Məşhur "Altiplano" qrupu Heydər Əliyev Sarayında çıxış edəcək
04 mart 2011 14:54 (UTC +04:00)

Məşhur "Altiplano" qrupu Heydər Əliyev Sarayında çıxış edəcək

Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Naziriliyindən məlumat verilib. Mətbuat katibi deyib ki, konsert proqramı Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşır. Sözügedən konsertdə Ekvadordan olan “Altiplano” musiqi qrupu ilə Azərbaycan musiqiçilərinin birgə ifa edəcəyi sintez musiqisi səslənəcək. Həmin gün səhnədə “Altiplano” qrupunun tanınmış üzvlərindən Oskar Velaskez, Fernando Villabiansa, Maurisio Vikensio, Stalin Qonzales, Azərbaycan musiqiçilərindən Siyavuş Kərimi, Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Kamran Kərimov, Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadə, Bəyimxanım Mirzəyeva, Təyyar Bayramov, Vəfa Orucova, İlkin Əhmədov, Güllü Muradova, Ehtiram Hüseynov və başqaları çıxış edəcəklər.



Xatırladaq ki, 2002-ci ildə Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə əsası qoyulan Latın Amerikası və Azərbaycan musiqiçilərinin birgə fəaliyyəti elə həmin ildə Bakıda konsertlə nəticələnib. Həmin konsertdən sonra “Altiplano” qrupunun ifası Rafiq Babayev adına səsyazma studiyasında lentə alınıb, 2002-2006-cı illərdə həmin studiyada sintez üçün işlənilib hazırlanıb. Bu müddət ərzində Azərbaycanın aparıcı musiqiçilərindən Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov, Polad Bülbüloğlu, Zabit Nəbizadə, Aygün Bayramova, Nazpəri Dostəliyevə, Lalə Məmmədova, eləcə də instrumental ifaçılardan Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Elşad Abdulrəhimovun ifaları lentə alınıb.


Əldə olunmuş musiqi nömrələri 2007-ci ildə Norveçin “Kirkelis Kulturverskted” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, həmin il “Transatlantic Non-STOP” marka adı altında hazırlanmış alboma daxil edilib. 2007-ci ilin aprel ayında Moskvanın “Dünya albomları” musiqi onluğuna daxil olub.

Sonrakı illərdə Avropa dinləyicilərinin marağını qazanmaqla, albom olaraq satış göstəricilərinə görə özünü doğruldan “Transatlantic Non-STOP” Azərbaycan musiqisinin dünya dinləyicisinə aydın şəkildə çatdırılması və təbliğində əhəmiyyətli layihə olub.

Lalə Yusifqızı
# 727

Oxşar yazılar