Baş rolda Fəxrəddin Manafovdu!
25 may 2009 12:15 (UTC +04:00)

Baş rolda Fəxrəddin Manafovdu!

Bu yazını yazmaq üçün onunla söhbətə ehtiyacım vardı. Bu gün şirkətə gəldi, bir xeyli söhbət elədik, hətta bir az hirsləndirdim də onu. Çoxdan bəri onunla bağlı beynimdə dolaşan suallara cavab tapmaq istəyirdim. Amma cavabını tapdığım suallar qədər də yeniləri yarandı. Özüm üçün çıxardığım nəticədə o qədər optimist ola bilməyəcəyəm!

Biz, toplum olaraq onu oxuya bilmədik, onu kəşf etməyi bacarmadıq. Biz başımızın üstündəki əlçatmaz əfsanələrə gözümüzün ucu ilə baxmaq vərdişini tərgidə bilmədiyimizi ona münasibətdə də sübut elədik. İddiası, hikkəsi, kaprizləri, intellekti, istedadı, ən nəhayətdə XARAKTERİ ilə əfsanələşdirməli olduğumuz insanları adiləşdirməkdən zövq almaq, onlarla yanyana adddımlamağın, eyni dövrdə yaşamağın, hətta bir yerdə çay içməyin forsunu çıxarmaq kimi lənətlənəsi vərdişləri o biriləri kimi ONA da tətbiq etdik. Niyəsini heç birimiz bilmirik, yəqin O özü də belə… Amma elə belə də davam edirik.

***

“Heç özüm də bilmirəm axı, niyə sizə müsahibə verdim”. 2007-ci il avqustun 1-də, doğum günündən bircə gün əvvəl APA-ya verdiyi müsahibəsini bu cümlə ilə bitirmişdi. Bilmirəm, ritorik olaraq vermişdi o sualı, yoxsa doğrudan belə idi. Amma bizi çox xoşbəxt eləmişdi. Onu illərdi görməyən, ya da artıq Zaur kimi görmək istəməyən tamaşaçısının qarşısına müsahib kimi çıxmışdı. İllərdi adını çəkib müsahibə üçün lalıyan mətbuata birdən, heç ummadığı, gözləmədiyi zamanda danışmağa başlamışdı. Bunu bizim vasitəmizlə etməsinin ayrıca bir forsu vardı (yazdım axı, belə məsələlərdən forslanmaq adəti bizə toplum olaraq xasdır).

***

Bəzi tənqidçilər kimi onun həyat və yaradıcılığından yazmaq istəmirəm. Yalnız özünə məxsus olan, cəmiyyətdən həmişə eşitdiyi və yəqin heç vaxt cavablandırmayacağı şəxsi sualları bir də gündəmə daşımaq, qaranlıq saya biləcəyimiz nöqtələrə aydınlıq gətirməsini istəmək kimi bir amacım da yoxdur. Çoxlu fanatları, onlardan az olmayan vurğunları, bəlkə onların ikisi qədər olan rəqibləri, “mən dahi sənətkaram” deyib, dahiliyini heç nədə ifadə eləyə bilməyən “sənət dostları”, onu yarı yolda buraxan quruluş adamları da məni maraqlandırmır. Maraqlı olanı, deməli, bu yazının baş rolunda yer alacaq da O özüdür: Fəxrəddin Manafov!

***
Ötən şənbə neçə illərdir taleyini çox diqqətlə izlədiyim “Hökmdarın taleyi”nə baxdım. Açığı, o filmə Azərbaycan tarixinin qara həqiqətlərinə, acı üzünə baxıb bir az ağrımaq üçün getmişdim. Həm də Fəxrəddin Manafovu 4 ildə bu qədər zahirən qocalda bilən filmi görmək istəyirdim.

Baxdım və deyəsən, bir az anladım. Fəxrəddin Manafov Zauru silə bilmişdi. Bilmirəm, onu necə eləmişdi, amma tarixin məğlub, faciəli İbrahim xanına müdhiş bir əzəmət bəxş eləmişdi. Yox, onun qılınc çəkib döyüşdüyü bircə səhnə belə yoxdu. Əlinə masaya vurub, hökm elədiyi, səsini qaldırdığı epizodları da görmədim. Əksinə, torpağına sahib olmağı övladına ata olmaqdan çox düşünən insanın acı, bir az da əzici etirafları vardı. Balaları güllələnən, xanimanı yerlə yeksan olan bir xanın üz üstə düşən məğlubiyyət səhnələri gözümün önündəydi. Amma bu məğlubiyyət, əzici etiraflar hamısı İbrahim xanın, yəni Fəxrəddin Manafovun gözlərinə qədərdi. Azərbaycan kinosunun gözləri ilə oynayan tək aktyoru bircə baxışları ilə yeni İbrahim xan yaratmışdı.

Müdhişdi! Heç nəyi təhrif eləmir, tarix necə acı və faciəlidi, elə də oynayır, adama elə gəlir ki, tarixdəki İbrahim xan əsrlərdən sonra özü gəlib və kiçik əraziyə, az saylı xalqa sahib olmağın acısını bir də danışır. Zatən hər gün yaşayırıq axı o ağrıları təkrar-təkrar...

Səs tonu, baxışlar, bütün ifadə və emosiyanın gözlərdə, duruşda bitkinləşməsi yada salır ki, bu İbrahim xanın yanında bir Fəxrəddin Manafov obrazı da dayanıb. Böyük sənətkarlara məxsus bir manevrdi bu. Oynadığı obrazı əbədiləşdirir, tamaşaçının gözünün önünə biçir, amma özü də o obrazın fonunda heç vaxt əriyib yox olmur. Fəxrəddin Manafovu gözləri, duruşu, bir də çox sakit, amma sakit olduğu qədər də hökmlü və xarakterli səsi (məhz xarakterli! Məncə, Fəxrəddin Manafov Azərbaycan kinosunun yeganə aktyorudur ki, onu səsinin rəngi, xarakteri var) obrazda əriməyə qoymur. Amma obraz onda əriyir, bütövləşir, mükəmməlləşir.

***

Danışdıqca fikir verirəm. Müsahibəni belə, səsi və gözləri ilə verir. Danışdıqlarından çox gözləri və səsi etirazını, incikliyini, tənqidə bir az dözümsüz münasibətini büruzə verir. Üzünün cizgiləri heç oynamır. Ən gərgin rolundan tutmuş sadə həmsöhbət obrazına qədər heç bir mövqedə üz cizgiləri ilə danışmır. Arada bütün bunları oxumaq üçün qəribə olan baxışlarımı da tutur: “Niyə elə baxırsan. Nəsə olub?”... Bu da nəticə. Fəxrəddin Manafovun bütün obrazlarını gözləri ilə oynamasının səbəbi aydın olur!

***

“Hökmdarın taleyi” ilə özünə yeni səhifə açdı. Oradakı aktyor ansamblının üzvləri yəqin inciməzlər, amma Fəxrəddin Manafovun fonunda daha nə qədər işləməli olduqlarını hər halda özləri də fərq eləmiş olarlar... Bu qədər məhdud imkanlar, o qədər də möhtəşəm saya bilməyəcəyim ssenari ilə dərin iz buraxacaq obraz yaradan, məğlub bir xana tamam başqa qılaf biçən bir aktyorun nəfəsinin duyulduğu bir meydançada çəkilmək belə cəsarət istər...

***

Bəlkə kimlərsə məni Fəxrəddin Manafovun təsirində hiss edəcək. Amma sənətdən soyuq yazanları başa düşə bilmirəm. Mən Azərbaycan kinosunun bugünkü zəif durumunu anlayıram, “Hökmdarın taleyi”ni dünya kinematoqrafiyası tarixi üçün əhəmiyyətli əsər də hesab eləmirəm. Amma var olan imkanlar hesabına, bu qədər çərçivələri yarıb, indiyə qədər səviyyəli film axtaran Azərbaycan tamaşaçısına “al, bu da sənə səviyyəli film” deyə bilən və sözün həqiqi mənasında bunu yaradan bir iddia sahibini alqışlamamaq mümkün deyil. Azərbaycan kino tarixinin son onilliklərdəki ən sanballı tarixi filmi yaradılıb ifadəsini heç mübaliğəsiz işlədirəm və bunu məhz Fəxrəddin Manafova ithaf edirəm.

***

“Hökmdarın taleyi” indiyə qədər “bizdə sanballı film yoxdu” deyən tamaşaçıya cavab idi. Amma təəssüf ki, tamaşaçı “Bizdə sanballı filmə baxacaq sanballı tamaşaçı var” cavabını verə bilmədi. Hər halda mən elə hiss etdim. Fəxrəddin Manafov da təsdiqləyər kimi cavab verdi: “Tamaşaçı öz tarixinə baxmaq, ona göz atmaq, lap gəlib o tarixin vərəqləndiyi zalda yuxulamaq üçün 7 manatından keçmədi”.

***

“Yaxınlarımın çoxu dünyasını dəyişib. Bəzən arxaya dönüb baxıram, mənə elə gəlir tək qalmışam”. Bunu da indi heç bir filmə çəkilməyən, heç bir dəvəti olmayan Fəxrəddin Manafov deyir. Görəsən, biz, bu kinonun və mədəniyyətin cavabdehləri nə fikirləşirlər? Böyük olduğunu, istedadlı olduğunu anlatmaq üçün mütləq ölməkmi lazımdı? Bircə nəfəri də ölməmişdən anlasaq, dünya dağılmaz ki...

P.S. Bu yazı sadəcə bir tamaşaçı rəyidir!

Vüsalə Mahirqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1577

Oxşar yazılar