Qulu Məhərrəmli: “Radiolarda DJ-lərin dililə bağlı biabırçı vəziyyət var”
05 aprel 2011 17:36 (UTC +04:00)

Qulu Məhərrəmli: “Radiolarda DJ-lərin dililə bağlı biabırçı vəziyyət var”

Lent.az-ın məlumatına görə, tədbirdə xalq artistləri Rafael Dadaşov, İlham Əsgərov, aktyorlardan Əli Nur, Novruz Qartal və Bakı şəhəri xalq teatrlarının nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov dil mədəniyyəti mövzusunun aktual olduğunu deyib. O bildirib ki, dilimizi qorumaq, inkişaf etdirmək hər birimizin borcudur.

Dəyirmi masada filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli “Ədəbi tələffüz məsələləri” mövzusunda çıxış edərək, dildə gedən proseslərə nəzər salıb. Dildə gedən proseslər həqiqətən də Azərbaycan ictimaiyyətini, ziyalıları narahat edir: “Dildə arzu olunan və olunmayan proseslər gedir. Amma yaxşı olardı ki, bu prosesləri müəyyən sağlam məcraya yönəltmək mümkün olsun. Mən hesab etmirəm ki, dildə gedən proseslər danışılan qədər faciəlidir. Müəyyən narahatlıqlar var. O da birinci növbədə bu gün Azərbaycan mediasında çalışan yaradıcı insanların ədəbi dilə münasibəti ilə bağlıdır. Daha çox da radiolarda DJ-lərin dililə bağlı biabırçı vəziyyət var. DJ-lər dili zibilləyirlər. Çox arzu olunardı ki, media, televiziya rəhbərləri və Milli Televiziya və Radio Şurası bu məsələyə diqqət yetirsinlər. Dildə gedən proseslərə, xüsusən də mənfi meyllərə kimsə biganə qala bilməz. Başa düşmək lazımdır ki, bu proseslərin dərinləşməsi dili həqiqətən uçuruma apara bilir”.

Qulu Məhərrəmli bu sahədəki problemlərdən danışarkən nöqsanların televiziyaya tol tapmasının qorxulu olduğunu deyib. O, çıxışı zamanı kanallardakı aşağı səviyyəli dublyajlara da toxunub: “Xarici ölkələrdə bir filmin dublyajına 10 min dollar xərclənir. Bizdə isə bu məbləğ çox cüzidir. Hətta kanallar aktyorlara layiq olduqları pulu da vermək istəmirlər, qonorarlarını kəsirlər. Xüsusilə dövlət büdcəsindən maliyyələşən televiziyalar bu işdə ədalətli olmalıdırlar”.

Q. Məhərrəmli Dil Komissiyasının faktiki olaraq fəaliyyət göstərməməsini də çıxışı zamanı xüsusi vurğulayıb.

Dəyirmi masada media eksperti Zeynal Məmmədli “Bədii dilin normalaşdırılması”, Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının baş müəllimi Könül Axundova “Bədii qiraətin səciyyəvi xüsusiyyətləri” mövzusunda çıxış ediblər. Dosent Könül Axundova televiziya kanallarında ədəbi dillə bağlı verilişlərin açılmasını, aktyor Əli Nur isə dövlət səviyyəsində hər il Dil bayramının qeyd olunması təklifini irəli sürüblər.

Xəyalə Muradlı
# 848

Oxşar yazılar