Bu gün su çərşənbəsidir
22 fevral 2011 09:00 (UTC +04:00)

Bu gün su çərşənbəsidir

Böyük çillədən sonra Novruzun gəlişinin ilk müjdəçilərindən biri çərşənbələrdir. Bayram məhz çərşənbələrdən başlayır. Bu gün birinci - su çərşənbəsidir. Lent.az-ın məlumatına görə, Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur. Bu ilk çərşənbə buzların əriyib çaylara tökülməsindən, torpağın su içməsindən xəbər verir. Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır.

Amma əlbəttə ki, şəhər şəraitində axar suyun üstünə getmək mümkün olmadığından şəhərdə yaşayan insanlar üçün alternativ yol var. Gün çıxmamış durub əl-üzünü su borusundan gələn su ilə yumaq kifayətdir. Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına inamla birgə onlarda həyata sevgi, gözəllik, sayğı düşüncələri aşılayır.

Suya sitayişin davamı kimi axşam tonqalın üstündən hoppanmaq da vacib sayılır. Çərşənbə süfrəsinə gəlincə isə, süfrədə təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir. İmkanı çatan qədər plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır. Süfrədə səməninin olması elə də vacib deyil. Səmənini ilk çərşənbəyə yetişəcəyi real olmadığından o, süfrələri daha çox son çərşənbə və bayram günü bəzəməlidir.

Xəyalə
# 1428

Oxşar yazılar