Əbülfəs Qarayev: “Bakını dialoqun mərkəzinə çevirmək istərdik”
08 aprel 2011 23:34 (UTC +04:00)

Əbülfəs Qarayev: “Bakını dialoqun mərkəzinə çevirmək istərdik”

Aprelin 7-də Bakıda başlayan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimindən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, mətbuat konfransı forumun yekunlarına və nəticələrinə həsr olunub.

Nazir Azərbaycanda ilk dəfə olaraq düzənlənən bu forumu real bir tarix adlandırıb. O, belə bir mötəbər tədbirə müxtəlif təşkilatların böyük maraq göstərdiyinə də diqqət çəkib: “Bu təşkilatların özlərinin də tarixində ilk dəfə idi ki, Azərbaycanda keçirilən tədbirə qarşı belə bir maraq doğmuşdu. Bu marağın bariz nümunəsi olaraq forumdan öncə Təşkilat Komitəsinin Strasburqda və digər yerlərdə baş tutan dörd iclasını göstərmək olar. Bu iclaslarda Sevda Məmmədəliyeva iştirak edərək, mövqeyimizi bildirirdi”.

Ə. Qarayev beynəlxalq forumun təşkilinin yüksək qiymətləndirildiyini deyib. Forumun Azərbaycan hökuməti tərəfindən dəstəklənməsininin tədbirə xüsusi əhəmiyyət verdiyini qeyd edib: “Prezident İlham Əliyevin forumun açılışında iştirakı və parlaq çıxışı, qadınlarla bağlı sessiyada ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı, sədrliyi və dərin məzmunlu çıxışı tədbirə xüsusi rəng qatdı. Bu da 80-dən çox ölkənin təmsil etdiyi adamları belə qənaətə gətirdi ki, mədəniyyətlərarası dialoq mövzusu Azərbaycan rəhbərliyi və xalqı üçün maraq doğuran mövzudur. Dövlətin bu mövzuda maraqlı olması onu göstərir ki, Azərbaycan dialoq aparmağı öz siyasətində əsas istiqamət kimi görür”.

Nazir mətbuat konfransındakı çıxışı zamanı forumun keçirilməsində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının gərgin əməyini xüsusi vurğulayaraq təşkilati məsələlərin həllində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib. O, 2-3 ildən bir mədəniyyətlərarası dialoq mövzusuna qayıdılacağını da söyləyib: “Bu mövzu ilə bağlı çalışan beyinləri bir araya gətirərək Bakını dialoqun mərkəzinə çevirmək istərdik”.

Əbülfəs Qarayev məlumat verib ki, aprel ayının sonunda Bakıda X Beynəlxalq Turizm Sərgisinin baş tutacaq və bununla Azərbaycanda turizmin 10 illiyi qeyd olunacaq.

Xəyalə MURADLI
# 547

Oxşar yazılar