Məzahir Əhmədoğlunun “Uembli arayışı” - RESENZİYA
20 iyun 2011 18:19 (UTC +04:00)

Məzahir Əhmədoğlunun “Uembli arayışı” - RESENZİYA

Söz demək haqqı – bu, Tanrının bəxş etdiyi, qanunlarda təsbit olunan bəşəri haqdır. Söhbət həmkarlarına söz demək haqqından gedəndə isə məsələnin məntiqi və fəlsəfi tərəflərinin diktəsindən irəli gələn tələblərə biganəlik çoxlarını arzuolunmaz vəziyyətlə üzləşdirir. Uğursuz sonluqdan, pərtlikdən, qan qaralığından sığortalanmağın, nadan görkəmində qalmamağın xilası özünütənzimləmədədir. Burada kimsəyə nadir halda “dur” deyildiyindən çarə qalır hərənin öz insafına, qabiliyyətinə. Yəni qələmin ağ kağız üzərində gəzdirilməsi icazəsi “mənim həmkarlarıma söz deməyə nə dərəcədə yaşım, təcrübəm, bilik, bacarıq və səviyyəm haqq verir” suallarının dolğun, ölçü-biçimli cavablarından boylanmalıdır.

Deyə bilmərəm, “görünən kəndə nə bələdçi” atalar sözünün neçə yaşı var. Milli mətbuatımızla müqayisədə zənnim azı min il qədimə aparır. İbrət dərsləri bəs qədər. Nə olsun?! Görünür, cəmiyyətimiz maariflənmə dövrünü bitirəndə, kamilləşməyə qətiyyətlə qədəm qoyanda hərə öz yerini yaxşı tanıyacaq. İndi jurnalistikamızda bunun fəsadları daha ağır formada yaşanmaqdadır. Mətbu vasitələrimizin sayının əndazəni aşan bolluğunda öyrənəndən çox öyrədən var. Böyük əksəriyyət jurnalistlərə yol göstərmək, dərs demək iddiasındadır. Diqqət yetirsəniz görərsiniz ki, adına “media”, “jurnalist”, “press” sözləri qoşulan, əslində mətbuata aidiyyatı olmayan bir çox kütləvi informasiya vasitələri mətbu reketçiliklərinin ört-basdırı üçün bu sahədə necə canfəşanlıq edirlər. Mətbuat Şurasının “qara siyahı”sina baxmaq kifayətdir.

Mövcud durumun qınaq mövzularından birinə çevrilməsini faciə adlandırmaq istəməzdim. Müsibətimiz o vaxt dərinləşəcək ki, söz demək mənəvi vəzifəsi olanlarımız prosesləri süstlüklə izləyəcək, biganələr kimi ağızlarına su alıb susacaqlar. Vəziyyət belədir: mövzu mediamızda lazımınca olmasa da işıqlandırılır. Müəlliflərin tam əksəriyyəti KİV-lərin rəhbərləri, yaxud jurnalistikanı tədris edən mütəxəssislərdir. Boşluq mövcuddur. Ümüd dolu nəzərlərin nüfuz sahibi kimi tanınan jurnalistlərimizə dikilməsi anlaşılandır. Zəngin təcrübə ilə nəzəriyyənin vəhdəti sözə inamı, söz sahibinə etimadı artırır. Belələri Mətbuat Şurasına yalnız tədbirləri işıqlandırmaq üçün gəlmirlər, məsələlərə obyektiv, prinsipial yanaşmaları, dəyərli təkliflər irəli sürmələri ilə ümumi işə fayda verirlər. “Aspoliqraf” nəşriyyatında yenicə çapdan çıxan “Uembli arayışı” kitabının müəllifi də onların sırasındadır. “Ədalət” qəzeti baş redaktorunun müavini olmasına baxmayaraq “ayın yarısını əyalətdə keçirən, amma 30 yazısı dərc olunan” Məzahir Əhmədoğlunun özü indi həmkarlarının xüsusi diqqət mərkəzindədir. “Uembli arayışı”nın ilk səhifəsində yazılıb: “Kitab Azərbaycan Mətbuat Şurasının tövsiyəsi ilə hazırlanmış və nəşr edilmişdir”. Minnət kimi qəbul olunmasın - Mətbuat Şurası nadir halda belə vizalara imza atır. Burada 30 il əvvələ hesablanan tanışlığımızın təsiri cüzidir. Əslində bizlər faydalı və vaxtında ərsəyə gələn ərmağanın müəllifinə minnətdar olmalıyıq.

Eybi yox, buna varmaq üçün barəsində dost-tanışlarının yazdıqlarını da oxuyun. Məzahir barədə o kəslər danışır ki, imzalarına da, şəxsiyyətlərinə də media aləmində hörmətlə yanaşırlar. Çünki sakit təbiətli, xeyirxah xislətli bu insanın özü də yüksək keyfiyyətlərin daşıyıcısıdır. Bəlkə də bunu etmək iş yoldaşlarının borcudur, bir növ əvəz qaytarmaqdır. Onda “525-ci qəzet”də “Oralarda kim var” populyar guşəsinin aparıcısı, sözün düzünü hamının gözünün içinə dik deyən Tofiq Abdinin (“Məzahir Əhmədoğlu - ?!... jurnalist”), “onun yalnız imzasını çoxdan tanıyan, şəxsən üzünü belə görməyən” tanınmış ədəbiyyatşünas alim Vaqif Yusiflinin dolğun, prinsipial səciyyələndirmələrinə nə deyə bilərik? Millət vəkili Aqil Abbas isə Mətbuat Şurasının üzvü ola-ola az qalır Məzahiri çevrəmizdən çıxara: “Məzahir deyir mən jurnalistəm. Məzahirin jurnalistikaya dəxli yoxdur. Jurnalist yazıları var, hamımız kimi o da yazıb. Amma Məzahirin özü, bütövlüyü onun publisistikasındadır”.

Möhtərəm millət vəkili, gəlin insaflı olaq. Biz isə deyirik Məzahirin birbaşa jurnalistikaya aidiyyatı var. Məgər müxtəlif janrlı yüzlərlə yazı müəllifini necə bu atmosferdən ayırmaq mümkündür. Elə “Uembli arayışı“ bunun birbaşa dəlil-sübutu deyilmi? Razıyam, publisist imici qazanmaq hər jurnalistin hünəri deyil. Yaxşı yazının motivləri bəzən günlərlə, həftələrlə beyin süzgəcində dolaşır. Hansı yaşantılar hesabına yaranma məziyyətləri sizə də məlumdur. Məzahir mübaliğəsiz, mübahisəsiz Azərbaycanın 10-15 yerində olan köşə yazarından biri kimi qəbul edilir.

Sənət əhlini səciyyələndirmək üçün ən etibarlı mənbə onun yaratdıqlarıdır. Həmin nümunələr istər-istəməz müəllifin xarakterinə bələdçilik edir. İnanmıram ki, yaxşı adam, layiqli vətəndaş olmadan, olduğun kimi görünmədən qələmin sonadək səmimiyyətə, obyektivliyə sadiq qala. Məzahir bu yolun etibarlı, dəyanətli yolçusudur.

Kitabda toplanan yazılar son 4 ilin yadigarlarıdır. Ən irisinin həcmi dörd səhifədir. Jurnalistikanın da ecazkarlığı yer məhdudluğu çərçivəsində dolğun, düşündürücü fikir çatdırma qabiliyyətindədir. “Mətbuat və cəmiyyət” bölməsindəki 12 məqalənin hər biri Mətbuat Şurası, yaxud qurumun fəaliyyət istiqamətlərindən qaynaqlanan məsələlərə baxışla əlaqədardır. Bölməyə “Publisistika”da toplanmış məqalələrə, köşələrə nəzər salandan sonra qayıdacağıq. Hələlik ilk növbədə bunu vurğulamalıyam ki, Məzahirin yazılarında bütün tələblər yerli-yerindədir: rəngarəng mövzular, orijinal üslub, rəvan dil...

“Uembli arayışı” başdan-başa oxunmağa layiqdir. Media ilə bağlı məsələyə dediyim kimi qayıdacağam. Mənə nostalji hisləri yaşadan “... Və Yetmişincilər” yazısına münasibəti qaydadan kənara çıxsam da bildirəcəm. Məzahir mənim də içərisində olduğum lövhələri, üz tutduğumuz ünvanları, tanış simaları canlandırır: “ümumən götürəndə şəhərdə ən böyük hökmranlıq ədəbi mühitin əlində idi... qısqanclıq da yox idi” təəssüratının doğurduğu iftixarı yada salır. “İndi qütbləşən ədəbi mühit sanki kolizeyi xatırladır. Burada tərəflərin ən yaxşılarına da aman yoxdur” etirafı günümüzün təəssüfləndirici reallığı barədə düşünməyə cağırır.

M.Əhmədoğlunun yaradıcılığı mövzular palitrasıdır. İncə yumora, xəfif təbəssümə meyllidir. Belə məqamların oxucu marağına səbəb ola biləcəyi müəyyənləşdirildikdə dostlarına da xəsislik etmir. Məzahir Göyçayda bir yerdə boya-başa çatdığı uşaqlıq dostları şair Ədalət Əsgəroğlunun əsgərlik həyatına xas, “Birincidən sonrakı yer” yazısında isə iki nəfər arasında ikinci yer tutan pəhləvan yaşıdının sirlərini faş edərkən əksəriyyətimiz yenə nostalji duyğulara qovuşuruq.

Məzahir sağlığında insanlara qiymət verilməsini istəyir. “Şahmar itkisi”ndə istedadlı aktyor, ömrünü kirayədə başa vuran Ş.Hüseynov, “Yarımçıq ev”də inşaatçı-mühəndis, başqalarına binalar ucaldan, ata yurdunda nə vaxtsa bünövrəsini qoyduğu evinin tikintisi yarımçıq qalan Ağa Hüseynov kimi surətlər təqdim edilir.

Şair, publisist və jurnalist M.Əhmədoğlunun klassik mətbuatımızı dərindən öyrənməyə, əxz etməyə, faydalanmağa meyli yazılarında da özünü büruzə verir. Onun yaradıcılıq nümunələrindən bunun ətri, qoxusu duyulur. “Kaktus”da ölkənin Şimal rayonlarının flora və faunasına, insanlara faciələr yaşadan Qəbələ RLS ilə bağlı problemin həlli üfüqlərinin görünmədiyi şəraitdə sarkazmla hər bir sakinə şüalanmaya davamlı kaktus əkməyi tövsiyə edir. “Əndazə”də kəndlərə daraşan yırtıcılara münasibətdə “canavarlar neyləsin” sualına cavab almaq istəyənlərin diqqətini ikiayaqlıların vəhşiliklərinə yönəldir.

Düşündürücü sətirlərdə bütün tərəflərin götürəsi mesajlar mövcuddur. Sadə vətəndaşın da, rəsminin də, qeyri-rəsminin də. Ümumiyyətlə, Məzahir publisistikasının üstün cəhəti orada nə etməliyik sualına cavabların olmasındadır. O, köşəsi ilə yerin altına - metroya enəndə sərnişin mədəniyyətinin xəcalət gətirən tərəfləri ilə qatarda da rastlaşır. “Milyarderlər yuxu görürmü” yazısında Vətən hüdudlarından kənarda yaşayan imkanlı məşhurların nə dərəcədə vətəndaş olduqlarını onların göz qamaşdıran sərvətləri ilə ölçməməyə çağırır. Əgər beləsi özündə doğulduğu yurdda heç olmasa bir məktəb, xəstəxana və digər xatirə qalacaq tikili ucaltmaq tərəzi tapmırsa, imkanlarını sağa-sola sərf edirsə nə üçün barələrində ehtiramla danışmalıyıq. Tam obyektiv fikirdir.

Mən təsadüfən kitabda media mövzusundan kənar məsələlərin təhlilini vermədim. Bir daha təsdiqləyirəm, hər kəsin yaratdıqları, xidmətləri onun seçdiyi sahəyə nə dərəcədə mənsubluğunu təsdiqləyən pasportudur. Söylədiklərimiz kitabın birinci bölməsinə nə dərəcədə varid olmağımıza əsaslar verməkdədir. “Peşəkarlığın imperiyası” sərlövhəli yazısında dediyi kimi, müasir Azərbaycan mətbuatı əslində postsovet məkanında bəlkə də təkcə Rusiyadan geri qalır. Peşəkarlığın ümumi kvalifikasiyası bir sıra qəzetlərin və jurnalistlərin timsalında dünya səviyyəsindədir. Belə şəraitdə “dördüncü hakimiyyət” ifadəsinin az qala unudulduğunu, ölkədə nə qədər desən biabırçı qəzetlər buraxıldığını həyəcanla dilə gətirən müəllif “peşəkarların birləşib görəcəyi işi bu gün Mətbuat Şurası, demək olar ki, köməksiz-dəstəksiz həyata keçirdiyini” yazır. MŞ-nin fəaliyyətinə bəzən populyar bir qəzetin məşhur yazarının da kölgə salmağa çalışdığını vurğulayan jurnalist yersiz iradların gərginlik yaratmağa xidmət etdiyini bildirir. Məzahirin qənaətincə, məhdud reaksiya və münasibətlər geniş mənada həmrəylik yarada bilməz. Onun şəxsi nümunəsi aktivliyə əyani çağırışdır. Məzahirin bu mənada Mətbuat Şurasının başlıca missiyası ilə yanaşı başqalarına ikinci, üçüncü dərəcəli kimi görünən fəaliyyət istiqamətlərindəki uğurları sevinc gətirir.

Məzahir kimi jurnalistikaya qəlbən bağlı olanların mətbu reketçiliyə qarşı mübarizədə fəal mövqe tutmaları təqdirəlayiq olmaqla bərabər həm də məntiqidir. Söhbət mətbuatımızın külüng vuranlarının illər ərzində qazandıqları imicin zərbə altında qalması təhlükəsindən gedir. «Məscidin qapısı» sərlövhəli yazıda müəllif hətta qəzəbini cilovlaya bilmir. «Peşə oğruları»nda belələrinin iç üzünü açır. Məzahir yumorundan da qalmır. Göyçay Humanitar Kollecinin direktoru ilə 7 nəfər vəsiqəliyə «İmla qonaqlığı» verir. Misal əyalətdə media-ictimaiyyət əlaqələrinin inkişafda olduğunu göstərməkdədir. «Pressa-Press» yazısı da gündəlik müşahidələrin məhsuludur. Material yadıma 5 il əvvəl yol polisindən olan bir telefon zəngini saldı. Üzərində «Pressa» («Presss» də yox) yazılmış maşın alver üçün aparılan ayaqqabılarla dolu imiş… Məzahir onları - sərnişin, arvad-uşaq, qarpız-yemiş … daşıyan, yol polisinin üzərinə şığımağa hazır olan bu tip adamları «pressa» ölkəsinin vətəndaşları» adlandırır.

«Doğrudanmı kim istəyirsə, jurnalist ola bilər, kim istəyirsə qəzet-jurnal aça bilər» sualı yerlərdə Məzahirə də verilir. Sadəlövhcəsinə də olur, ironik şəkildə də. Birincilərə cavabı altı bənddə cəmləşir. İlk növbədə jurnalistika fakültəsini bitirməyin, ixtisasa mükəmməl yiyələnməyin vacibliyini qeyd edən həmkarımız istedadlara da qısqanclıqla yanaşmır. Çünki «Qəzet məsələsi»ndə dediyi kimi «qısqanclıq və köntöy həsəd jurnalistikada axmaq bir işdir». Bu məntiqi «Sadəcə…» sərlövhəli yazısında davam etdirərək haqlı olaraq göstərir ki, jurnalistika fakültəsində təhsil almadan da jurnalist olmaq mümkündür. Nadir hallarda bilikli və istedadlı adamlar buna nail olur, hətta jurnalist ixtisasına yiyələnmiş bəzi mətbuat işçilərini də yaradıcılıqları ilə üstələyirlər. Müəllif sonra gəlir əsas mətləbin üzərinə: «kim istəsə jurnalist ola bilməz, ancaq bu adı daşıyar. Çünki indi yaza bilməyib mətbuatda çalışmağın ən münbit dövrüdür. Hətta heç nə yazmasan da belə sənə jurnalist adını təsdiqləyən vəsiqə verən tapılar… baytardan tutmuş kartof, alma satan da, hətta nağara çalan da qəzet və jurnal aça bilər. Qanun buna icazə verir… Bu səbəbdən mətbuatımızın anası ağlar qalıb. Peşəkar jurnalistikanın bütün istiqamətləri üzrə inkişafa nail olmaqdan ötrü müxtəlif tədbirlər, səviyyəli diskussiyalar keçirməkdənsə, reketçilik və dilənçiliyə qarşı metodları təkmilləşdirmək məcburiyyətində qalmışıq». Jurnalist sonda nəticəyə gəlir: «Hər iki halda adamın üzündə bir abır-həya olsun».

Onun «Retuş» adlı yazısı yaşanan fəsadların ironik təcəssümüdür. Sovet dönəmində fotoşəkillər klişeyə köçürülməzdən əvvəl adətən rəssam tərəfindən retuş olunardı. Bununla eybəcər görüntülərin qarşısı alınardı. Müəllif oxucunun «hansı qəzeti açırsan, mütləq birində eybəcər yazı da çıxır» gileyinin müqabilində bunların çarəsini tapmağa çağıraraq deyir: «daha məqaləni də retuşlamazlar ki…»

Zənnimcə, kitabın tərtibi zamanı «Retuş»un, eləcə də «Serialı xilas etməli»nin, «Fiqlyar»ın, «Əndazə»nin və «Peşəkarlıq imperiyası»nın yerinin birinci bölmədə olması da daha münasib idi.

Kitab «Qəzet məsələsi» məqaləsi ilə başlayır. Mən isə rəyə bu yazıya münasibətlə yekun vurmaq istərdim. Müəllif üzdə olan qəzetlərə əksər dövlət idarələrində və özəl sektorda rast gəldiyinin bildirir: «Bu qəzetlər daha çox iki istiqamətdə oxunur: məlumat və zövq almaq istəyilə. Belədə məhrəm oxucu səninlə açıq söhbətdən çəkinmir». O, «paytaxtda, yoxsa əyalətdə daha çox qəzet oxunur» sualına cavabda üstünlüyü ikincilərə verir. «Çeşid-çeşid mətbuat nümunələri ilə yüklənən Bakıda köşklərdə 7-8 qəzeti çıxmaq şərtilə qalanları topa-topa yığılıb makulaturaya çevrilir», - deyir.

M.Əhmədoğlunun qənaətlərini çoxlarının müşahidələri təsdiqləyə bilər. Əyalətdə həqiqətən mətbuatın özünə, sözünə ehkam kimi baxılması ənənəsi qalmaqdadır. Alınan bir qəzetin 10-15 əldə gəzdiyini görmüşəm. Məzahir əyalət oxucusunun səviyyəsinə, tələbatına bələddir. Ona yuxarıdan aşağı baxmamağı təlqin edir. Təvazökar olmağa çağırır. Buna isə yaradıcılığı və şəxsiyyəti əsas verir.


Əflatun Amaşov,

Azərbaycan Mətbuat Şurasının sədri
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980

Oxşar yazılar