Gülüstan Əliyeva: “Adamın bəxti yatmasın...” - MÜSAHİBƏ
30 mart 2011 16:56 (UTC +04:00)

Gülüstan Əliyeva: “Adamın bəxti yatmasın...” - MÜSAHİBƏ

TANITMA

“Yevlaxda dünyaya gəlmişəm. 1982-ci ildə - 14 yaşımda muğam üzrə gənc istedadların respublika müsabiqəsinin qalibi kimi Bülbül adına musiqi məktəbinə - cənnətlik İslam Rzayevin sinfinə qəbul olunmuşam. 85-də isə artıq Konservatoriyanın tələbəsi idim. Həmin il Musiqi Akademiyasında yenicə açılmış muğam fakültəsinin ilk və yeganə tələbəsi mən olmuşam. Müəllimim dəyərli ağsaqqalımız, professor Arif Babayev olub. Yeri gəlmişkən, 80-ci illərin əvvəllərində keçirilən muğam müsabiqələrinə Heydər Əliyev xüsusi dəyər verir və şəxsən nəzarət eləyirdi. Bu dövrdə maestro Niyazinin rəhbərliyi ilə azman sənətkarlarımız Şövkət Ələkbərova, Sara Qədimova, Arif Babayev, İslam Rzayevdən ibarət münsiflər heyəti bölgələri qarış-qarış gəzir, istedadlı uşaqları üzə çıxarmaqdan ötrü böyük zəhmətlər çəkirdilər. Bu gün üzdə olan, muğama yön verən sənətçilər – Könül Xasıyeva, Könül Kərimova, Nuriyyə Hüseynova, Zakir Əliyev, Rəhilə Quliyeva, Aybəniz Haşımova, rəhmətliklər Elçin Cəlilov, Xeyransa Məmmədova... həmin münsiflərin “kəşfidir”.

90-da Konservatoriyanı bitirib ailə qurdum və işləmək üçün yoldaşımla Cəbrayıla getdik. Zahid polis işçisi idi. Bir il sonra isə Allah başıma daş saldı – torpaq uğrunda döyüşlərdə Zahidi itirdim. Cəbrayılın işğalından sonra yenidən Bakıya qayıtdım və 94-də növbəti ağır zərbə aldım – bu dəfə qardaşım şəhid oldu. Uzun müddət özümü toplamağa, sənətə qayıtmağa gücüm çatmadı. Nəhayət, 96-da Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başladım. 2003-cü ildən Musiqi Akademiyasının müəllimiyəm. 2005-də isə mənə əməkdar artist adı verilib”.


İNTİHAR

- Yəqin tələbəlik dövründə Sizdən ötrü bir-birini qıran, qanı su yerinə axıdan cavanların sayı çox olub...


- Yox, tələbə vaxtı mən bir az başqa cür olmuşam. Konservatoriyaya qəbul olunduğum ilk gündən əsas prinsipim belə olub – Gülüstan, bu beş ildə bacardıqca çox öyrənməlisən. Bir növ özümü robot kimi qurmuşdum. Oğlan sevmək, görüşə getmək – bu tipli şeylər mənə yad idi. Düzdür, mənə vurulan, eşq elan eləyənlərin sayı bəs deyincəydi. Amma mən öz yolumla gedir, ürəyimin diktəsi ilə yaşayırdım.

- İstər həyatda, istərsə də sənətdə bu cazibənin, məlahətin, xumar baxışların, bu ilahi gözəlliyin dəyəri yetərincə verilirmi?

- Xeyr... Xeyr... Nə qadın, nə də sənətçi olaraq o qiyməti, o dəyəri almamışam. Düzdür, bu gün şükürlər olsun ki, əməkdar artist Gülüstan Əliyeva kimi pərəstişkarlarım, məni sevən xalqım var. Amma elə şeylər var ki, onu umursan, gözləyirsən. Axı sən ona layiqsən. Bunlar gecikəndə, alınmayanda isə pis olursan. Elə şeylər sənətçi üçün öldürücüdü.

- Bakının meri günlərin birində sərəncam versə ki, “Azad qadın” heykəli sökülsün və yerində Gülüstan Əliyevanın abidəsi ucaldılsın, Münasibətiniz necə olar?

- (Ürəkdən gülür). Mənim heykəlim ürəklərdə istənilən qədərdir. “Azad qadın”ın yerində heykəlimin qoyulmasını isə ona görə istəməzdim ki, o, tarixdir, Azərbaycanın azadlığa çıxmış qadınının simvoludur. Mən dünyada olmayanda, yəqin ki, adıma musiqi məktəbi də olacaq, orda kiçik bir büstüm də qoyulacaq... Güman ki, millətimə göstərdiyim xidmətlərin əvəzində bunların hamısı olacaq. İnşallah, hər şeyi həyat və zaman göstərər...

- Haçansa dünyadan bezəndə, canınız boğazınıza yığılanda intihar eləmək fikrinə düşmüsüz? Belə anlarda Sizi kim, yaxud nə saxlayıb?

- Həyatımda elə dönəmlər olub ki, intihar eləməkdən savayı yolum qalmayıb. Həyat yoldaşım şəhid olanda belə bir hiss yaşamış, özümü dənizə atmaq istəmişəm. Amma qadının, ananın özündən də qiymətli saydığı bir varlıq olur – övladı. Zahid dünyasını dəyişəndə oğlum Rüfət qırx günlük idi. O, mənim talismanımdır, həyatda məni çox şeylərdən qoruyub. Ən çətin anlarımda, ən kədərli günlərimdə güvənc yeri bilib Rüfətə sığınmış, onunla təsəlli tapmışam. Maşallah, artıq böyük kişidir – 20 yaşı var.

QARANLIQ OTAĞIN TİLSİMİ

- Elə bir Allah bəndəsi varmı ki, ürəyinizi uf demədən çıxarıb ayaqlarının altına atasız?


- Eləsi yoxdu... Ona dəymirlər... Özümü yalnız Rüfətə qurban verərəm.

- Bu şəhərin uğultusundan, canı boğaza yığan səs-küyündən bezəndə, yorulanda hara qaçır, harda rahatlıq tapırsız?

- Çox yorulanda tək qalmağı xoşlayıram. Xüsusən qaranlıq otaqda özümlə baş-başa qalmağı, düşünməyi, götür-qoy eləməyi çox sevirəm. Bir də öz rayonumuza – Yevlaxa gedəndə rahat dincələ bilirəm.

- Qadın sənətçilər arasında kumiriniz varmı? Varsa, kimdi o bəxtəvər?

- Ruhu şad olsun, ağlım kəsəndən Rübabə Muradovaya pərəstiş eləmiş, sənəti qarşısında səcdə qılmışam. Nəzakət Məmmədovanı çox sevmişəm. Həm sənətçi, həm də ictimai-siyasi xadim kimi Zeynəb Xanlarovanın xətrini dünyalar qədər çox istəyirəm. Mən bu gün də onlardan öyrənirəm.

Amma dünyada sənət aləmindən uzaq bir neçə qadın siyasi xadim də var ki, mən onlara sözün yaxşı mənasında həsəd aparır, qibtə eləyirəm. İngiltərənin və Türkiyənin keçmiş baş nazirləri Marqaret Tetçer və Tansu Çillər, habelə Almaniyanın kansleri Angela Merkel və Amerikanın dövlət katibi Hillari Klinton bu sıradadır. Onlar zəif çiyinlərini bir çox hallarda hətta kişilərin belə çəkə bilmədiyi dövləti idarə eləmək kimi ağır yükün altına verib və bu gün də həmin yükü uğurla daşıyırlar. Mən belə xanımlara xüsusi rəğbət bəsləyirəm.

- Hansısa uğurlu konsertdən, yaxud anşlaqla keçən tamaşadan sonra içinizdən “xırdaca dağları yaradan Gülüstan Əliyeva mənəm, çəkilin qabağımdan...” tipli hiss, yaşantı keçibmi?

- Olub. Belə anları yaşamışam. Bilirsiz də, həyatda hər şey nisbidir. Evdə uşaqlar üçün təzə nəsə alanda çox sevinir, uçmağa qanadları olmur. Belə məqamlarda anam həmişə deyir ki, bala, uşaqların boyu bir buğda dənəsi boyda da uzandı. Əvvəllər o sözün fərqinə varmazdım. Amma sonralar anladım ki, insan həyatda arzuladığı, yetmək istədiyi ucalıqlara qovuşanda həqiqətən böyük olur, necə deyərlər, boyu uzanır. Uğurlu solo konsertlərdən, tamaşalardan sonra ağrı-acılarım sanki bir az azalır, içim fərəhdən aşıb-daşır, ömrüm uzanır.

- Belə bir epizod təsəvvür eləyin – adamın canını alan, son dərəcə uğurlu ifanızdan sonra sanballı bir Azərbaycan kişisi çələnglə səhnəyə çıxıb üzünüzdən öpür. Reaksiyanız necə olar?

- O eyforik anlarda məndən ötrü fərq eləmir – uğuruma sevinən, fərəhimi bölüşən sanballı Azərbaycan kişisidir, yoxsa balaca bir oğlan uşağı. O halda mən həmin adama sevincimə ortaq olan ilahi varlıq kimi baxıram. Eldə də söz var ki, sevinc paylaşdıqca çoxalır. O varlıq o anda öz təbriki ilə yalnız mənim fərəhimi çoxaldır, müsbət enerjimi artırır. Sənət adamı üçün mən bundan böyük hədiyyə təsəvvür eləmirəm.

XƏCALƏT TƏRİ

- Ən müxtəlif sənət adamları ilə oturub-durur, onlarla bu və ya digər şəkildə ünsiyyət qurursuz. Həmkarlarınızın hansısa əməlindən, hərəkətindən utandığınız, xəcalət çəkdiyiniz vaxtlar olurmu?


- Ehh... O qədər olur ki... Ümumiyyətlə, heç vaxt dözmədiyim, sinirə bilmədiyim ilk nəsnə haqsızlıqdı. Kiminsə haqqı tapdananda və onun şahidinə çevriləndə, özümdən asılı olmayaraq, xəcalət çəkirəm. Sənətçi adı daşıyan adamın ekranda, efirdə, səhnədə elədiyi şit və yersiz hərəkətdən, elementar fikrini ifadə eləyə bilməməsindən, savadsızlığından utanıram...

- Allah Yaponiyanın bir hissəsini yerlə yeksan elədi, xaraba qoydu. Heç ağlınıza gəlibmi ki, bir dəstə gül götürüb Yaponiya səfirliyini ziyarətə gedəsiz?

- İnanın, tam səmimi deyirəm. Dəfələrlə yalnız səfirliyə yox, birbaşa Yaponiyaya getmək, o binəsiblərə hansısa şəkildə yardım göstərmək keçib ürəyimdən. Vallah, deməyə də utanıram – niyəsə bizdə hələ belə məqamlarda nədən başlamaq, necə hərəkət eləmək məsələsi həll olunmayıb. Təkcə Yaponiya deyil e, elə Zimbabve, Honduras, Kamboca... kimi ölkələrdə yaşayan ac və taleyikəm uşaqları görəndə də canım ağrıyır, ürəyim parçalanır. Oturub fikirləşirsən ki, ilahi, görəsən bu qədər inkişaf eləmiş Qərb və Avropa ölkələri o yazıqlara niyə dayaq durmur? Və dünyanın nizamına, aparılan siyasətlərə, dövlətlərin idarəolunma formalarına baxanda özün öz sualına cavab tapırsan.

- Gülüstan Əliyevanın pərəstişkarları, yəqin ki, çoxdu. Onlardan bezmirsiz ki?

- Yox, pərəstişkarlardan bezmirəm. Amma aralarında elə fərdlər də olur, səni o qədər boğaza yığır, cana doydurur ki, qarğış eləməkdən özünü saxlaya bilmirsən - səni görüm, olmaz olasan! (Bu Yevlax qarğışına ikimiz də ürəkdən gülürük).

ALIN YAZISI

- Alın yazısına, taleyə, bəxtə inanırsız?


- (Dərindən ah çəkir). Bəli, inanıram. Tələbəydim və Zahidlə münasibətlərimizi artıq rəsmiləşdirmək ərəfəsində idik. Yevlaxa getmişdim. Bir gün yaşı ötmüş bir qohum qız dedi ki, gəl mənimlə molla yanına gedək, kitab açdırmaq istəyirəm. Mən çox cavan idim və belə şeylərə qətiyyən inanmırdım. Nə isə getdik. O, qız üçün kitab açdı, baxdı və s. Sonra mənə qayıtdı ki, ay yolu uzaq, bəxti yarımçıq qız, gəl sənə də kitab açım. Dedi ki, belə bir oğlana ərə getmək istəyirsən, amma fikrindən daşın, ona getmə. O vaxt Zahidin ürəyində müəyyən problemlər vardı. Ağlıma gəldi ki, yəqin ona görə belə deyir. Qapıdan çıxanda bərk-bərk tapşırdı ki, növbəti dəfə mütləq ananla gəl. Xala xətrin qalmasın, anamı da götürüb getdim yanına. Anama elə bu cür də dedi: “Bacı, sənin əlindəki kitab təzədi, bütövdü. O kitabın əlindən alınıb tikə-parça olunmasına niyə razılıq verirsən?” Evə qayıtdıq və qiyamət başladı. Anam daş atıb başını tutur, özünü yeyib tökürdü ki, bala, eşitdinmi, getmə o oğlana. Amma mən heç kimə və heç nəyə baxmadım, dediyimin üstündə qaldım. Bizə dörd gün toy çalındı. Sonra... Sonrası da belə...

O molla mənim taleyimi, qismətimi çox qabaqdan görmüşdü...

- Bəs falçı yanına gedirsiz?

- Yox, falçılara inanmıram...

- Sizcə, bəxtəvər adam kimdi?

- Bəxtəvərlik nisbi anlayışdı, təbii. Bəxtəvər o adamdı ki, övladına gün ağlaya bilir. Bəxtəvər kiməsə gərəkli olan adamdı. Bəxtəvər o kəsdi ki, xalqı, milləti üçün iş görə bilir...

- Bəs bədbəxt kimə deyirsiz?

- İnsanlar bədbəxt olmamaq üçün xoşbəxtliyə can atırlar. Bədbəxt – heç kəsə lazım olmayan bəndədi. Bütün təklər və tənhalar bədbəxtdi.

- Siz kimsiz – bədbəxt, yoxsa xoşbəxt?

- Mən bəxtəvərəm...

Zöhrab Əmirxanlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2704

Oxşar yazılar