Şərif Ağayar: “Bu, Qarabağ yox, Qarabağ insanı haqqındadır”
05 fevral 2011 15:45 (UTC +04:00)

Şərif Ağayar: “Bu, Qarabağ yox, Qarabağ insanı haqqındadır”

Fevralın 5-də “Əli və Nino” kitab evinin qarşısında istedadlı yazar Şərif Ağayarın “Aftafalı Antrakt” adlı yeni kitabının təqdimat mərasimi və imza günü keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açıb. O, çıxışı zamanı gördüyü mənzərədən təəccübləndiyini deyib: “Bir ildir, burada imza günləri keçirilir. Amma hələ indiyə qədər belə qələbəlik olmamışdı. Bu günü əsl kitab bayramı hesab etmək olar”.

Kitabın ön söz müəllifi tənqidçi Əsəd Cahangir Şərif Ağayarı bir yazıçı və insan kimi 10 ildir tanıdığını bildirib. Şərif Ağayarın yaradıcılığı barədə məlumat verən tənqidçinin sözlərinə görə, o, 90-cı illərin sonlarında aşıq poeziya nümunələri yazmaqla ədəbiyyata gəlib: “Amma onun şeirlərində də gözəl bir nəsr hər zaman duyulub. 10 il bundan qabaq tənqidçi kimi verdiyim proqnozlarımda yanılmadığıma görə sevinirəm. Şərif həqiqətən yaxşı nasirdir, gələcəyin romançısıdır. O ki qaldı yeni kitabının adına, bu, kiməsə qeyri-adi görünə bilər. Söhbət zahiri parıltıdan getmir. Bir-birinə uyğun gəlməyən bu iki sözün, cismin birləşməsi əslində müasir dünyaya uyğundur. Mən kitab barədə çox məlumat vermək istəmirəm. oxumağı məsləhət görürəm. bircə onu deyim ki, hamımız bu antraktın nə vaxt bitəcəyini gözləyirik”.

Xalq yazıçısı Əkrəm Əylisli, əməkdar mədəniyyət işçisi Çingiz Əlioğlu, millət vəkili Aqil Abbas da Şərif Ağayarı hazırkı ədəbiyyatın maraqlı və istedadlı nümayəndələrindən biri qiymətləndirərək, hekayələri və povestləri yüksək dəyərləndiriblər. onlar Şərif Ağayarın gələcəkdə bir romançı kimi yetişəcəyinə inandıqlarını deyiblər.

Şərif Ağayar isə tədbir iştirakçılarına öz minnətdarlığını bildirib. O, bu kitabın Qarabağ yox, Qarabağ insanı haqqında olduğunu vurğulayıb.

Tədbirdən sonra müəllif yeni kitabının imza mərasimini də keçirib.

Qeyd edək ki, “E.L.” nəşriyyatında çap olunan kitabda müəllifin povest və hekayələri yer alıb. Kitab “Laçınsız ilk gün”, “Antrakt” və “Kosmos əsrinin gerçəkləri” bölmələrindən ibarətdir. Kitabda oxucular tərəfindən qəzet və jurnallarda, eləcə də internet saytlarında maraqla qarşılanan hekayələrlə yanaşı, yeni nümunələr də var. Rəngarəng mövzuları əhatə edən hekayələrin çoxu son illər yaşanan hadisələrdən, Qarabağ faciəsinə düçar olmuş insanların çətin həyatından bəhs edir. Kitab müəllif sözü ilə açılır və redaktor Əsəd Cahangirin yazara ünvanladığı təəssürat məktubu ilə davam edir.

“Aftafalı Antrakt” Şərif Ağayarın sayca üçüncü kitabıdır. Bundan öncə yazarın “Səhra məsnəvisi” (şeirlər) və “Kərpickəsən kişinin dastanı” (povest) kitabları işıq üzü görüb.

“Aftafalı Antrakt” kitabını “Əli və Nino” və “Akademikkitab” mağazalarından əldə etmək olar.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311

Oxşar yazılar