Ağaxan Salmanlı: “Minnəti olsun o adamın ki...” – MÜSAHİBƏ –
17 mart 2011 13:45 (UTC +04:00)

Ağaxan Salmanlı: “Minnəti olsun o adamın ki...” – MÜSAHİBƏ –

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanlının Lent.az-a müsahibəsi.

- Bu il sizin yubiley iliniz sayılır. Oktyabrda 70 yaşınız tamam olacaq. Amma sizə baxanda bu yaşı vermək olmaz. Maşallah, cavan qalmısınız...

- Üzdə belədir, hə. Amma dərinə getməsək, yaxşıdır. Əliağa Ağayev “Əcəb işə düşdük” tamaşasında bir-bir xəstəliklərini sadalayır. Ona deyirlər, “axı, sən üzdən yaxşı görünürsən”. O da cavab verir ki, “üzdən baxma, içim çürükdür...” Əliağa Ağayevin sözü olmasın... Düzdür, içim də salamatdır, hələ ki, bir şikayətim yoxdur. Mənə də qəribə gəlir ki, 70 yaşında belə qalasan. Özü də mən 20 il qabaq maşın qəzasına düşmüşəm. Ölümlə üz-üzə qalmışam. Amma tədricən orqanizmim öz-özünə bərpa olundu. Elə o vaxtdan da siqaretə və içkiyə son qoydum. Görünür bunun da köməyi oldu. Amma görünüşüm bir yana, heç daxilən də özümü 70 yaşlı qoca kimi hiss etmirəm. Əsas budur (gülür).

- Müsahibədən qabaq vəziyyətinizi soruşanda da çox dərinə getmək istəmədiyinizi dediniz. Deyəsən dərində yaman dərin mətləblər gizlənir.

- Mətləblər ondadır ki, aktyorun sosial vəziyyəti həmişə zamandan geri qalır. Biz axı yarmarkada satılan ucuz Çin malları geyinə bilmərik. Bunu bizə ayıb sayarlar. Çünki biz göz qarşısındayıq. Xalqın qarşısına pis geyimdə çıxmaq bizə yaraşmaz. Biz niyə yaxşı, təmiz məhsullar satılan marketlərə girə bilməyək?! Niyə ucuz mağazalardan başımızı aşağı salıb gözümüzü yuxarı qaldırmadan bazarlıq edək?! Belə söhbətlər dərin söhbətlərdir ki, ora varmağın mənası yoxdur. Şəxsən mən sosial baxımdan sıxıntı keçirirəm. Aldığım maaş, təqaüd çox şeyə yetmir.

- Xalq artisti olaraq nə qədər əmək haqqı alırsınız?

- 200 manat.

- Bəs prezident mükafatı?

- Mükafat alıram, amma o da müvəqqətidir. 70 yaşım var. Yaşı məndən az olanlar çoxdan prezident təqaüdü alırlar. Mən isə yox. Mükafat da belədir ki, bir il tamam olandan sonra yenidən təqdimat göndərilir. O da bilinmir göndərəcəklər, ya yox. Onun həyəcanı adamı üzür. Təzə il gələn kimi o həyəcan ürəyimizi tərk etmir ki, görəsən, bu il də mükafat olacaq, ya olmayacaq? Olmasa, bədbəxtlikdir. Borclar yığılır, gələn il mükafat versələr də, onlar ancaq borc qaytarmağa gedəcək.

- Bunlar sizin sosial sıxıntılarınızdır. Yaradıcılıq baxımından necə, sıxıntılarınız varmı?

- Var. Zaman-zaman belə sıxıntılar təbii ki olub. Gənc Tamaşaçılar Teatrı özünə məxsus teatrdır. Hər aktyor, hər rejissor bu teatrdan baş aça bilmir. Gərək burda yetişəsən, böyüyəsən ki, baş açasan. Biz əsasən uşaqlara, yeniyetmələrə, gənclərə xidmət edirik. Ona görə repertuar da özünə məxsus olmalıdır. Məsələn, Ağakişi Kazımov bizim teatra gələndə 3 dəfə uşaq tamaşası qoymağa təşəbbüs göstərdi. Üçü də uğursuz alındı. Özü də etiraf etdi ki, “mən uşaq tamaşası qoyan rejissor deyiləm. Bu, məndə alınmadı”. Amma kim deyə bilər ki, Ağakişi Kazımov rejissor deyil? Onun çox gözəl tamaşaları var. Azər Paşa Nemətov 1983-cü ildən 1990-cı ilə qədər Gənc Tamaşaçılar Teatrının baş rejissoru oldu. O 7 ildə teatr dirçəldi. Müxtəlif gözəl tamaşalar qoyuldu. Axı o uşaqlıqdan bu teatrda böyüyüb. Atası Zəfər Nemətov bu teatrın baş rejissoru olub....

- Bəs Cənnət Səlimovanın iki illik baş rejissorluğu dövründə müəyyən qədər də olsa dirçəliş hiss olunur?

- Hələ hiss olunmur. Məncə, o yaşda rejissor üçün dirçəliş çətin hiss olunsun. Çünki o, artıq formalaşmış, dəqiqləşmiş bir sənətkardır. Gənc vaxtından gəlsəydi, bəlkə də nəsə olardı. Bundan sonra necə yeni ixtiralar edəcək? Mən inanmıram. Təzəlikcə “Göyçək Fatma” uşaq tamaşasını qoydu...

- Tamaşanı bəyəndiniz?

- Mən yox. Bir çoxları da eləcə.

- Nəyə görə?

- Psixoloji məqamları, uşağa çata biləcək tərzdə təqdim olunma üsullarını, vasitələrini bilmək lazımdır. Uşaq tamaşası anlaşıqlı olmalıdır. Uşağın öz dili var, onun anlaması üçün hər cür xırdalıqlardan istifadə etmək lazımdır. Uşaq tamaşasına məhz uşaq tamaşası rakursundan yanaşmaq hər rejissora nəsib olmur. Bu baxımdan hesab edirəm ki, məndə alınır. Mən 1964-cü ildən bu teatrda işləsəm də, ilk uşaq tamaşamı 26 ildən sonra 1990-cı ildə səhnələşdirmişəm – “Qarışqa şıllaq atdı”. Onu da deyim ki, 20 ildə mənə cəmi 4 rol verilmişdi. Belə aktyor neyləməliydi? Ya boğulub ölməliydi, ya da saman çöpündən də yapışmış olsa, üzə çıxmalıydı. Ona görə də mən başladım tamaşa hazırlamağa. Bəzilərində hətta aktyor kimi oynadım da. Birinci uğurlu alındığına görə, ikincisini də qoydum. Amma 10 ildən sonra – “Dovşanın ad günü”. Rejissor işi quyuya gələn su kimidir. Rejissor bir teatr mövsümündə 19 tamaşa qoya bilməz. 9-10 ayda 19 tamaşa qoyan rejissor artıq bilirsiniz nədir? Çap maşını...

- Söhbət konkret kimdən gedir?

- Cənnət Səlimovadan. Ötən il özünün tədris tamaşalarını teatrın səhnəsinə uyğunlaşdırdı. Bu, çap etməkdir, yaradıcılıq yox. O cümlədən də elə “Göyçək Fatma”. Bu tamaşa da çap olunmuş bir şeydir. Burada mən yaradıcılıq görmürəm. Tamaşanın yapışığı yoxdur.

- Hazırda sizin hansısa tamaşanız repertuara salınıb?

- Mənə yeni tamaşa verilmir. Amma 3 tamaşam - “Dovşanın ad günü”, “İncəbel qarı” və “Tıq-tıq xanım” repertuardadır. Başqa tamaşalarımı çıxardılar ki, bunların formatı yeni dövrün formatına uyğun gəlmir. Amma mən deyərdim ki, bərpa olunmuş 19 tamaşanın bir çoxunun formatı özfəaliyyət formatından yuxarı deyil. Çox vaxt da klassiklərin adı arxasında gizlənirlər. Ad arxasında gizlənmək lazım deyil – “mən Şekspir oynayıram”. Əsas necə oynamaqdır.

- Teatrlar yenicə birləşən vaxtlar aktyorlar arasında ayrı-seçkilik qoyulduğu iddia olunurdu. İndi vəziyyət necədir?

- Təbii ki, ayrı-seçkilik qoyulanda bu, aktyorlar arasındakı münasibətlərə də təsir edir. Ancaq nəciblik, özünü aparmaq mədəniyyəti bizim aktyorlarda güclüdür. Yəni, tərbiyə, dözüm, səbir daxilində bunların hamısını yola veririk. Bir-birilə dalaşmaq, ağır söz demək, pislik etmək olmadı bizdə. Aktyorların çox hissəsi məşğul deyilsə, əsas rolları bir teatrın aktyorları oynayırsa, digər iki teatrın aktyorlarına isə xırda-para rollar verilirsə, təbii ki, burda bir mənəvi sıxıntı var. Məsələn, mən iki ildə “Şeyx Sənan”da Şeyx Kəbir və “Oliver Tvistin macəraları”nda Fecin rolunda iştirak etmişəm. 20-dən artıq tamaşa hazırlanıb, mən cəmi ikisində rol almışam. Rejissor kimi də tamaşalar verilmir. Çünki mən ştatda aktyoram, rejissor yox. Amma vallah mən kənardan baxıram, hazırladığım tamaşaların ömrü uzun olub. Mən heç də öz tamaşalarımı o birilərindən əskik saymıram, hətta artıqdır da. Bu tamaşalara tamaşaçılar gəlirsə, demək lazımlıdır. Sualla bağlı onu deyə bilərəm ki, müəyyən sıxıntı var. 90 aktyordur, onların bir çoxunun imkanından tam mənada istifadə olunmur. Hansı səbəbdən? Bax, buna mən qarışmıram.

- Qarışmırsınız, amma bilirsiniz...

- Bilirəm. Mən gözləmə mövqeyi tutmuşam. Son illər başqa ölkələrdən də müşahidə edirik, hazırkı məqamda tənqid insanlar tərəfindən qəbul olunmur. Bu şikayət tək bizdə yox, başqa ölkələrdə də var. Hamı tərif istəyir. Tənqid edən insan kimdir? Sənət adamıdır da. Dediklərini qəbul etmirlərsə, acıqlarına gəlirlərsə, iki-üç dəfədən sonra mən artıq düşmənə çevrilirəmsə, mən pis adama çevrilirəmsə... Əslində mən ürəyimdə xeyirxahlıq edirəm, yaxşı mənada deyirəm, özlüyümdə əl tuturam və daxilən güdürəm ki, mənə “çox sağ ol” deyəcəklər. Əgər deməyəcəklərsə, bu, pis məna daşıyacaqsa, minnəti olsun o adamın ki, mən ona dəyərli fikirlərimi çatdırmaq istəyirəm, yaxşı mənada ona dəstək olmaq istəyirəm. Əgər ona pis mənada çatırsa, minnəti olsun, heç demərəm. Mən də əllərimi qoynuma qoyub adi bir tamaşaçı kimi baxıb gedərəm. Hazırda bu mövqedəyəm – gözləmə və səbir mövqeyində. Görüm bu işlərin axırı hara gedəcək? Nə qədər dözəcəyəm, bilmirəm.

- Dediklərinizdən belə başa düşdüm ki, teatrda sizə düşmən münasibəti bəsləyirlər.

- (gülür) Düşmən deyəndə ki... Baxır hansı mövqedən. Mənim mövqeyimdən yanaşsaq, buna pis münasibət, sıxıntı deyərdim. Qarşı tərəfdən götürsək, məni bir az küncə sıxıblar ki, onlara mane oluram bəlkə. Məsləhətlərim, düşüncələrim, dediklərim. Ona görə mən də gözləyirəm ki, bəlkə elə həqiqətən onlara mane oluram. Qoy sərbəst işləsinlər. Bəlkə təzə-təzə dağlar yaradacaqlar, biz də baxıb fəxr edəcəyik. Özü də mən tamaşanın uğurunu gələn tamaşaçı meyarı ilə ölçməyi düzgün saymıram. Müxtəlif peşə sahibləri olan tamaşaçılar var. Teatr işçisinin tamaşa haqqında yürütdüyü fikirlə tamaşaçı fikri bir götürülməməlidir. Çünki teatr işçisinin fikri daha mükəmməldir. Əgər tamaşaçı bir tamaşaya bir neçə dəfə gəlib baxırsa, deməli, o, həqiqətən yaxşı tamaşadır. Yoxsa bir dəfə gəlib baxıb getməklə nə bilmək olar ki, tamaşaçı bunu bəyəndi, ya yox. Bu baxımdan istər aktyor, istər rejissor olsun, teatr işçisinin fikrinə önəm verilməlidir. Yeri gəlmişkən deyim ki, 1965-ci ildən Bədii Şuranın üzvü olmuşam. Zəfər Nemətov savadımı, istedadımı nəzərə alıb, bir ildən sonra məni Teatr Cəmiyyətinə və Bədii Şuraya üzv götürdü. Ötən il isə məni Bədii Şuradan çıxardılar ki, “bəsdir oturdun burda, qoy, indi də gənclər otursun”.

- Bütün bunlardan sonra hazırda Cənnət Səlimova ilə münasibətiniz necədir?

- Yaxşıdır. Mən dediyimi o qəbul etmirsə, bu, o demək deyil ki, o pis adamdır. Ya da əksinə, onun dediklərini qəbul etmirəmsə, deməli mən pisəm. Görünür, bizim qütblərimiz ayrıdır. Biri şimaldır, biri cənub (gülür). Görək də axırı necə olacaq. Mən onunla bircə dəfə söhbət etmişəm. Təzə gələndə getdim yanına, təbrik etdim, uğur arzuladım. Orda məlum oldu ki, hər işi özü təkbaşına görmək istəyir. Kənar məsləhətə, kənar dəstəyə ehtiyac duymur. Özlüyündə hiss edir ki, işin öhdəsindən təkbaşına gələcək. Gələcək, gəlsin. Bizim söhbətimiz pessimist rəng aldı. Amma mən özlüyümdə özümü belə hiss etmirəm. Sağ olsunlar kənar teatrlar. Rejissorluğumu Uşaq Teatrında davam etdirirəm. Hazırda orda bir tamaşa hazırlayıram. Kinoya çəkilirəm, efirlərə çağırırlar. Boş qalmıram. Ürəyimdə dəhşətli sıxıntı keçirmirəm. Düzdür, istəyərdim ki, öz teatrımda rol oynayım, tamaşa hazırlayım. O imkan yoxdursa, onu kənarda axtarıram. Bəzi hallarda da tapıram. Yəni, yaradıcılığımı davam etdirirəm, mən işsiz qalan deyiləm. Məni sıxıb kənarda qoymağa çalışanlar bilsinlər ki, hardan olsa bir yer tapıb üzə çıxacam. Suyun da qarşısını almaq olmur. Hardansa, bir dəlik tapıb mütləq özünə yol açacaq.

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696

Oxşar yazılar