Musiqili Komediya Teatrına yeni rejissor təyin olundu
03 mart 2011 13:37 (UTC +04:00)

Musiqili Komediya Teatrına yeni rejissor təyin olundu

Teatrın rus bölməsində Mark Kamolletinin “Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir” əsərini əməkdar incəsənət xadimi Əsgər Əsgərov hazırlayacaq. Teatrın mətbuat katibi Ağca Muxtarovanın Lent.az-a verdiyi məlumata görə, Əsgər Əsgərov Mədəniyyət və Turizm Nazirliyinin apardığı islahatlar çərçivəsində Musiqili Komediya Teatrında hazırlanacaq yeni tamaşanın quruluşçu rejissoru təyin olunub. O, artıq bir neçə gündür ki, tamaşanın məşqlərinə başlayıb.


Tamaşanın musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, ikinci rejissoru əməkdar artist Boris Qrafkindir. Teatrın rus truppasında təqdim olunacaq tamaşada aparıcı aktyorlar Nərgiz Kərimova, Nadejda Povelisina, Fərid Əliyev, Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Svetlana Bulax, İzabella Şves, Marina Litvinenko, Yuliya Heydərova, Firuz Məmmədov, Rauf Babayev və başqaları çıxış edəcəklər.


Qeyd edək ki, Əsgər Əsgərov uzun illər Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, 1990-1996-cı illərdə teatrın baş rejissoru olub. Moskvada, Mayakovski adına Akademik Dram Teatrının baş rejissoru A.Qonçarovun yanında təcrübə keçdikdən sonra Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsinə dəvət edilib. Bu teatrda Viktor Rozovun “Şadlıq sorağında”, Nəbi Xəzrinin “Burla xatun”, Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər…”, Jan Batist Molyerin “Skapenin kələkləri”, A.Kamyunun “Anlaşılmazlıq” əsərlərinə quruluş verib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703

Oxşar yazılar