Fikrət Verdiyev: “Ora bir də qayıtmaram” – MÜSAHİBƏ –
12 yanvar 2011 18:36 (UTC +04:00)

Fikrət Verdiyev: “Ora bir də qayıtmaram” – MÜSAHİBƏ –

“Göy göl”, “Neftçi” mahnı və rəqs ansambllarının, Gəncə Dövlət Filarmoniyasının yaradıcısı, əməkdar artist Fikrət Verdiyevin Lent.az-a müsahibəsi.

Dosye: Verdiyev Fikrət Süleyman oğlu 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. Ailələrində musiqiçinin olmamasına baxmayaraq, çox kiçik yaşlarından balaca Fikrətdə sənətə maraq yaranır. 1957-ci ildə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfinə gedir. 1962-ci ildə məktəbi bitirərək Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir.

13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edən Fikrət uşaqlıq yaşlarından müstəqil ansambl yaratmaq arzusunda olur. Hətta 1960-cı ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda rəhbərlik etdiyi kollektiv qalib gəlir. O dövrdə - tələbə olarkən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayır. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olur. Adil Gərayın sinfində təhsil alır.

1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq ictimai əsaslarla “Göy göl” xalq çalğı alətləri ansamblını yaradır. Tezliklə bu ansamblın şöhrəti Gəncəbasardan çox uzaqlara yayılaraq, xaricdə də tanınır. Konsertlər verən kollektiv fəxri fərman və mükafatlarla təltif olunur. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər. Zeynəb Xanlarova 1972-ci ildən etibarən bu ansamblın müşayiəti ilə yaddaşlardan silinməyən konsertlər verib.

Konservatoriyadakı təhsilini başa vurandan sonra Fikrət Verdiyev ansambla rəhbərliklə yanaşı, Qənbər Hüseynli adına Gəncə ora ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə də başlayır. 1977-ci ildə mərhum Heydər Əliyev bu ansamblı bəyənərək ona Dövlət mahnı və rəqs ansamblı statusu verilməsini məqsədəuyğun bilir.

1982-ci ildə isə Zeynəb Xanlarova Fikrət Verdiyevi öz yaratdığı ansambla konsertmeystr dəvət edir. Bu ansamblla birgə 40-dan çox ölkədə Azərbaycan mədəniyyətini təbliğ edirlər. 1987-ci ildə Fikrət Verdiyev əməkdar artist adını alır.

1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göy göl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradır. Mixail Boyarskini, Müşərrəf Akayı Bakıya dəvət edərək çıxışlarını təşkil edir.

2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını yaradır. Könül Xasıyeva, Aygün Bayramova, Rövşən Behcət, Samir Cəfərov, Feyruz Səxavət, Cabir Abdullayev, Teyyub Aslan kimi sənətçiləri bir yerə yığaraq zəngin repertuar yaradır. Yeni Azərbaycan Partiyasının 10 illiyi münasibətilə sarayda keçirilən konsert proqramında uğurla çıxış edirlər.

Fikrət Verdiyev məşhur xanəndə, muğam ustası Xan Şuşinskinin qızı ilə ailə qurub. İki qızı, bir oğlu, 3 nəvəsi var.


- Sənətə bağlı olan, üstəlik xeyli iş görən bir sənətkar olaraq niyə sənətdən bu qədər uzaq düşmüsünüz?

- Mən 1990-cı ilə qədər mükəmməl çalışdım. 10 illik fasilədən sonra isə Neft Şirkətinin tərkibində “Neftçi” mahnı və rəqs ansamblını yaratdım. Ansamblla xarici ölkələrə səfərlərə getdik, dövlət konsertlərində çıxış etdik. YAP-ın 10 illik yubileyində gözəl çıxışımız oldu. Həmin konsertdə mərhum Heydər Əliyev bizə böyük qiymət verdi, səhnə arxasında söhbət etdi. Elə orda xahiş etdim ki, solistlərimizdən birini - Samir Cəfərovu Moskvaya göndərək. Xahişimi qəbul etdi. Samiri Rostropoviçin xanımı Qalina Vişnevskayanın vokal kursuna göndərdi. İndi əməkdar artist, prezident təqaüdçüsüdür. Haqlısınız ki, axır illər sakitlikdir. O da müvəqqətidir, yəqin.

- Hər halda, səbəbsiz deyil. Bu sakitliyi yaradan səbəblər hansılardır?

- Küskünlük də var, haqsızlıq da. Amma açığı, bunları xırdalamaq istəmirəm. Sənət aləmində yaxşı, qabiliyyətli adamlar da var, bunun əksi olanlar da. Bizim vaxtımızda belə şeylər olmayıb. Bəzi narazılıqlar olub, onu da şəxsən mən qəbul edə bilmədim. Çünki bu xasiyyətimə görə, hansısa başqa bir narazılıq ortaya çıxa bilərdi. Ona görə müvəqqəti dayanmışam. Amma görürəm ki, yox, mümkün deyil.

- “Göy göl”dən sonra yaratdığınız “Neftçi” ansamblından da birdən-birə ayrıldınız. Bu ansambldan niyə getdiniz?

- Düzü, Gəncədəki işimlə əlaqədar ordan getdim. Həm də mənə qarşı bir az maneçiliklər oldu. Mən də söz götürə bilmirəm. Məsləhət belə oldu ki, ordan çıxım. Çıxandan sonra ansamblın dağılma xəbərini eşidəndə çox pis oldum. Çox heyfsiləndim. Heç istəməzdim belə olsun.

- Siz ayrılandan nə qədər sonra ansambl fəaliyyətini dayandırdı?

- Heç bir il çəkmədi... O cür kollektivi dağıtmazdılar. Özü də 85 nəfər ştatı vardı. İnanın ki, necə gözəl, səviyyəli rəqslər qurulmuşdu. Misir opera teatrında çalışan Fərhad Vəliyevi uzun danışıqlardan sonra Bakıya qaytardım. O, vaxtilə “Göy göl” ansamblında rəqqas idi. Sonra Misirə getmişdi. Bura gələndən sonra ansambl üçün rəqslər hazırladı. Rəqqaslara gözəl paltarlar tikdirdik. Hətta böyük studiya tikdirdik və 1,5 milyon dollarlıq avadanlıq alındı. Hər şey yüksək səviyyədə hazırlandı, düzəltdim, verdim, mən çıxandan sonra dağıldı. Məndən sonra tarzən Əliağa Sədiyev ansambla rəhbərlik etdi. Heyf ki, ansamblı saxlaya bilmədilər. O boyda avadanlıqlar da eləcə qaldı. O studiyada istənilən orkestr səs yazdıra bilərdi.

“Göy-göl” ansamblını yaradanda belə şərait yox idi. Cəmi 22 yaşım vardı. 7 il mən bu ansamblı ictimai əsaslarla saxladım. Dövlət konsertlərinə, qastrol səfərlərinə getdik. Günlərlə filarmoniyada konsertlərimiz oldu. 1977-ci ildə Heydər Əliyevin tapşırığı ilə ansambla dövlət statusu verildi. 75 ştat ayrıldı. “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı olandan sonra Gəncə rəhbərliyi ilə birgə köməkləşib ictimai əsaslarla 1000 nəfərlik konsert salonu tikdirdik. Bir şeyi danışım ki, ansambl dövlət statusu alandan sonra orada 36 rəqqas olmalı idi. Gəncədə də heç kim öz qızını rəqs etməyə qoymazdı. Fikirləşdim, neyləyim? Bakıya gəldim, xalq artisti baletmeystr Kamil Dadaşovla görüşdüm. Ona dedim, “gəl, Gəncədə işlə, amma rəqqasları burdan aparaq”. Bakıdan 12 oğlan, 12 qız yığdıq. Vağzalda valideynləri yola salanda dedilər, “ay Fikrət müəllim, bizim uşaqları aparırsız, amma heç bilmirik harda qalacaqlar, nə qədər maaş alacaqlar”. Dedim “narahat olmayın, hər şey mənim boynumadır”. İki il yarım o 24 nəfərin gündəlik yeməyini, qalacaq yerini özüm təmin etdim. O vaxt toylara gedirdim, yaxşı qazancım olurdu. Həqiqətən də çox gözəl kollektiv yarandı. Yaxşı nömrələr, rəqslər hazırladıq. 90-cı ildə isə elə bu ansamblın bazasında biz Gəncə Filarmoniyasını yaratdıq. Respublika rəhbərliyi buna da çox böyük ürəklə yanaşdı. Əlavə kamera ansamblı, notla xalq çalğı alətləri orkestri yarandı. 200 nəfərə qədər ştat ayrıldı. İndi təəssüf ki, filarmoniyanın binası çox bərbad vəziyyətə düşüb. İllərdir orada bir konsert də keçirilməyib. O boyda Gəncədə bir dənə konsert salonu yoxdur. Bu, məni çox narahat edir.

- “Göy-göl” ansamblının qazandığı nailiyyətlərdən danışdınız. Bəs bütün bu uğurlara rəğmən, ansamblı niyə tərk etdiniz?

- O vaxt övladlarım Bakıda institutda oxumalı idilər. Ailəni belə buraxa bilməzdim. Ona görə Bakıya köçmək qərarına gəldim. Həm də açığı, ola bilsin orda kimsə məni başa düşmədi. İndi bunları danışmağımın heç bir xeyri, faydası yoxdur. Hər nə isə... Sənət aləmi çox çətin, enişli-yoxuşlu bir sahədir. Özü də son illər daha da çox. Bizim vaxtımızda belə deyildi. Bizdən qabaq heç belə deyildi. Rəhmətlik Xan əmi bir hadisə danışmışdı mənə. Bir dəfə Cabbar Qaryağdıoğlu Xana zəng vurub deyir ki, “tar çalanı da götür, gəl, işim var”. Deyilən yerə gedir. Görür Cabbar Qaryağdıoğlu Seyid Şuşinski ilə birgə oturub çay içir. Soruşur, “Cabbar əmi, nolub?” Ondan bir Mirzə Hüseyn segahı oxumağı xahiş edirlər. Tarı kökləyirlər, Xan bir gözəl muğam oxuyur. İfası qurtarandan sonra görür ikisinin də gözündən yaş gəlir. Səbəbini soruşanda Cabbar deyir, “ay Xan, ürəyimiz Şuşanı, Cıdır düzünü istədi. Dizlərimiz imkan vermir, qocalmışıq. Amma sənin bu Mirzə Hüseyn segahınla oraların hamısını gəzib gəldik”. Kaş ki, bu gün də sənətçilərin bir-birinə münasibəti belə olaydı. İndi görüşüb öpüşürlər, arxaya keçən kimi badalaq gəlmək istəyirlər.

- Belə başa düşdüm ki, sizə qarşı haqsızlıq olub.

- Ola bilsin, haqsızlıq da olub. Amma şəxsən mən sənət aləmində kimə nə bacarmışam, onu da etmişəm. 1972-ci il ildə, ansamblın populyar vaxtı idi. Vaqif Hüseynov adlı bir ifaçı gəldi. İndi də Gəncədə yaşayır. Böyük diapazonu olmasa da, şirin səsi vardı. Yaxşı bir segah oxudu, xoşuma gəldi. Dedi, “Fikrət müəllim, məni işə götür”. Dedim, “ola bilsin, səni işə götürdüm”. Fasilədə çölə çıxdım. Mənə yaxınlaşdı ki, “atam dedi, qapıda yanı balalı bir camış var, apar onu, Fikrət müəllimin qapısına bağla”. Mən o saat başa düşdüm ki, “ola bilsin səni işə götürdüm” deyəndə, təmənnam olduğunu düşünüb. Dedim, “a bala, bir camış da mən sənə alaram, təki sən yaxşı oxu. İşə götürdüm səni”. Yəni, mən təmənnasız olaraq kimisə qabağa çəkmək istəmişəm həmişə. O ansamblı, filarmoniyanı yaradanda, mən çox çətinlik çəkdim. Həm maddi, həm mənəvi cəhətdən. Amma böyük həvəslə edirdim. Hərdən mənə bəziləri deyir ki, “neynirdin, bu qədər əziyyət çəkdin, haqqını almadın?” Deyirəm, axı mən bunu nə üçünsə etməmişəm.

- Özünüz də deyirsiniz ki, necə çətinliklə ansambl yaratdınız. Amma bir haqsızlıq olan kimi gücsüzlük göstərib getdiniz. Qala bilərdiniz, mübarizə apara bilərdiniz...

- Bəli, qala bilərdim. Mübarizə aparsaydım, qarşıma çıxan olmazdı... Amma fikirləşdim ki, üzü suluykən gedim. Bakıya gəldim. Amma burda da yenə sübut etdim ki, mən nəyə qadirəm. 2002-ci ildə sarayda 4 saatlıq elə bir konsert keçirdim ki, bütün sənətkarlar heyran qaldı...

- Sənət üçün darıxırsınız heç?

- Darıxıram... Düzdü yaşım da keçir. Amma hələ canım suludu, nəsə edə bilərəm. (gülür)

- “Göy-göl” ansamblının indiki fəaliyyətindən necə, razısınız?

- Yox, razı deyiləm. Ola bilsin əvvəlki şərait indi yoxdur. Həm də, mən filarmoniyanın bədii rəhbəri idim. O yer indi də boşdur. Direktor isə Şahnaz Haşımovadır. Baxıram, əvvəlki kimi deyil. Bəlkə bugünkü vəziyyətdəndi. Şəraitləri yoxdur Bakıya gəlsinlər, televiziyaya çıxsınlar. Amma “Göy-göl” ansamblı qabaqkı kimi deyil. Bunu tək mən yox, çoxları deyir.

- Bəs sizi bədii rəhbər kimi yenidən ora dəvət etsələr, qayıdarsınız?

- Yox, qayıtmaram. Bu gün orda işləyə bilmərəm.

- Deməli, küskünlük hələ də qalır.

- Küskünlük də deyil... Yenə deyirəm, ola bilsin kiminləsə sözüm düz gəlməyib, səhəri günü çıxıb getmişəm. Məncə, elə belə hörmətli qalmaq lazımdı. Bir az da xasiyyətimdən irəli gələn şeydir. Məndən asılı deyil. Mənə heç kim “qatıq qaradır” sözünü dedirdə bilməz. Hər şeydən keçərəm, amma onu demərəm.

- Keçən il Muğam Teatrında “Göy-göl” ansamblının 40 illik yubileyi qeyd olundu. Amma siz ansamblın yaradıcısı olaraq həmin tədbirdə yox idiniz. Dəvət etməmişdilər?

- Mən onda Gəncədə idim. Gecə saat 12-də mənə zəng vurub dedilər ki, sabah Muğam Teatrına gəlin. Bu da mümkün olan bir şey deyildi axı. Mən neçədə Gəncədən yola düşməliydim ki, vaxtında tədbirə çatım. Ona görə gəlmədim. Bilirsiz, diqqətlə çağırsaydılar, gələrdim. Gələrdim də, fəxr də edərdim ki, belə bir kollektiv yaratmışam. Vaxtında diqqət olmalıydı. Bir az da incidim deyə gəlmədim tədbirə.

- Şahnaz Haşımova ilə münasibətiniz necədir?

- Yaxşıdır. Şahnaz xanımlıq nə var ki?! O istəyər mən ansambla da qayıdım, köməkləşib ansamblı irəli aparaq. Özü də yeri gələndə məni müəllimlərindən biri hesab edir. Şahnaz xanımla münasibətimiz yaxşıdır.

- İllərdir bu sənətdəsiniz, xeyli işlər görmüsünüz. Tələbələriniz, yetirmələriniz belə, xalq artisti, prezident təqaüdçüsüdür. Amma siz hələ də əməkdar artistsiz...

- Mən 1987-ci ildə əməkdar artist adını almışam. Ondan sonra Gəncə Filarmoniyasını, Bakıda “Neftçi” mahnı və rəqs ansamblını yaratdım. Mən başqalarının xahişini edə bilirəm, amma sözümü deyə bilmirəm. Bəzən dost-tanış danlayır ki, “məqam düşdü, niyə demədin?” Neyləyim, mən də beləyəm də.

- Bu xasiyyət yəqin ki, sizə çox mane olub.

- Olub. Olmasaydı, indi həm xalq artisti, həm prezident təqaüdçüsüydüm. Mən tarı çox tez yerə qoydum – ansambl dövlət statusu alandan sonra. Təşkilati işlərlə çox məşğul olduğuma görə, tara vaxt qalmırdı. Bəzən Zeynəb xanımla səfərə gedəndə elə olurdu heç tarım da olmurdu, deyirdim, mənə tar gətirirdilər. Vaxtında sırf tar çalmaqla məşğul olsaydım, indi başqa sahədəydim. Amma mən nəsə yaratmaq istəyirdim. Məncə, düzgün yolda olmuşam. Elə olmasaydım, Gəncədə filarmoniya yaranmazdı. O əziyyətləri ki, mən çəkdim, heç kim çəkməzdi.

- İndi necə, ara-sıra tar çalırsız?

- Hə, çalıram. Evdə tarım var. Xan Şuşinskini müşayiət edən qardaşı Allahyarın tarını mənə bağışlayıblar. Onu yaxşı düzəltdirmişəm. Hərdən çalıram. İki yaşlı nəvəm də var. Əlimdən tutub darta-darta məni tarın yanına aparır. Tarı götürüb çalıram, o da başlayır oynamağa.

- Xan Şuşunski Fondu yaratmaq niyyətindəsiniz. Bu istiqamətdə konkret hansısa addımlar atılıb?

- Ədliyyə Nazirliyinə müraciət olunub. 10 min manat pul köçürmək lazımdır, sonra qeydiyyata alınacaq. Bu pul fondun öz hesabında olacaq. Fond yaranandan sonra onun tərkibində kiçik bir kollektiv, ya da üçlük yaratmaq istəyirəm. Bəlkə ondan sonra yenidən yaradıcılıqla məşğul olmağa başlayaram. Onu da deyim ki, bu il Xan Şuşinskinin 110 illik yubileyidir. Fondu da məhz bununla əlaqədar yaratmaq istəyirik. Ümid edirik ki, Xan Şuşinskinin 110 illik yubiley dövlət səviyyəsində qeyd olunacaq. Çünki 100 illik yubiley də mərhum Heydər Əliyevin sərəncamı ilə bütün respublikada qeyd olunmuşdu.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2441

Oxşar yazılar