımın külü ilə bir basdırın”. Məhəbbət budur. Mənim üçün hər şey məhəbbətdir. Sevgisiz yaşamaq çətindir. Məsələn, bir adam var, istərdim, onu görüm, amma gedib görə bilmirəm.


- Kimi?

- Məsəl üçün deyirəm də.


- Doğrudan elə bir adam varmı?

- Bilmirəm, var, yoxdu. Amma onu bilirəm ki, məhəbbətsiz yaşamaq qeyri-mümkündür. Mənim üçün məhəbbət hər şeydir.


- Heç kimə “sevirəm” deməmisiz, amma ürəyinizdə sevmisiz əlbəttə.

- Əlbəttə. İnsan yaşa dolduqca sevginin qədrini bilir. Cavanlıqda belə şeylərə o qədər də fikri vermirsən. Yaşlandıqca yaşamaq sevgisi də artır insanda. Fikirləşirsən ki, 35, 40 yaşım olaydı.


- Yaşar müəllim, uşaqlıq məhəbbətinizi xatırlayırsız?

- Xatırlayıram. 4-cü sinifdə oxuyurdum. Sinif yoldaşımı sevirdim. O vaxt mis üzüklər vardı, üstündə adi daş. Həmin üzükdən alıb vermişdim o qıza. Dərs vaxtı bir-birimizə baxırdıq. Ta ki, o bizim sinifdən gedənə qədər. Hamının məktəb illərində belə hadisələr olur. Nahaq yerə Məcnun Leyliyə məktəbdə vurulmamışdı ki.


- Bəs sonrakı məhəbbətlər?

- Sonra ötəri məhəbbətlər olub həyatımda təbii ki. Amma onlara görə ailəmi atmağı düşünməmişəm heç vaxt.


- Dostlarınız, tanışlarınızın içində dəli məhəbbətin şahidi olmusuz heç?

- Adlarını deməyəcəm, amma dəli sevgilərin şahidi olmuşam. Telefon köşkündən güclə ayırıb aparmışam. Elə olub ki, hind filminə baxıb, görüb orda dostu nişanlısına vurulur. Gəlib bunu bizə deyib. Bizim də şənimizə toxunub ki, buna bax da, filmə baxıb gəlib düşüb bizim üstümüzə. Başa salmışıq ki, ay bala, bu, sadəcə filmdir. Qızın qapısında yatan görmüşəm hətta. Amma axırı heç nə olmayıb. Qovuşmayıblar bir-birlərinə.


- Bəs siz necə, o cür dəli məhəbbət yaşamısız?

- Yox, yaşamamışam. Bəlkə də olub, amma xatırlamıram. Onun da dövrü var. Amma istərdim ki, vaxtilə sevdiyim qızlardan biri çıxsın qarşıma. Sevmək deyəndə ki, əli-əlimə dəyməyib, sadəcə platonik sevgi olub.


- Elçinin Gülnara bəslədiyi hissləri Yaşar Nuri həyatda kiməsə qarşı yaşayıb?

- Yox. Firəngizin özünə qarşı olub bəlkə.


- Bəlkə? Bu tamaşadan sonra çoxları dedi ki, aranızda məhəbbət olub. Həqiqətən Firəngiz xanımı sevmisiz?

- Sevmişəm, bəli.


- Onda artıq ailəli idiz?

- Hə, ailəliydim. Qızım Ülviyyə də vardı artıq.


- Bəs o?

- O, subay idi.


- Sevginizə qarşılıq verdi?

- Bunu özündən soruşarsız.


- Soruşmuşuq, amma boynuna almayıb.

- Almır, almasın. Amma biz indi onunla dostuq, yoldaşıq. Firəngiz çox mərd qızdı. Evimin içidi. Onu çox istəyirəm. Mənim üçün aktrisadan daha çox dostdur.


- Bəs nə oldu o sevginin axırı?

- Heç nə. Tamaşadan yaranan hiss idi. Axırı oldu dostluq. Mənim dalımca Türkiyəyə də gəldi.


- Səmimi deyin, o vaxt Firəngiz xanın razılaşsaydı, yoldaşınızdan ayrılıb onunla ailə qurardız?

- Nə bilim, bunu o vaxt soruşaydız gərək. İndi o hissi yaşamaq gecdi daha. Cavab vermək üçün gərək təzədən o hissləri keçirim. Bilmirəm, olardı, ya olmazdı. Amma Firəngiz ağıllı qızdı, razı olmazdı buna.


- Bəs həyatınızda elə bir xanım olub ki, onu bu gün də xatırlayanda ən azından kövrələsiz?

- Hə, olub. İnstitut dövrümdə görüşmüşük. Mənim pulum olmayanda hətta mənə pul da verib. Amma adını çəkməyəcəm.


- Deməli, sənət adamıdı?!

- Hər nə. Yaxşı insan idi. Amma o ərdə idi, mən subay. Yaş fərqimiz da vardı. Keçib getdi...


- Sağdı?

- Bəli. Bu gün də onu xatırlayıram. Yaşın elə bir dövrüdür ki, kitab oxuyanda deyirsən, mən də belə eləmişəm. Ya bir filmə baxanda nəsə yadına düşür.


- Əlaqəniz var, danışırsız?

- Beş ayda bir dəfə. Salam-sağ ol, vəssalam.


- Evlənəndə neçə yaşınız vardı?

- Mən 24 yaşımda ailə qurmuşam. Yoldaşım qohumumuz idi, əmi nəvəsiyik. 3 qapı bizdən o yanda yaşayırdılar.


- Valideynləriniz fikri ilə ailə qurduz?

- Hə, evdəkilər dedi, mən də razılaşdım. Artıq 30 ildən çoxdur. Rəhimə məni məndən çox istəyib. Cavanlıq şıltaqlığıma, keçirdiyim xəstəliklərə dözüb. Qadında dözüm yaxşı xüsusiyyətdi. Deyirlər qadın zəif məxluqdu, bu, doğru fikir deyil. Kişilər zəifdi, çox şeyə dözmür. Tez özündən çıxır. Pencəyini götürüb evdən gedir. Amma qadın elə deyil axı. Çoxu istəyir ki, öz balaca komasında yoldaşı ilə xoşbəxt olsun. Qadınlar fədakar olurlar.


- Qısqancsız?

- İndi yox. 5 il yoldaşımı anasıgilə getməyə qoymamışam. Özüm aparıb gətirmişəm. Nişanlı vaxtı işləyirdi, amma evlənəndən sonra icazə vermədim. Ali təhsilli musiqişünasdır, o vaxtkı konservatoriyanı bitirib. Bazar bilməyib, dükan bilməyib. Amma indi yox. İndi dövr də dəyişib axı.


- Bəs yoldaşınız sizi qısqanmayıb?

- Yox. Bəlkə də daxilən qısqanıb, amma büruzə verməyib. Mən üzünə baxanda bilirdim nə olub, kim zəng vurub, nə deyib. O vaxt qapımıza yazı yapışdırmışdılar: “Yaşardan əl çək”. Dedim ay qız, belə şeylərə fikir vermə, yanındayam vəssalam. Onun bir yaxşı sözü var, deyir, “gözümlə görməsəm, inanmaram”.


- Bəs o vaxt sizi Firəngiz xanıma qısqanmayıb?

- Yox. Bəlkə də ürəyində qısqanıb, amma mən bilməmişəm. Ona o qədər şeylər deyirdilər... Amma indi Firəngizlə bacı kimidilər.


- Yaşar müəllim, sizcə, ailə qurmaq üçün sevmək mütləqdir?

- Düzdür, ailə quranda sevmək önəmlidir. Amma hərdən elə şeylər görürəm ki, məəttəl qalıram. Fikirləşirəm ki, bunlar dəli kimi bir-birlərini sevirdilər. Bir aya nə baş verdi, hansı xasiyyət dəyişdi, hansı maska cırıldı? Dörd il nişanlı qalıblar. 4 ildən sonra evləniblər. Ancaq bir ay ərzində yola gələ bilməyiblər. Nə bilim vallah, bunlar çətin məsələlərdir. Hər bir ailə, hər bir sevgi qaynar qazandı. Nə bilirsən içində nə qaynayır? Bir də onda ayılırsan ki, içindəki yandı. Hər şey insanın özündən asılıdır. Ailədə çatışmazlıqlar ola bilər. Bunun hamısını məhəbbət ört-basdır edir. Və yaxud harasa küsülü gedirsən. Deyirlər, əcəb yaraşırsız bir-birinizə. Evə qayıdandan sonra barışırsan. Belə şeylər çox olub. Əsas odur ki, sevin, sevilin. Həyat bunun üçün yaranıb. Sevgisiz yaşamaq qeyri-mümkündür. Sevmək azdır, gərək həm də seviləsən. Sevilməyi də bacarmaq lazımdır. Eşq olsun sevgiyə!

Xəyalə Muradlı

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2502

Oxşar yazılar