“Mədəniyyətlərarası anlaşma sülh və inkişaf üçün xüsusi əhəmiyyət daşıyır”
07 aprel 2011 16:24 (UTC +04:00)

“Mədəniyyətlərarası anlaşma sülh və inkişaf üçün xüsusi əhəmiyyət daşıyır”

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Lent.az-ın məlumatına görə, forum çərçivəsində “Sülh və inkişafa nail olmaq məqsədi ilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik” mövzusunda I sessiya keçirilir. Sessiyada çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik sülh və inkişaf üçün xüsusi əhəmiyyət daşıyır: “Bununla belə, bu meyarlar əsasən yoxsulluq və iqlim dəyişikliyi kimi məsələlər yönəlmiş qlobal gündəlikdə əsas yer tutmur. Hazırda hökumətlərarası təşkilatlar, eləcə də özəl sektor və mədəniyyət təsisatların irəli sürdüyü təşəbbüslər çərçivəsində tədqiqat layihələri həyata keçirilir və siyasi təşəbbüslər sülh, eləcə də inkişaf məqsədini güdən mədəni müxtəlifliklə mədəniyyətlərarası dialoq arasında qarşılıqlı əlaqəni qurmaq üçün formalaşdırılır. Son zamanlarda irəli sürülmüş digər təşəbbüslər cəmiyyətdə göstəricilərin, yaxud məqsədlərin müəyyən edilməsi mümkünlüyünə yönəlib”. Daha sonra Ə.Qarayev sessiyanın proqramını açıqlayıb.

Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının Strateji İnkişaf və Tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Ba həmsədrlik edir.

I sessiyada çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov forumun əhəmiyyətindən danışıb və bu cür layihələrin daha tez-tez təşkilini arzulayıb: “Biz belə tədbirləri daha tez-tez təşkil edək. Ümid edirəm ki, bu tədbir çərçivəsində ya yeni əməkdaşlıq formaları yaranacaq, ya da köhnə əməkdaşlıq formaları daha gücləndiriləcək. Mən sizlərdən mədəniyyətlərarası dialoqu artırmaq üçün təkliflər gözləyirəm”.

Sessiyada çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının Strateji İnkişaf və Tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Ba iki il əvvəl Beynəlxalq Münaqişələr üzrə İnstitutunun apardığı araşdırmanı xatırlayıb: “Araşdırmanın nəticələrinə görə, dünyada 143 ciddi münaqişə var. Bunların 8-də güclü mədəni komponent var ki, bu münaqişənin yaranmasına səbəb olub. Elə bir zamanda yaşayırıq ki, bir-birimiz haqqında yetəri qədər məlumatlı olmalıyıq. Bu baxımdan belə bir dialoqun keçirilməsini yüksək qiymətləndirirəm”.

I sessiyada panel iştirakçıları tərəfindən mədəni müxtəlifliklə bağlı beynəlxalq gündəlikdə duran müxtəlif variantlar və nəticələri müzakirə edilir. Şanxay Beynəlxalq Əlaqələr Mərkəzinin sədr müavini Pan Guanq, UNESCO-nun mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq sektorunun müdiri Katerina Stenou, AŞ Şimal-Cənub Mərkəzinin sədr müavini Eberard Koelş, “Kaunterpart Britaniya Şurası” təşkilatından Katrin Fieski, ABŞ-ın Duk Universitetinin professoru Karla Dierdorf çıxış ediblər. I sessiya çıxışlarla davam edir.

Qeyd edək ki, Bakıda keçirilən ”Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, AŞ-nın Şimal-Cənub Mərkəzinin ümumi razılığı ilə keçirilir.

Xəyalə Muradlı
# 745

Oxşar yazılar