Azərbaycanda ilk: QİÇS haqda tamaşa və səhnədə prezervativ – FOTO
20 may 2011 19:30 (UTC +04:00)

Azərbaycanda ilk: QİÇS haqda tamaşa və səhnədə prezervativ – FOTO

Bu gün Bakı Uşaq Teatrının tamaşaçıları həmişəkilərdən fərqlənirdi. Bu gün teatrın tamaşaçıları balacalar yox, böyüklər idi. Çünki Uşaq Teatrının təqdim etdiyi yeni tamaşa məhz böyüklər üçün nəzərdə tutulmuşdu.

Bu gün Bakı Uşaq Teatrının səhnəsində “Qeyri-adi məhkəmə” qurulmuşdu. Əslində elə tamaşa özü də qeyri-adi özəllikləri ilə seçilirdi. Birinci növbədə elə mövzusu ilə. Azərbaycan teatrı ilk dəfədir bu mövzuya toxunur – QİÇS-lə mübarizəyə. Tamaşanın ikinci özəlliyi interaktiv üslubda olmasıdır. Tamaşa narkotik, alkoqol və QİÇS-in musiqi sədaları altında səhnəyə çıxması ilə başlayır. Sonra tamaşaçılarla QİÇS xəstəliyi barədə sual-cavab edilir. Bunun ardınca məhkəmə başlayır... Müttəhim kürsüsündə 3 nəfər əyləşib – narkotik (Cavanşir Məhərrəmov), QİÇS (Günel Həmidova) və alkoqol (Niyaz Qasımov).

Birinci həyat yoldaşından ayrılan kişi dərdini unutmaq üçün ilk və son dəfə iynə vasitəsilə narkotikdən istifadə edir... İkinci həyat yoldaşı hamiləlik müddətində xəstəxanada müayinə olunanda onda QİÇS xəstəliyi aşkarlanır. Məlum olur ki, xəstəlik ona həyat yoldaşından keçib. Bu problem qarşısında aciz qalan kişi (İntiqam Soltan) narkotik, QİÇS və alkoqolu məhkəməyə verir.

Məhkəmədə iddiaçının, zərərçəkənlərin (İlhamə Əhmədova, Könül Şahbazova, Ruslan Mürsəlov), şahid qismində həkimin (Əlisurət Əliyev) ifadələri dinlənilir. Zərərçəkən oğlan ifadəsində bildirir ki, bu xəstəlik barədə ilk dəfə məşhur müğənni Fredi Merkurinin 45 yaşında məhz QİÇS-dən öldüyünü eşidəndən sonra bilib. Onun ifadəsindən aydın olur ki, bu xəstəliyə qonaqlıqların birində tanımadığı xanımla təsadüfi cinsi əlaqə nəticəsində yoluxub. Bu zaman narkotik lağ edərək oğlana xeyli prezervativ təqdim edir. Beləliklə, Azərbaycan teatrı da mövcud stereotipləri qıraraq maarifləndirmək məqsədilə ilk dəfə olaraq səhnəyə prezervativ çıxarır.

İkinci zərərçəkənin QİÇS-ə dişlərini düzəltdirdiyi zaman yoluxduğu aşkarlanır.

Üçüncü zərərçəkənin qızına isə doğuş zamanı xəstəxanada bu xəstəlik keçir. Qızcığaz cəmi 7 il ömür sürür.

Müttəhimlər isə ifadələrində özlərini təqsirli bilmirlər, bütün günahın insanların savadsızlığında olduğunu deyirlər. Qeyd edək ki, hər üç ifaçı rolunun öhdəsindən olduqca məharətlə gələrək, sözləri, danışıqları, oyunları, jestləri vasitəsilə obrazı aça bildilər. Məhz bu üç obrazın dilindən eşidilən atmacalar ara-sıra tamaşaçıları gülməyə, mövzunun ağırlığını unutduraraq darıxmamağa vadar edir.

Sonda hakim (əməkdar artist Vidadi Əliyev) məhkəmə hökmünü elan edir. Müttəhimlər - narkotik, QİÇS və alkoqol təqsirli bilinərək, insanların ömürlük nifrətinə və onlara qarşı mübarizəsinə məhkum olunurlar. Tamaşadan belə nəticə çıxır ki, QİÇS-lə ən yaxşı mübarizə xəstəlik barədə məlumatlı olmaqdır.

Qeyd edək ki, QİÇS-lə mübarizə, bu xəstəliyə yoluxma vasitələri, ondan qorunmaq tamaşanın əsas məğzidir. Rejissor da, müəllif də bu quruluş vasitəsilə qarşısına qoyduğu məqsədə nail ola bilib. Teatrın məskunlaşdığı binanın, səhnənin şəraitsizliyi, texnikanın zəifliyini nəzərə almasaq, tamaşa öz müsbət həllini tapıb.

Bakı Uşaq Teatrı bu əsəri Ədliyyə Nazirliyinin sifarişi ilə Arzu Soltanın “Heç kəsə zəmanət verilmir” pyesi əsasında hazırlayıb. QİÇS-lə bağlı maarifləndirici xarakter daşıyan, interaktiv üslubda – seminar tamaşa janrında hazırlanan “Qeyri-adi məhkəmə” cəzaçəkmə müəssisələrində nümayiş üçün nəzərdə tutulub. Buna baxmayaraq, tamaşa bu gündən etibarən teatrın öz repertuarına da daxil edilib.

Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri, direktoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltan, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynovdur.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746

Oxşar yazılar