Sait Yücəl: “Azərbaycan bir başqadır...” - MÜSAHİBƏ
09 mart 2011 14:38 (UTC +04:00)

Sait Yücəl: “Azərbaycan bir başqadır...” - MÜSAHİBƏ

Türkiyənin Diclə Universiteti Dövlət Konservatoriyasının rektoru, Diclə Universiteti Ziya Göyalp eyitim (təhsil) fakültəsinin dekanı, professor Sait Yücəl Azərbaycanda səfərdə olub. Türkiyəli qonaq səfər çərçivəsində APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə də görüşüb. S. Yücəl səfərlə bağlı APA-ya müsahibə verib.


- Azərbaycana səfərinizin məqsədi nə idi?

- Bu, mənim Azərbaycana, Bakıya ilk gəlişimdir. Səfərimin məqsədi burada görüşlər keçirmək, eyni zamanda müvafiq təhsil ocaqları ilə əməkdaşlıq əlaqələri yaratmaq, Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaqdır. Fikrimdə tutduğum layihələri qardaş ölkə Azərbaycanla birgə həyata keçirmək istəyimi reallaşdırmaq üçün gəldim. Mən bir neçə ildir ki, Diclə Universitetinin Ziya Göyalp eyitim fakültəsində dekan vəzifəsində çalışıram. Ancaq iki ay öncə Dövlət Konservatoriyasına rektor təyin edildim. Konservatoriyanın vəziyyəti məni qane etmədiyi üçün bir sıra yeniliklər etməyi vacib bildim. Düşündüm ki, niyə bu işdə qardaş ölkə olan Azərbaycanın təcrübəsindən istifadə etməyək. Elə bu istəyimi həyata keçirmək üçün də Bakıya gəldim.


- Yəqin ki, Azərbaycan mədəniyyəti, musiqisi sizi cəlb edib ki, buraya müraciət etmək qərarına gəlmisiniz.

- Azərbaycan mədəniyyəti haqqında çox eşitmişəm, ancaq çox bilgiyə sahib deyiləm. Mən Konservatoriyaya təyin olunanda belə bir addımın atılmasının vacibliyini gördüm. Bir baxdım, Azərbaycan bu sahədə çox güclüdür. Biz bir-birimizi çox gözəl anlayırıq. Mən təkbaşına Azərbaycanı rahatlıqla gəzə bilərəm. Mədəniyyətimiz də bir-birinə çox yaxındır. Düşündüm ki, o zaman niyə Azərbaycandan yararlanmayaq? Azərbaycanla bu sahədə əlaqələrin qurulması iki dövlət arasındakı dostluğun daha da gücləndirilməsinə zəmin yaradacaq. Bu, Türkiyə dövlət başçısının da dəstəklədiyi bir məsələdir. Ötən ilin sonunda hörmətli prezidentimiz Abdulla Gül bizim universiteti ziyarət etdi. Bizim rektor mənə dedi ki, prezident Konservatoriyanın işinin gücləndirilməsini arzulayır. Abdulla Gül bildirib ki, Konservatoriya işində şərqin ən güclü ölkəsi Azərbaycandır, biz niyə qardaşlarımızın bu təcrübəsindən yararlanmayaq?


- Təhsil ocaqları arasında əməkdaşlığı necə görürsünüz?

- Azərbaycandan müəllimlərin bizim Konservatoriyada dərs deməsini, eləcə də müəyyən müddətli ustad dərslərinin təşkilini arzulayardım. Əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələrin bizim Konservatoriyada, bizim tələbələrin isə burada təhsil almalarını da həyata keçirmək niyyətindəyik. Burada olduğum müddətdə çox gözəl insanlarla, istedadlı və mükəmməl musiqiçilərlə tanış oldum. Məsələn, Fəxrəddin Kərimov kimi peşəkar bir dirijorun bizim Konservatoriyada 1 aylıq master-klass keçməsini istərdim. Bizim müəllimlərin bir müddət Azərbaycana gəlib Bakı Musiqi Akademiyasındakı təhsil sistemi ilə tanış olmalarını da arzulayırıq. Konservatoriyamızın Finlandiya, İsveçrə ilə bu cür əməkdaşlıq əlaqələri var və çox uğurla həyata keçirilir. Bizim tələbələrin azərbaycanlı tələbələrin evində, azərbaycanlı tələbələrin bizim tələbələrin evində qalması və bir-biriləri ilə yaxından tanış olub yiyələndikləri bilikləri paylaşmaları çox gözəl olardı. Bilirəm ki, nə bizim, nə də sizin tələbələr buna etiraz etməyəcəklər, əksinə, bu halı gözəl qarşılayacaqlar. Buna görə də biz Bakı Musiqi Akademiyası və Rəssamlıq Akademiyası ilə qarşılıqlı əməkdaşlıq sazişləri imzaladıq.


- Siz həm Konservatoriyanın rektoru, həm də Ziya Göyalp fakültəsinin dekanısınız. İki iş bir arada çətin olmur ki?

- Mənim ixtisasım əslində biologiyadır. Pedaqoji fakültə iki il içində, yəni dekan olduğum müddətdə Diclə Universitetinin ən inkişaf etmiş fakültələrindən birinə çevrilib. Sözsüz ki, bu irəliləyiş, yüksəliş həyata keçirdiyimiz layihələrin, atdığımız addımların nəticəsidir. Mən yuxumda belə, bu problemlərin aradan qaldırılması yollarını düşünürəm. Səhər qalxıram və problemi yuxumda çözdüyüm kimi həll edirəm. Çox düşünürəm və əldə olunan uğurlar bunun nəticəsidir. Konservatoriyaya gəlincə, təqribən iki ay olar ki, mən rektor təyin olunmuşam. Konservatoryadakı vəziyyətə baxdım və səviyyəsi məni heç qane etmədi. Öncə Konservatoriyanın nəzdində xalq rəqsləri qrupuna baxdım, çox bərbad olduğunu gördüm. Bu vəziyyətdə belə xalq rəqsləri qrupu Türkiyə birincisi olub. Əgər biz bu imkansızlıqlar içində Türkiyə birincisini yetişdirə bilmişiksə, deməli, daha yaxşı durumda lap yaxşılarını yetişdirə bilərik. Bunun üçün də bizə dəstək lazımdır. Konservatoriyanın balet bölümündə də problemlər olduğunu gördüm. Onların soyunma otaqları, duş kabinləri, rəqs salonunun isitmə sistemi belə yoxdur. İsitmə sistemi problemini dərhal həll etdim. Konservatoriyanın tarixi çox köhnə deyil. Təqribi olaraq 8 ildir fəaliyyət göstərir, ancaq təəssüf ki, layiq olduğu yerdə deyil. İnşallah, Azərbaycandan akademik sahədə alacağımız dəstək hesabına daha mükəmməl işlər görəcəyimizə ümid edirəm. Diyarbəkirli iş adamlarından sponsor tapılsa, Konservatoriyanın yeni binasını o sponsora tikdirmək və yeni ad qoymaq istəyirik. Bu işlərə özəl sektorun dəstək verməsi lazımdır.


- Diclə Konservatoriyasının yerləşdiyi ərazi də çox yaxşı bir yerdir. Diyarbəkir Türkiyənin Yaxın Şərqə açılan nöqtələrindəndir. Gələcəkdə o bölgədən də tələbələrin cəlb olunması planı varmı?

- Əlbəttə, bu planımız da var. Bizim hazırda Avropadan əlavə, Suriya, İraq universitetləri ilə əlaqələrimiz davam edir. Məqsədimiz Konservatoriyanı mərkəzi bölgə universiteti halına gətirdikdən sonra, sadəcə Türkiyə deyil, Yaxın Şərq və bu bölgəyə kimi bizimlə paylaşacaq bir universitet halına gətirməkdir. Keçən il ərzində biz 50-yə yaxın əcnəbi tələbə almışıq. Onlar öz ölkələrində imtahan verib qəbul olunublar. Məsələn, Azərbaycandan arzulayan tələbə imtahan verəcək və gəlib bizim konservatoriyada oxuyacaq. Onsuz da dil fərqimiz yoxdur. Erasmusla gələn tələbələrə də çox yaxşı imkanlar yaradılacaq. Bu proqramla gələn tələbələrə xüsusi yataqxanalarda otaqlar veriləcək. Kiçik bir tələbə evi kimi fəaliyyət göstərəcək. Bu layihəyə də başlamaq niyyətindəyik, başlarsaq, bir ilə tamamlanar. Ötən il bizə hətta Amerikadan belə tələbə gəldi. Azərbaycandan da tələbələr var. Türkiyənin çox gözəl milli ənənələri, qədim musiqisi var. Əgər bunun üzərinə düşsək, çox gözəl işlər ortaya çıxara bilərik.


- Öyrəndik ki, sizin universitetdə 20 min tələbə təhsil alır.

- Bəli, bizim universitetdə 20 mindən artıq tələbə təhsil alır. Çox gözəl tələbələrimiz var, amma onları öyrədəcək, içlərindəki həvəsi önə çıxaracaq ustalara ehtiyacımız var.


- Bu, Bakıya ilk səfərinizdir. Qısa səfər müddətində nələri görüb bəyəndiniz?

- Mən çox ölkələr gəzdim-gördüm, amma nədənsə Azərbaycan mənə tamamilə başqa cür təsir etdi. Bura gəldiyimdə özümü sanki Türkiyənin başqa bir şəhərinə gəlmiş kimi hiss etdim. Bir-birimizə çox bənzəyirik və bir-birimizi gördüyümüz zaman sanki uzun illərdir tanışıq. Hətta bir-birimizin zarafatlarını belə çox asanlıqla anlayırıq. Finlandiyalı və ya isveçrəli biri ilə zarafat etdiyim zaman mənə soyuq tərzdə baxır, çünki zarafatımı anlamır. Ancaq bizlər hətta baxışlarımızla nə demək istədiyimizi anlayırıq. Üç gün müddətində özümü heç özgə biri hiss etmədim. İnsanları, şəhərin görünüşü, mədəniyyəti hər şey çox gözəldir. Bura gəlməmişdən öncə əslində bunu gözləmirdim.


- Səfər zamanı əldə olunan nəticə sizi qane etdimi?

- Təəssüflənirəm ki, səfərim çox qısamüddətli oldu. Ancaq işimdən dolayı bu səfəri tez başa vurmaq məcburiyyətində qaldım. Buna baxmayaraq, iki gün müddətində bir çox yerlərdə oldum, görüşlər keçirdim, əməkdaşlıq sazişləri imzalandı, Azərbaycan mədəniyyəti ilə də tanış olmağa vaxt tapdım. Burada çox gözəl, yüksək səviyyədə qarşılanmağımdan, hər görüşdə maraqlı müzakirələrdən, tanışlıqlardan məmnunam. Çox sevinirəm ki, ilk səfərimdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, eləcə də Dövlət Rəssamlıq Akademiyası ilə konservatoriyamız arasında əməkdaşlıq protokolu imzalandı. Bununla yanaşı, Dövlət Pedaqoji Universitetində, Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetində, Mədəniyyət və Turizm Nazirliyində görüşlər keçirdim, təhsil sistemi ilə yaxından tanış olmaq imkanı qazandım. Azərbaycan Dövlət İncəsənət Muzeyindəki rəsm əsərlərinə, heykəltəraşlıq nümunələrinə heyran oldum. Azərbaycan aşıqlarının ifalarını dinləmək mənə ayrıca bir zövq verdi. Çox sevindim ki, səfərim çox gözəl səsə malik Fidan və Xuraman Qasımovaların konserti ilə bir vaxta düşdü. Onların konsertinə tamaşa etmək çox böyük şans idi. Azərbaycanın Simfonik Orkestrinin ifasına isə heyran qaldım. Rauf Adbullayevi səhnədə görməkdən çox məmnun oldum.


- Bakıya yenidən gəlmək istədiyinizi duyduq. Bu səfəri nə zaman gerçəkləşdirməyi planlaşdırırsınız?

- Bu dəfə ailəlikcə gəlmək istəyirik... Hər bir azərbaycanlını da şəhərimizdə görməkdən qürur duyarıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858

Oxşar yazılar