Sona Vəliyeva: “Bir gün baş götürüb getmək istəsəm...” - MÜSAHİBƏ - FOTOLENT
06 aprel 2011 11:33 (UTC +04:00)

Sona Vəliyeva: “Bir gün baş götürüb getmək istəsəm...” - MÜSAHİBƏ - FOTOLENT

Xudmani, səliqəli iş otağında görüşdük. Ətrafda görünən hər şeyin üstündə zərif qadın əllərinin hərarəti duyulurdu, öncəki müsahiblərimdə qarışıq görməyə adət etdiyim iş masasının üstündə belə. Eyni hərarətlə də qarşılandığımdanmı... nədənsə... mənə elə gəldi ki, Sona xanımla, şairə, filologiya elmləri namizədi Sona Vəliyeva ilə çoxdan tanışıq. Əslində “Qaragilə” mahnısının sözlərinin müəllifi kimi tanıdığım insanın yaradıcılığı ilə sonrakı tanışlıq, oxuduğum şeirləri, elmi işi və onun mövzusu, təsadüfən dinlədiyim çıxışları bu insanla bir “ruh qohumluğu”muz (ifadə də Sona xanıma məxsusdur) olduğunu anlatmışdı mənə. Qorxduğum bir məqam vardı ki, birdən yaradıcılığından yaranan obrazla müsahibimin özü təzad təşkil edər və məyus olub müsahibəni apara bilmərəm. Elə bundan da başlamaq istəyirdim söhbətə, amma Cəlil Məmmədquluzadənin portreti fikrimi yayındırdı...

İlk məhəbbət - Mirzə Cəlil

- Mirzə Cəlilin portretini indiyə qədər heç kimin kabinetində divarda asılan görməmişdim...


- Mirzə Cəlil hər bir azərbaycanlının, istər qadın olsun, istər kişi, ilk məhəbbətidir. Bu yaxınlarda Mirzə Cəlilin ad günü idi, Natiq “Kaspi” qəzetində mənim çoxdankı bir yazımı da dərc eləmişdi - “Mirzə Cəlil ən böyük azərbaycançı kimi”.

- Həqiqətən ilk mütaliə etdiyimiz və ilk sevdiyimiz müəllifdir...

- Hərif tanımayanda “Poçt qutusu”, “Saqqalı uşaq”, “Quzu”, “Usta Zeynal” hekayələrini böyüklərimizdən eşitmişik, xatirələrimizdə iz buraxıb.

- Bir halda ki, sevgidən danışdıq, yaradıcılığınızda öndə duran iki sevgidən söz açmaq istəyirəm, birinci anaya, ikinci vətənə olan sevgi. Zatən birinciyə sevgisi olmayan ikincini heç vaxt sevə bilməz...

- Orta məktəbdə oxuyanda “Pioner” qəzetində “Hardan başlanır vətən” mövzusunda inşa müsabiqəsi keçirilirdi. Müsabiqəyə göndərmək üçün sinfimizdə inşa yazan uşaqların hamısı “Sovetlər mənim böyük vətənimdir”, “vətən sərhəddən başlayır” kimi ifadələr işlətmişdilər, mən yazmışdım ki, vətən mənim yaşadığım evimizdən, həyətimizdən və hər gün altında oynadığım tut ağacından başlayır. Çox yaxşı, işini sevən və xiridarı olan ədəbiyyat müəllimimiz vardı, onu ucadan hamıya oxudu və müsabiqəyə göndərdi, inşa böyük əks-səda doğurmuşdu. Vətən mənim üçün əziz mövzudur, bəlkə də ona görə də elmi işim də bu mövzuda oldu. Həmişə də özümü xoşbəxt hesab edirəm ki, yaradıcılığımda bu işıqlı xətt var.

“Bu, ruhun sevgisidir”

- Ruhunuzda deyəsən dərdi sevmək də var. Deyirsiniz ki:
“Eh, dərdi sevməyə nə vardı axı
Dərdin öz dilində danışa bilsən...”
Danışa bilmisiniz ki?


- Allaha min şükür, hər sahədən xoşbəxt qadınam, amma hər birimizin içində müşkül bir dərdimiz var, torpaq bütövlüyü. Bu məni ana kimi də narahat edir, qadın kimi də, vətəndaş kimi də. Bəlkə çoxlarına qəribə gələcək, bu dərddən çox danışılıb, çox deyilib, amma hər birimiz onu yaşayırıq. İşimdə də, həyatımda da nailiyyətlərimi azaldır, tamlığıma xələl gətirir

- Yox, o dərdi hamı yaşamır, hamı çəkmir, onu da bütün dərdlər kimi çəkə bilən çəkir...

- Bəlkə Allah doğrudan da dərdi onu çəkənə verir. Hər halda bu böyük dərd özümüzü tam xoşbəxt hiss etməyə də qoymur.

Qəm çiçəklik, mən dəryazam,
Bütövlüyə tamarzıyam.
Ey bəxt yazan, qismət yazan,
Zülm, oynayım-oynayım.


Torpaq bütövlüyü olmadan insan ruhu bütöv ola bilməz. Təbriz dərdi azmış kimi, üstünə Qarabağ dərdi gəldi. Bu dərdlərin qabardılması ilə səmimi olduğuma inanmağınızı istəyirəm:

Kimin havası çalındı,
Kimin havası alındı,
Torpaq getdi, yurd talandı,
Dözüm, oynayım, oynayım


Hamımız yaşayırıq o hissləri, bu hamımızın dərdi olduğu üçün ruhumuza toxunur. Kimsə heç eyninə almaya bilər, bir ailədə övladın da hamısı eyni olmur. Ola bilsin toyda “Şuşanın dağların oynayan oğlan” həmin adamlardandır, oynaya bilməyənlər sizin, mənim kimilərdir.

- Amma “Şuşanın dağları”n oynayan oğlan şeriniz məndə başqa bir qənaət yaratdı, bəlkə elə əzabın böyüklüyündən oynayır, yanğısını başqa cür necə çıxartsın?... Əvvəl fərqli düşünərdim, acığım gələrdi ki, o mahnını necə oynamaq olar, bu şerdən sonra o cür düşünmürəm...

- Hər bir şeirin özünün işıqlı enerjisi var, hesab edək ki, o şeir bir işıq, enerji gətirəcək... Şuşalının dərdi ikiqatdır, o, həm elini itirib, həm evini, isti ocağını. Bu gün o, dərdindən oynaya bilər. Allah təala o günü bizə qismət etsin ki, Şuşalı günlərimiz gəlsin.

“Ünsiyyətdə qarşılıqlı enerji olarsa, qarşıya qoyulan bütün məqsədlərə çatarsan”

- Bütün bu qəmlərlə yanaşı yaradıcılığınızda bir işıq da var. Kitabınızın adında da bu işıq var - “Mənim çəhrayı dünyam”...


- Həmişə çalışmışam ki, insanlarda münasibətdə yaxşı xüsusiyyətlərini görüm, bu halda münasibətlər alınacaq. Ünsiyyətdə bir-birinizə müsbət enerji ötürə bildinizsə qarşınıza qoyulan bütün məqsədlərə çatacaqsınız.

Əgər münasibətdə qarşınızdakının mənfiliklərini axtarsanız, ünsiyyət qura bilməyəcəksiniz, çünki müsbət enerji mübadiləsi olmayacaq. Nə yazıq ki, bəzən işıqlı, çəhrayı gördüyün adamla münasibətdə bütün fikirlərin alt-üst olur. İnsan odur ki, buna baxmayaraq özündə qala bilsin, dəyişməsin. Bu şerin qəribə bir tarixçəsi var. Rəfiqəm bir gün dedi ki, hamı haqqında yaxşı fikirdəsən, hamını çəhrayı dünyada görürsən, amma o, adam sənin haqqında mənfi rəylər verir. Mən də fikirlərimi o şeirlə ifadə etdim. Ola bilər çəhrayı olmasın, amma mənim çəhrayı gördüyüm dünyamla işiniz olmasın

Gözümmü, ağlımmı, qəlbimmi, haqlı,
Bu yaşımda nə dəyişim, nə danım,
Dünyanı ağ-qara görmək üçün mən
Gərək əlifbadan başlayım, canım.

Mən layla eşitdim çəhrayı rəngdə,
Mən öyüd eşitdim çəhrayı rəngdə.
Üzümdə göz yaşım möcüzə, vallah,
Görsən, inanmazsan - çəhrayı rəngdə.


- Amma dünyanı çəhrayı görmək çox vaxt insanı arxadan zərbəyə məruz qoyur..

- Şərqin böyük filosofu İmam Əli deyib: O, pislik eləməkdən əl çəkmirsə, mən niyə yaxşılığımdan əl çəkim. Yaxşılığın toxumunu su aparacaq, burda bitməyəcəksə, ləkin o başında bitəcək.

- Övladlarımızın qarşısına çıxacaq...

- Çıxmasa belə, etdiyin yaxşılıqdan aldığın zövq elə nəyə desən dəyər

“Baş götürüb getmək istəsəm, özümlə məni duyanı - həyat yoldaşımı götürərdim”.

- “Adi qayğılardan yaman bezmişəm”- deyirsiniz. “Baş götürüb, həmdəminizlə əl-ələ verib o qayğılardan hara qaçmaq” istəyirsiniz?


- Məni kövrəltdiniz, məhz təsirindən çıxa bilmədiyim məqamlarda yazdığım misralardan sitat gətirirsiniz. Adada yaşamırıq düzdür, qohum var, əqrəba var, ətrafımızda insanlar var. Geniş sferamız var, insanlar bir-birindən kömək gözləyir. Düşünürsən ki, məndən haqlı və ya haqsız kömək gözləyən hamıya kömək etməyə məcbursan. Bəzən bütün sahələrə enerjini parçalayıb gözləyənlərin hamısına yardım əlini uzadırsan. Bir də baxırsan ki, özün yorulmusan, tükənmisən və yeni enerji toplamaq üçün sənə munis birinin əlindən tutub uzaqlaşmaq istəyirsən. Kimi götürəsən? O mövzuda bir şeirim də var:

Yoldaş olaq, çıxaq yola,
Gəl, özünlə apar məni.
Doğmaların içindəcə,
Tənhalıq öldürər məni.


- Kimi götürərdiniz?

- Bu yaxınlarda bir məclisdə “Savalan” qrupunu dinlədim, məclisdən çıxanda mənə dedilər ki, o musiqiyə sizin kimi qulaq asan yox idi, elə qəribə idiniz ki. O mənada məni anlayan başa düşən bir şəxs kimi mütləq həyat yoldaşımı götürərdim. Qəlbinin ən sirli sözünü kimə deyərsən? - sualı yaransa mən yenə “həyat yoldaşıma” cavabını verərdim.

“Ən yaxın sirdaşım da, ilk şeirlərimin oxucusu da “qonşu oğlan”dır”

- Deyirlər şairin həyat yoldaşı gərək yarımşair olsun. Bir şeirinizdə deyirsiniz:

“İçimdən bir xəfif gizilti keçə
Xəlvət oxumağa bir yer axtaram”

Yəqin bütün qadınların bir qırxıncı qapısı var...


- Mən sizə çox əminliklə deyirəm ki, bütün yaradıcılığımda özüm varam, şeirdə qeyri-səmimi olmaq mümkün deyil. Ustad Məmməd Araz deyir:

Anadan-bacıdan gizlətdiyimi
Qələmdən-kağızdan gizlətməmişəm.


İnanın, gizlətmək mümkün də deyil. Dediyiniz həmin şeirdəki qonşu oğlan da, məktubunu gizli oxumağa yer axtardığım da həyat yoldaşımdır. Bütün şeirlərimin olduğu kimi o şeirimin də ilk oxucusu o, olub. Səmimi duyğular öz-özünə yaranır.

- Amma yalnız sevgidən yazırsınız, sadəcə insan kamilləşdikcə sevgi dar çərçivədən çıxır onun üçün böyük anlama keçir...

- Ən böyük sevgi, vətənə, torpağa olan sevgidir. Bu danılmaz ilk sevgidir. Məsələ bundadır ki, bu söz çox deyildiyindən onun səmimiliyinə inam azalıb. Bütün sevgilər ötür. Anaya, torpağa olan məhəbbət ötüb keçmir. Torpaq əldən gedəndə insan dünyasını itirir.

İtər qəlb istisi, canı isinməz
Nə yesə, ağzının dadı bilinməz
Yüz də biz diləyək, Tanrı bitirməz
Torpağı, vətəni əsir olanın.


Nə qədər ki torpaq bizim idi, onun belə əziz olduğun hiss etmirdik; itirdik, bildik. Sevdiyimiz kimi, uğrunda qurban getməyi, onu qorumağı da bacarmalıyıq. Mənim işıqlı bir inamım var ki, o torpaqlara qayıdacağıq.

“Yazıçılar Birliyinin üzvüyəm, amma ora getməyə vaxtım olmur”

- Sizi türk müğənnisi Əhməd Şəfəqin Bakıda keçirdiyi bir tədbirdə daha yaxşı tanıdım. Onun yaradıcılığını təhlil etdiniz. Orda bir fikir də söylədiniz ki, insan çox istedadlı ola bilər, amma milli-mənəvi dəyərlərə bağlılığı yoxdursa, ondan heç nə olmaz, heç nə edə bilməz...


- Əhməd bəy Azərbaycanı çox sevən adamdır. Mənə də “bacı bəyim” deyir. Bizi onunla birləşdirən milli-mənəvi dəyərlərə bağlılıqdır. “Qaragilə” şeirimə mahnı yazıb, ifa edir. Bunu ondan mən xahiş etməmişdim, bilir ki, Qaragilə bir şəxsə müraciət, bir şəxsə sevgi deyil. Bu bizim üçün ayrılıq dərdidir, o taylı-bu taylı həsrətimizdir. İlhamə xanım da ifa etmişdi, hər iki ifa möhtəşəmdi.

- Şeirlərinizə az musiqi bəstələnir...

- O bəstələnənlərin heç birindən mənim xəbərim olmayıb. Köhnə dostlara həsr etdiyim şeiri də Cavanşir Məmmədov bəstəkara sifariş vermişdi, görünür, mövzu kiməsə yaxın gələndə ona nəğmə yaranır.

- Bu qədər dolu bir aləmdə, boşluq hiss etdinizmi, yoxsa media ilə məşğul olmaq tələbatı hardan yarandı?

- Teleradio Şurasının üzvüyəm və öz işimdən zövq alıram, çünki milli-mənəvi dəyərləri qorumağa xidmət edirik. Bununla belə, “Kaspi” qəzeti mənim sevdiyim peşə fəaliyyətimlə bağlıdır, onu övladım qədər sevirəm və məmnuniyyətlə vaxt ayırıram. Böyük işlər görürük o qəzetdə. Məsələn, Mübariz İbrahimovla bağlı yazı müsabiqəsi elan etmişdik, qalibləri mükafatlandırdıq. O işin nəticəsi kimi ortaya bir kitab çıxmaq üzrədir. İndi azərbaycançılıqla bağlı daha bir müsabiqə elan etmişik.

- Elmi işiniz də azərbaycançılıqla bağlıdır: “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyası”...

- Mövzu gərək damarlarından gəlsin ki, onu layiqli təqdim edə biləsən.

- Dedilər Yazıçılar Birliyini qəbul etmirsiniz, heç ora üzv də deyilsiniz?

- Yox, bu yanlış məlumatdır. Mən Yazıçılar Birliyinin üzvüyəm, böyük bir ənənəsi olan Birlikdir, münasibətim də yaxşıdır. Sadəcə, ora gedib-gəlməyə imkan tapmıram, iş rejimim imkan vermir

- Siyasətə qoşulmaq istəmirsiniz ki?

- Heç vaxt, heç vaxt, heç vaxt! Mən yaradıcı adamam, məndən siyasətçi olmaz.

Son görünmür...

- Həm də bir anasınız. Uşaqlarınıza yetərincə vaxt ayıra bilmisinizmi, yoxsa bu sarıdan daxili bir əzabla üz-üzəsiniz?


- Onu uşaqlarım daha yaxşı cavablandırar, amma nəyi bacarmışamsa, vermişəm onlara, bu sarıdan rahatam. Qadının hər zaman ən ilkin vəzifəsi ana olmaqdır, qadın olmaqdır. Evə nə qədər yorğun getsək də, zövqlə hazırladığımız yemək həm özümüzü yorğunluqdan qurtarır, həm də ailəmizə xoş olur.

- Yemək bişirirsiniz?

- Əlbəttə. Özü də deyilənə görə, çox yaxşı xörəklər hazırlayıram.

- Söhbətə yaradıcılıqla başladıq, onunla da tamamlayaq. Bu vaxta qədər cəmi bir şeir kitabı az deyilmi?

- Sözə həssaslıqla yanaşıram, şeir kitabı çap etdirmək böyük məsuliyyətdir, çünki şeir səmimiyyətdir.

- Masanızın üstündəki yeni şeirlər yeni kitabdan xəbər verir?

- İnşallah...

- Adı hazırdır?

- Bir anda yarana bilər, ilk kitabım çapa gedəndə yuxuda gördüm kitabımın üstündə “Son görünmür” adı yazılıb. Oyanıb axtardım, gördüm ki, o adda heç şerim yoxdur, şerlərimin içində elə bir söz var. Bəlkə bu da İlahidən gəlmə bir işarədir, yaşayarıq, görərik.

Ramilə Qurbanlı
# 4614

Oxşar yazılar