Kəlbəcərlilər gənclər gününü qeyd edib
02 fevral 2011 17:57 (UTC +04:00)

Kəlbəcərlilər gənclər gününü qeyd edib

Lent.az-ın məlumatına görə, “Milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolu” mövzusunda keçirilən tədbirdə Kəlbəcər rayon gəncləri və ziyalıları, ölkənin tanınmış elm xadimləri iştirak edib. Tədbirdə filologiya elmlər namizədi Məhərrəm Qasımlı çıxış edərək bildirib ki, hər bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır. Xalqların milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir: «Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir».

Yeni Azərbaycan Partiyası gənclər təşkilatının sədri Sərraf Hüseynov isə mərhum eks-prezident Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə gənclərlə bağlı siyasətindən danışıb. O qeyd edib ki, ilk dəfə respublika gənclərinin forumunun məhz Heydər Əliyevin təşəbbüsü ilə keçirilməsi və bu ənənənin sonrakı illərdə də davam etdirilməsi mərhum eks-prezidentin milli-mənəvi dəyərlərinin qorunmasına verdiyi önəmin təzahürüdür: «Heydər Əliyev gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. O, deyirdi ki, biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Dövlət İdarəçilik Akademiyasının IV kurs tələbəsi Vasif Hüseynov isə çıxışında gənclərin ictimai həyatdakı rolundan, dövlətin bu sahədə atdığı addımlardan və problemlərdən danışıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689

Oxşar yazılar