Apardı sellər Saranı... –
25 mart 2011 17:34 (UTC +04:00)

Apardı sellər Saranı... –

Seymur Elsevər Sara Qədimovanın həyatından yazır

Deyirlәr, maһnılar insana qol-qanad verir, onu yaşamağa, yaratmağa sәsləyir. Bәzәn o ən ağır, kədәrli anlarında, yorğun çağlarında sәnә һəmdәm, dərdinə məlһәm olur. Hәr dәfə görkəmli xanəndəmiz Sara Qədimovanın ifasına muğama qulaq asanda ürәyim riqqәtə gəlir, elә bil onun bəmində dinçəlir, zilindә zirvәlәrә ucalıram. Ustad sənətkar on illər boyu elimizə-obamıza əsrlәrin o tayından gələn qədimyana və ürәk çırpıntılarıyla süslənmiş səsi, avazıyla töhfə verib, Allahın əmanətini – nadir istedadını günәş nuru, һәyat çeşməsi təki ömürlәrә paylayıb.



Sara Qәdimova Bakıda doğulsa da, uşaqlıq illəri Qarabağda, Gülablı kәndində keçib. Bu kәnd zəngin musiqi ənənəsinə malikdi. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi sәnәtkarlar tez-tez Gülablıya gәlәr, yerli xanəndәlәrlә mәclislәr qurar, musiqidәn söһbәt açardılar. Atası ilə bu mәclislәrdә iştirak edәn Sara görkәmli sәnәtkarları hələ balaca ikən görüb tanımışdı. Bu, toylarda, şәnliklәrdә çalıb-oxuyan yaşlı qadınların ifasına diqqətlə qulaq asan qızcığazın yaddaşında dərin iz buraxmışdı.


Saranın atası, tarzən Qurban Pirimovun yaxın qohumu olan Bəbiş kişi Ağdamın Gülablı kəndindən idi. O, gənc yaşlarından Bakıda yaşamış və əslən şəhərli olan bir xanımla ailə qurmuşdu. Sara muğam və mahnıların sözlərini hələ uşaq ikən məhz bu bakılı qızından – anasından öyrənmişdi. Amma təəssüf ki, onun qayğısız, xoşbəxt günləri uzun sürməmişdi. Dörd bacı və iki qardaşın böyüdüyü ailə əvvəlcə ana, iki il sonrasa ata itkisilə üz-üzə qaldı. Bu zaman uşaqların ən böyüyünün – Saranın cəmi on altı yaşı vardı. Və o, həyatda hələ ayaq üstə durmağa macal tapmadan bacı-qardaşlarının himayəçisinə çevrildi.




Sara xanım 22 yaşında özündən 24 yaş böyük olan, tibb texnikumunda oxuyarkən həmin təhsil ocağının direktoru işləmiş, əslən kürdəmirli Qədir İslamzadə ilə ailə qurmuşdu. Sara xanım o günləri belə xatırlayırdı: “Qədir müəllim tibb texnikumunun direktoru idi. Mən mamalıq şöbəsində oxuyurdum. 1944-cü ildə bir gün konsertdən sonra Qədir müəllim mənə yaxınlaşıb ciddi şəkildə “səninlə ailə qurmaq istəyirəm” - dedi”.


Hamının olduqca zəhmli və ciddi adam kimi tanıdığı Qədir müəllimin bu sözünü eşidən Sara xanım yerində donub qalır. Axı, onlar ata-bala yaşda idilər. Gənc Sara yetim qalmış özündən balaca qardaş və bacılarını saxlamaq xatirinə Qədir müəllimlə ailə qurmağa razılıq verir. Bu izdivacdan Akif İslamzadə dünyaya gəlir. Bir müddət səadət dolu günlər yaşayırlar. Təəssüf ki, xoşbəxt çağlar bir gün sona yetir. Sara xanımın Qədir müəllimlə birgə həyatı səkkiz ildən sonra ailədaxili kiçik münaqişələr səbəbindən başa çatır. Bəlkə də vaxtında kəsərli bir ağsaqqal sözünün yoxluğu onları bu aqibətə tuş qoyur. Yoxsa, dünyasını dəyişən günədək yarım əsr əvvəlki həyat dramının ağrı-acısına qovrulmasına, peşmançılıq çəkməsinə nə ad vermək olardı? Üstəlik, sonradan ailə qurmasına baxmayaraq, həmişə xoş məhəbbətlə xatırladığı Qədir müəllim haqqında “o əsl kişiydi, onun tayı-bərabəri tapılmaz” deməsi təsadüfə yozula bilərmi?



...Radioda Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Yavәr Kәlәntәrlinin, Həqiqәt Rzayevanın oxuduğu muğam, təsnif vә maһnılara qulaq asmaqdan doymayan Sara yeniyetmə ikən indi İbrahim Әbilovun adını daşıyan mәdәniyyәt evinә gedir. Zülfü Adıgözəlovun rəhbərlik etdiyi özfəaliyyәt dәrnəyində tar və kamanın müşayiәti ilә oxumağa başlayır. Burada öyrәndiyi “Gəlmә-gəlmə”, “Qara gözlәr”, “Kürdün gözәli”, “Alagöz” maһnıları onun ifasında özünə məxsus çalar, rәng alır.


1941-ci ilin iyul ayı idi. Filarmoniyada özfәaliyyәt kollektivlәrinә baxış keçirilirdi. Münsiflər һeyətinin tәrkibindә Üzeyir Haçıbәyov, Hüseynqulu Sarabski, Seyid Şuşinski kimi mәşһur musiqiçilәr vardı. Növbә Saraya çatdı. Konfransye nömrәni elan etdi:
- “Qatar”, oxuyur Sara Qədimova!


Sәһnəyә orta boylu, zәrif, qaragözlü bir qız çıxdı. Üzeyir Hacıbәyov Hüseynqulunun üzünә baxdı. O, öz tәәccübünü gizlәdә bilmәyib Saradan soruşdu:
- Qızım, sәn “Qatar” muğamını oxuyaçaqsan, yoxsa uşaq maһnısı “Qatar”ı?


Tarın sәsi kamana qarışdı. Sara zil sәs tələb olunan muğamı ustalıqla oxuyub qurtardı. Üzeyir bəy elә bil seһrlәnmişdi.
Dahi bəstəkar sevinclә sәһnәyə qalxdı. Saranı təbrik etdi, Sarabskiyә xitabən, “axır ki, səһnәmizin əsl Leylisi tapıldı” – dedi.



Opera və balet teatrının cəhnəsinə çıxmağa özünü hazır saymayan gözəl-göyçək Sara münsiflər heyətinin rəyi ilə filarmoniyaya solist kimi işə qəbul olunur. O zaman mikrofonsuz, canlı çalıb-oxuyardılar. Hamının əlçatmaz sandığı sənət məbədinin solistlərini saymaq üçünsə barmaq kifayət edərdi: Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Cahan Talışinskaya, Zülfü Adıgözəlov, Qurban Pirimov, Hacı Məmmədov. Məhz belə ustadların sırasında Sara kamil sənətkar kimi yetişdi, saxta oxumaqdan uzaq oldu, sənəti büllur kimi saf, təmiz qaldı.


Sara Qədimova ilk müğənni idi ki, bədii özfəaliyyət kollektivindən birbaşa böyük sənətə ayaq açmışdı. Bir qədər sonrasa bu musiqi ocağında gənclərin sırası genişləndi: Şövkət Ələkbərova və Əbülfət Əliyev səhnəyə gəldi.


Filarmoniyada birinci addımını atan andan sevgi qazanan Sara xoş günlərin ləzzətini doyunca dadmamış müharibə başladı. İndi o, yalnız müğənni deyil, od-alovdan qorxmayan vətən keşikçisi idi. Davanın ilk günlərindən gənc müğənni cәbһәləri dolaşdı. Sәməd Vurğun, Meһdi Hüseyn, Bülbül və başqa incәsәnət xadimlәrilә birlikdə əsgərlərimizə mənəvi dayaq oldu. Məşhur 416-cı Taqanroq diviziyasının döyuşçülәri ilә görüşlәrdə konsertlәr verən Saranın ifasında Üzeyir Haçıbәyovun “Şəfqәt baçısı” maһnısı olduqca tәsirli sәslənirdi. Yeri gəlmişkən, Sara Qədimova Üzeyir bəyin bəstələdiyi “Qara göz” və “Şəfqət bacısı” mahnılarının ilk ifaçısıydı.


Səməd Vurğun Sara Qədimovanın sәnətkarlığını yüksək qiymәtlәndirirdi. O, gənc xanəndəylə bağlı fikirlərini beləcə bölüşmüşdü: “Sənət o zaman böyük olar ki, һәmin sәnәtə məna verәsәn. Oxuyanda, çalanda səni düşündürsün. Bu baxımdan Sara Qәdimovanın oxuması mәnim xoşuma gәlir, o, sözlәri aydın deyir. Sara “Segaһ” muğamını böyük ustalıqla oxuyur. Arzu edirəm ki, onun ağzından һər dəfə yeni “Segaһ” eşidәk... Muğam oxumaq müğәnnidən böyük ustalıq, һәr şeydәn әvvәl, zil vә bəm sәs təlәb edir. Hәmin keyfiyyәtlərin һamısı Sara xanımda vardır. O, muğam ustalarımızın gözәl ənәnəsini şәrәflә davam etdirir”.



Az vaxtda məşhurlaşan, şöhrət qazanan Sara xanımın elə bir konserti olmazdı ki, Səməd Vurğun iştirak etməsin. Böyük şair onun sənətinə heyran idi. Xüsusilə Sara xanımın ifasında “Segah” muğamını dinləməkdən doymazdı. 1956-cı il mayın 27-də S.Vurğunun 50 illik yubileyi qeyd olunarkən, proqrama şairin sevdiyi muğam və mahnılar salınmışdı. Həmin gün Sara xanım konsertdə “Segah” muğamını oxumuşdu.


Ölməz sənətkar, əvəzsiz müəllim Seyid Şuşinski də “heç bir qadın müğənni muğamları, xüsusilə “Qatar” muğamını Sara xanım kimi füsunkarcasına oxuya bilmir. Onun səsi muğamlarımıza yatımlıdır. Füzuli və Şirvaninin qəzəlləri Saranın səsinə çox yapışır” - deməklə gənc ifaçının əməyinə yüksək qiymət vermişdi. Həqiqətən də Azərbaycan incəsənəti tarixində “Şur” və “Mahur hindi”ni dəsgah halında başdan ayağa lentə yazdıran ilk qadın sənətkar kimi xanəndə bütün tərifli sözlərə layiq idi. Hələ gənc yaşlarından fitri istedadı, təsirli və gözəl səsi, yüksək aktyorluq məharəti, təkrarsız sənəti, bir sözlə, öz yolu, ifa tərzi, usta boğaz qaynatmalarıyla hamının diqqətini çəkən S.Qədimova ona etimad göstərənləri çox intizarda saxlamadı. Uzun illər boyu konsertlərin çoxunda mikrofondan gen gəzən sənətkar ilk addımlarını atan gündən sterotipləri qırdı, qadın xanəndələrin “Qatar”, “Şahnaz” və “Segah”dan başqa heç bir muğam oxuya bilməməsiylə bağlı fikirləri alt – üst etdi.



1945-ci ildən başlayaraq, gənc xanəndə “Mahur hindi” və “Bayatı Şiraz” muğamlarını oxuyur. Bu zaman vur-tut 23 yaşı vardı. Üstündən doqquz il keçdi. Hər iki muğam onun koloritli ifasında lentə yazıldı. Sara xanımın yaradıcılığında xüsusi yer tutan, böyük ustalıqla oxuduğu “Şur” dəsgahısa bundan bir qədər sonra tarixin yaddaşına köçdü.



1956-cı ildə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri - Fikrət Əmirov, Niyazi, Bəhram Mansurov və rejissor Mehdi Məmmədovun təkidi ilə Sara Qədimova yolunu opera və balet teatrına salır. O, burada əvvəlcə Leyli, sonrasa Əsli obrazlarını yaradır. Saranın oynadığı tamaşalara biletlər vaxtından 10-15 gün əvvəl satılıb qurtardığından, yersiz qalanlar ayaq üstə dayanıb baxmağa belə ərinməzmişlər.
Maraqlıdı ki, səhnəmizin gözəl, lirik Leylisi Sara xanımla Əbülfət Əliyevin ifasında “Leyli və Məcnun” operası bütünlüklə lentə yazılıb, qızıl fondda saxlanılır.



S. Qədimovanın qızıl fondda saxlanan nadir lent yazılarından biri də 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyünün (dekadasının) bağlanışında Xan Şuşinski və Şövkət Ələkbərova ilə birgə oxuduğu “Qarabağ şikəstəsi” ni, təkrarsız, qiymətli anları əks etdirir.


Beləliklə, Sara xanım Şərqdə muğam dəsgahlarını ifa edən ilk qadın xanəndə kimi qəbul olundu. İstedadı, ürəyə yatımlı, geniş diapazonlu, yüksək əyarlı bənzərsiz səsi və ifasıyla sonrakı nəslə nümunəyə çevrilən sənətkar dərs demədən belə, öz məktəbini yaradıb. Sara xanımın qiyabi tələbələri - Qəndab Quliyeva, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Bəsti Sevdiyeva, Könül Xasıyeva, Aygün Bəylər ustadın muğam ifaçılığından bəhrələnir, yolunu davam etdirirlər. Gәnç xanəndələr “Qatar” ifa edәrkən birinci növbədә onun lent yazısını dinlәyir, bu muğamı belə ustalıqla oxumağa çalışırlar.


Sənətkarın yaradıcılığının tədqiqatçısı və yorulmaz təbliğçisi Çingiz Fərəcovun yaddaşında əbədilik həkk olanlardan: “Sara Qədimovanı ilk dəfə yaxından 1956-cı ilin mayın 28-də Şuşada görmüşəm. O, Hacı Məmmədov və Əbülfət Əliyevlə birlikdə Cıdır düzündə konsert verirdi. Biz, bir dəstə əyninə eyni rəngli, eyni formalı paltar geyinib tamaşa edən uşaq müğənninin gözündən yayınmadı. Sara xanım kimliyimizlə maraqlandı. Uşaq evindən olduğumuzu biləndə, göz yaşları içində bizi bir-bir qucaqlayıb bağrına basdı. Həmin gün axşam o, Əbülfət Əliyevlə birlikdə yaşadığımız 5 nömrəli uşaq evinə gəldi. Şəraitimizlə tanış oldu: təlim-tərbiyə məsələsiylə maraqlandı, yataq otaqlarımıza baxdı, yeməkxanada yeməyin keyfiyyətini yoxladı və sair. Bundan sonra bizim üçün konsert verdi. Bütün qonum-qonşular da onu görmək, dinləmək üçün uşaq evinə gəlmişdilər. Sara xammın oxuduğu “Hind qızı”, “Qara tellər” mahnılarının və “Şahnaz” muğamının sədaları indi də qulağımdan getmir.
O zamandan özümə ana bildiyim Sara xanımla məktublaşmağa başladım.



1957-ci ilin martın 21-də Sara xanım yenidən uşaq evinə, görüşümüzə gəldi. Fatma Mehrəliyeva da onunla bir yerdəydi. Amma bu adi səfər deyildi. Bizim üçün gözlənilməz hadisə baş verdi. Sara xanım hamımıza - 57 uşağın hər birinə rəngli kiçik ala-bəzək torba tikib gətirmişdi. Həmin torbaların içində o vaxtadək görmədiyimiz, adlarını az hallarda eşitdiyimiz şəkərbura, paxlava, müxtəlif şirniyyatlar var idi. Hər uşağa bir torba verdi. Hamımız sevinirdik. Bizə sanki dünyanı bağışlamışdılar.”


1950-60-cı illərdə Sara xanımın şöhrətinin gurlayan vaxtları idi. Onun ifa etdiyi “Tarçalan oğlan”, “Ay işığında”, “Pıçıldaşın ləpələr”, “Ürəkdir sevən səni”, “Nə vaxta qaldı” və onlarca başqa mahnılar dillər əzbəri idi. Eləcə də xanəndənin təkrarsız avazında “Qatar”, “Segaһ”, “Şaһnaz”, “Bayatı Şiraz”, “Xariç segaһ”, “Şur dәsgaһı” muğamları, Hacıbaba Həsənovun “Xatirələr”, Səid Rüstəmovun “Haralısan”, ərəb dilində səslənən “Xəyalımın nuru”, “Ya mayilə” və farsca yazılmış “Peşiman olmuşam”, “Mən baharam”, “Getdim ki, getdim” və sair mahnıları dinləyənlər doymaq bilməzdi.


Poeziyaya vurğunluğuyla seçilən Sara xanım beş yüzdən çox qəzəl bilirdi. Başda Xan əmi olmaqla, bütün müğənnilər onun bu qədər qəzəli necə əzbərlədiyinə təəccüblə yanaşır, heyrətlənirdilər. Bülbüldən sonra istər bəmdə, istərsə də zildə sözləri çox açıq, aydın tələffüz etməsi ilə fərqlənən ikinci müğənni kimi onun aydın diksiyası hamıya xoş gəlirdi. Muğamlarımızın və mahnılarımızın ilkinliyini qoruyub saxlayan Sara xanım mövqeyini bircə cümləylə, amma dolğun şəkildə əsaslandırırdı:
“Əgər xalq bu mahnını yaradıb, öz möhürünü vurubsa, ona ikinci bir əlavənin edilməsinə ehtiyac qalmır”.


Heç kәsi tәqlid etməyən S.Qәdimovanın təkrarsızlığı Şəfiqə Axundovanın “Məhəbbət təranələri”, “Axı mən nə dedim” və “Lirik mahnı”sı, Hacıbaba Həsənovun “Xatirələr”i, xalq yaradıcılığına məxsus “Qara qaşın vəsməsi”, ara-sıra səslənənməyinə baxmayaraq, nəqarətindəki xırdalıqları heç bir müğənninin təkrar edə bilmədiyi “Nə vaxta qaldı” (müəllifi - Qənbər Hüseynli) mahnısında da görünür. Məhz bu mahnıları heç kəs Sara xanım kimi ifa edə bilməyib. Və yeri gəlmişkən, həmin bəstələr təəssüf ki, bu gün də demək olar oxunmur.


Sara xanım “Şur dəsgahı”, “Mahur hindi”, “Xaric segah”, “Bayatı Şiraz”, “Segah”, “Qatar”, “Şahnaz” “Rast” “Çahargah” muğamlarını, dörd yüzə yaxın xalq, bəstəkar, o cümlədən iyirmi beş xarici ölkə mahnısı ifa edib. Onların əksəriyyəti lentə alınıb, Dövlət Səs Yazıları Arxivində və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin qızıl fondunda qorunur. Bu qiymətli sənət inciləri milli mədəniyyətimizin parlaq nümunələri kimi daima yaşayacaq.


Misir Ərəb Respublikasının və Türkiyənin keçmiş dövlət başçıları - Camal Əbdül Nasir və Süleyman Dəmirəl Sara xanımın sənətini yüksək qiymətləndirirdi. Hətta, Azərbaycana birinci səfəri zamanı ustad xanəndəni ilk dəfə dinləyən Süleyman Dəmirəl 29 il sonra onu şəxsi qonağı kimi ölkəsinə dəvət etmişdi.


Sara xanımın Süleyman Dəmirəllə tanışlığı 1967-ci ilə gedib çıxır. Belə ki, həmin il Süleyman Dəmirəl Türkiyənin baş naziri kimi Azərbaycana gəlmişdi. Səfərin axırıncı gün Süleyman Dəmirəlin şərəfinə ziyafət verilən zaman Sara xanımla yanaşı, Xan əmi, Şövkət Ələkbərova və Əbülfət Əliyev öz gözəl mahnıları ilə çıxış edirlər. S.Qədimova “Qatar” muğamı, türk bəstəsi olan “Yalan dünya” və əvvəlində Abbas Səhhətin “Vətən” şerini segah üstündə dilləndirdiyi “Qara tellər” xalq mahnısını oxuyur. Aradan 28 il ötür. Süleyman Dəmirəl yenidən Azərbaycana gəlir. Bu dəfə qardaş ölkənin prezidenti kimi. Hörmətli qonaq onun şərəfinə verilən ziyafətdə ötənləri xatırlayır. Az sonra, 1996-cı ildə Süleyman Dəmirəl Sara Qədimovanı şəxsi qonağı kimi Türkiyəyə dəvət edir.


Sara xanım iki dəfə İranda qastrolda olmuşdu: 1942 və 1944-cü illərdə. 1944-cü ilin üç ayını xanəndə Arazın o tayında keçirmişdi. Həmin vaxt İran şahı Məhəmməd Rza Pəhləvi Xan Şuşinskini və Sara Qədimovanı Şimrandakı iqamətgahına dəvət etmişdi. Xan əmi ilə Sara xanım şahın hüzurunda “Qarabağ şikəstəsi”ni və “Get ay batandan sonra ğəl, ay oğlan” xalq mahnısını duet formasında oxumuşdular. Şah Sara xanımın səsinə və gözəlliyinə məftun olmuş, sovet səfirindən qarşısındakı pərinin yaşı, kimliyi barədə soruşmuş, onunla ciddi maraqlanmışdı.


İrandan söz düşmüşkən, 1942-ci ilin iyun ayında Azərbaycanda İran və Türkiyə üçün radio verilişlərinə başlanır. Bu işə böyük məsuliyyətlə və ciddi yanaşırdılar. Birinci verilişə filarmoniyada baxış keçirilir. Mircəfər Bağırov və bütün nazirlər bu baxışda iştirak edirlər. Bağırovun təklifi ilə Xan Şuşinski və Sara Qədimova bu verilişdə oxumalı idilər. Sara xanımın ifasında səslənən “Kürdün gözəli” mahnısı Mircəfərin xoşuna gəlir. O, Saraya “Qubanın ağ alması” mahnısını da oxumağı tapşırır. Sonra hamının yanında iyirmi yaşlı Saraya deyir: “Gözəl səsin var, özün də gözəl qızsan. Amma adın xoşuma gəlmir. Xaricdə eşidənlər deyəcəklər ki, yəqin bu yəhudidi. Gəlsənə, adını dəyişək”.



Sara çəkinmədən və bir an belə fikirləşmədən qıpqırmızı Mircəfərin üzünə qayıdır: “Ata-ananın qoyduğu adı dəyişməzlər”.
Onun cavabından hamı özünü itirir. Bağırovun sözünün qabağında duruş gətirmək?! Amma birinci katib gülümsəyib heç nə demir. Sonra Mircəfər Saradan daha hansı mahnını bildiyini soruşub, “Qubanın ağ alması” cavabını eşidəndə, razı halda qımışır. Müğənni bu mahnını elə oxuyur ki, hamının əli üzündə qalır. Bundan iki il sonra İrana qastrola gedəcək qrupun tərkibinə şəxsən Bağırovun tapşırığı ilə Sara Qədimova da daxil edilir və o, üç ay qonşu ölkədə olur.



«Xəyalımın nuru» ilin ən yaxşı mahnısı oldu

Rəşid Behbudovdan sonra 1950-60-cı illərdə Sara xanım qədər xarici ölkələrdə konsert verən, dünya xalqlarının mahnılarını ifa edən ikinci bir müğənni yox idi. O, 22 ölkədə Azərbaycan incəsənətini təmsil etmişdi, İran, İndoneziya, Efiopiya və Özbəkistanın dövlət mükafatlarına layiq görülmüşdü. S.Qədimova əcnəbi dillərdə 25 mahnı ifa etmiş və lentə yazdırmışdı. Bunlardan ərəbcə oxunan “Xəyalımın nuru”, “Yamayilə”, “Leyla”, “Sili”, farsca səslənən “Rəftəm ki, rəftəm”, “Peşiman şodəm”, “Bahori mən”, İndoneziya mahnısı “Vurğunam”, tacikcə ifa olunan ”Məhəbbət” və başqa mahnıların adını çəkmək mümkündü.


“Xəyalımın nuru” mahnısından söz düşmüşkən, 1960-cı ildə Misirə qastrol səfərində Sara xanım məşhur ərəb müğənnisi Fehruz xanımla və dünya şöhrətli bəstəkar-müğənni Fərid Əl-Ətraşla tanış olur. Fərid Əl-Ətraş özünün “Xəyalımın nuru” mahnısını Sara xanıma öyrədir. Böyük müğənni tamaşaçıların xahişilə açıq havada bu mahnını dörd dəfə oxuyur Və bu zaman yüzlərlə tamaşaçı ayağa durub məşhur rus “Tanqo”sunu oynayır. Bundan sonra “Xəyalımın nuru” Misirdə “ilin ən yaxşı mahnısı” elan olunur.


S.Qədimovanın İraq müğənnisi Sinan Səidlə birlikdə oxuduğu “Dühüllə” mahnısısa indi də o ölkənin radiosunda səsləndirilir.


Şəxsiyyətə pərəstiş illərində, adlarının çəkilməsi belə yasaq olan vaxtda Hüseyn Cavidin şerlərini, Müşfiqin yeganə qəzəlini məhz Sara xanım oxuyub. Onun cəsarəti, qorxmazlığı, yalnız bu faktla bitmir. İdeoloji sədlərə baxmayaraq, fars şairi Racinin qəzəlini, “Mahur hindi” muğamı üstündə “Mürği-səhər”i 1959-cu ildə Vasif Adıgözəlovun Türkiyədən bəhrələnməklə bəstələdiyi, ifasına icazə verilməyən “Unutdun məni” mahnısını senzuraya məhəl qoymadan tamaşaçıların ixtiyarına çatdıran da Sara Qədimova idi.


“Qarabağın maralı” mahnısı. Bu adda bəstədən və onun ilk dəfə Sara xanımın ifasında səslənməsindən çoxları xəbərsizdi. Qaim-qədim Qarabağ torpağının yetirməsi, həvəskar bəstəkar İsgəndər Novruzlunun yazdığı, sonralar adı dəyişilərək “Azərbaycan maralı” şəklinə düşən bu mahnını melodiyasının türk musiqisinə yaxınlığı bəhanəsilə oxumağa qoymurdular. Amma Sara xanım cürət edib, onu “Şahnaz” muğamının ortasında təsnif kimi ifa etmişdi.



Sara xanımın avtomobil qəzası

1965-ci ildə Sara xanım bağına gedərkən avtomobil qəzasına düşmüşdü. Maşında qardaşı və rəfiqəsi Sara Məmmədova da var idi. Bu qəza çox söz-söhbətə səbəb oldu. Hərə özündən bir əhvalat düzüb qoşurdu. Çox ağır xəsarət alan Sara xanım Sabunçu xəstəxanasına yerləşdirilmişdi.
Onun müalicəsilə məşhur travmatoloq Lev Frankenberq məşğul olurdu. Bu hadisədən iki il əvvəl sovet nümayəndə heyətinin tərkibində Sara Qədimovayla birgə üç ay İndoneziyada olan və müğənniylə dostlaşan kosmonavt Valentina Tereşkova rəfiqəsinin qəzaya uğraması xəbərini eşidən təki Moskvanın ən məşhur travmotoloqu - Trapeznikovu Bakıya göndərir. Sara xanım xəstəxanada yatarkən də boş oturmurdu. Füzulinin, Seyid Əzimin, Vahidin kitabları onun əlindən düşmürdü. Ayağından on kiloqramlıq ağır daş asılmasına baxmayaraq, o burada otuz iki qəzəl öyrənir.
Sara xanım əla müalicə olunur. Amma dedi-qodu, söz-söhbət onu sarsıdıb, ruhdan saldığından, tezliklə konsertlərdə çıxış etmək istəmir.


S.Qədimovanın ifasında “Xatirələr”, “Tarçalan oğlan”, “Qara tellər” mahnılarını “Qatar” muğamını və sair dinləməkdən doymayan, Azərbaycanın o zamankı rəhbər şəxslərindən biri - Şıxəli Qurbanov mayın 25-də xanəndəni yanına çağırır. Sonradan sənətkarın özünün danışdığına görə onların arasındakı qısa söhbət zamanı “Sara xanım, niyə oxumursan?” sualına cavab ala bilməyən Şıxəli müəllim canıyananlıqla “Siz mənim maşınımda da qəzaya düşə bilərdiz” deməklə onu inadından döndərir. Bundan sonra Ş.Qurbanov radio və televiziya komitəsinin sədri Teymur Əliyevə tapşırır ki, tezliklə Sara xanımın televiziyada konsertini versin. Teymur müəllim “nə qədər dəvət edirk, Sara xanım gəlmir” deyir.
Şıxəli müəllimin növbəti tapşırığı mayın 29, 30, 31-də Sara xanımın filarmoniyada 3 günlük konsertinin təşkili ilə bağlı olur.
Amma sən demə, hər yerə ayın sonuncu günü Niyazinin dirijorluğu ilə simfonik orkestrinin konsertini bildirən afişalar vurulubmuş.


Ş.Qurbanov orkestrin konsertini başqa vaxta keçirmək barədə göstəriş verir. Ötkəm, tündməcaz xasiyyətilə tanınan Niyazi bu məsələyə görə yamanca pərt olsa da, razılaşmaqdan başqa çarəsi qalmır.


Bir qıçı kəsilib, protez qoyulduğu söylənən Sara xanım həkim Lev Frankenberqin təklifiylə ilk konsertdə səhnəyə qısa paltarla çıxmaqla şayiələri alt-üst edir. Üç gün filarmoniyanı ağzınacan dolduran pərəstişkarlar Sara Qədimovanı sağlam vəziyyətdə gördükdə rahatlıq tapırlar. Hər üç konsert “Şür” dəsgahı ilə başlayır.


Müğənnilər onu əliaçıq, çörəkli bir insan kimi xatırlayırlar. Sara xanım öz tikəsini hamıyla yarı bölərdi. Onunla qastrola gedənlər heç vaxt, heç nədən korluq çəkməzdilər. Təşkilatçılıq bacarığı öz yerində, əl-qolunu çırmalayıb dadlı-tamlı xörəklər hazırlayar, sənət dostlarını bu sarıdan da qayğılanmağa qoymazdı.
Sara Qədimovanın olduqca ciddi və zabitəli xasiyyətinə işarə ilə, Xan əmi həmişə zarafata salıb deyərdi: “Moskvada Stalin, Bakıda Mircəfər Bağırov, filarmoniyada Sara xanım. Dad onların əlindən”.
Yaşından asılı olmayaraq, müğənnilər onun yanında özünü yığışdırar, söz-söhbətlərinə, danışıqlarına fikir verərdilər.

Bununla yanaşı, heç vaxt dilinə yalan gətirməyən, kimsənin qeybətini eləməyən, paxıllıq və kin-küdurətdən uzaq Sara xanım zarafatı, deyib-gülməyi çox sevirdi. Hətta, səhnədə muğam və mahnıları gülə-gülə oxuyardı. Və maraqlıdı ki, deyib-gülməyi öz yerində Sara Qədimova həm də mahir nərd oyunçusu kimi tanınırdı. Ona qalib gəlmək hələm-hələm kişinin işi deyildi. Xan Şüşinski, Əbülfət Əliyev, Hacı Məmmədov, İldırım Həsənov Sara xanımla nərd oynayanda ciddi görkəm alırdılar. Bir dəfə Xan əmi lap divara dirənmişdi. On üç dəfə dalbadal uduzmaq sizə zarafat gəlməsin.


1950-60-ci illərdə Bakıda və nəinki paytaxtda, bütün Azərbaycanda üç gözəl sənətkar xanımı barmaqla göstərirdilər: Sara Qədimova, Leyla Bədirbəyli və Nəcibə Məlikova.
Bu üç Azərbaycan gözəli təsadüfi hallarda Nizami küçəsində gəzintiyə çıxarkən, gənclər onların arxasınca baxar, gözəlliklərindən həzz alardılar.


Sara xanım 83 il yaşadı. 2005-ci il may ayının 12-də dünyasını dəyişən müğənni gəncliyində və orta yaşlarında olduğu kimi, ahıl çağında da qadınların ən gözəli idi. Bəli, bu o Saraydı ki, 1950-60-cı illərdə onu bircə dəfə görmək üçün adamlar Azərbaycanın ucqar rayonlarından belə Bakıya axışar, filarmoniyanın qarşısına toplaşar, konsertinə düşməyə çalışardılar. Çox vaxt onun başından gül ləçəkləri tökərdilər. Səliqəli, yaraşıqlı geyinən sənətkara məftun olanlar saya gəlməzdi.


Sara Qədimova 1954-cü ildә Azərbaycanın әmәkdar, 1963-cü ildə xalq artisti fәxri adlarına layiq görülmüşdü. O, 1959-cu ildə “Şərəf nişanı”, 1997-ci ildə “Şöhrət” ordenləri ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi, 1963-cü ildə Bakı şəhər sovetinin deputatı seçilmişdi.

Respublikanın xalq artisti… Bu şәrәfli adı doğrultmaq, xalqı duymaq, xalq üçün yaratmaq deməkdi. Xalq isә onu sevәnlәri və sevilənləri unutmur. Sara xanımı unutmadığı təki.



P.S. Yazınının hazırlanmasında dəyərli məsləhətləri ilə köməyimə gələn, Sara Qədimova irsinin layiqli tədqiqatçısı Çingiz Fərəcova xüsusi minnətdarlığımı bildirirəm.

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3173

Oxşar yazılar