Uğursuzluq gətirdiyi üçün Azərbaycan serialının adı dəyişdi
11 yanvar 2011 11:09 (UTC +04:00)

Uğursuzluq gətirdiyi üçün Azərbaycan serialının adı dəyişdi

Lent.az-ın məlumatına görə, çoxseriyalı filmin yaradıcı heyəti bu münasibətlə mətbuat nümayəndələri ilə görüşüb.

Serialın rejissoru Samir Qulamov 20 seriyalıq filmin həftədə bir dəfə nümayiş etdiriləcəyini deyib: “Küləklər şəhəri” tərbiyəvi əhəmiyyət daşıyır, eyni zamanda islami dəyərlər aşılayır. Serialda “Quran” ayələrindən istifadə olunub. İmandan uzaq insanlar bu filmə tamaşa etməklə bir çox özlərinə məlum olmayan məqamları qavraya bilərlər”.

Filmin çəkilişlərinin müəyyən qismi Dubayda və Dağıstanda aparılıb.
Serial uşaq evində böyüyən və sonradan oğurlanıb Ukraynaya aparılan şəxsin həyatından bəhs edir. Pis şəraitdə tərbiyə alıb sonradan killerə çevrilən həmin şəxsin başına gələn hadisələr filmdə cərəyan edir.

Cinayətkarlıq əleyhinə olan serialda məhəbbət mövzusu da əsas yer tutub. Serialın qəhrəmanı Rəna Zeynalova adlı jurnalist obrazı ilə eşq yaşayır. Filmdə məşhur reper Hüseyn Dərya da rol alıb. Ekran əsərində həm də məşhur idman ustaları, Mahir Cananov, İlhamə Bədəlova, “Kyokuşin” Karate Federasiyasının prezidenti Allahverdi Rüstəmov və digərləri də çəkilib. Çəkilişin qalan hissəsinin müəyyən qisminin Kiprdə çəkilməsi də nəzərdə tutulub.

Samir Qulamov onu da deyib ki, serial daha öncə “Ruhların qovuşan yeri” adlanırmış. Lakin çəkiliş müddətində qəzaya uğradıqları və bir çox uğursuz hadisələr yaşadıqları üçün serialın adını dəyişməyə ehtiyac duyublar: “İblis” tamaşasını misal gətirim. Bu tamaşada İblisi oynayan aktyorlarımız faciəli şəkildə dünyalarını dəyişiblər. Belə mistik hadisələr həyatda baş verir. Biz də çəkiliş müddətində bir çox uğursuz hadisələr ilə rastlaşdıq. Bu hadisələr təsadüfən olmadı və qərara aldıq ki, serialın adını dəyişək”.

Qulamov filmin sonrakı adının mənasını açıqlayıb: “Bakı küləklər şəhəridir. Paytaxtda eyni zamanda müxtəlif yerlərdən gələn insanlar yaşayır. Küləklər məcazi mənada xarakterlərin şəhəri kimi izah olunur. Yəni, “Küləklər şəhəri” serialı xarakterlərin şəhərindən bəhs edir. Bakıda ənənələrin mübadiləsi gedir”.

Rejissor onu da əlavə edib ki, yaradıcı qrup yenidən çoxseriyalı film çəkilişinə hazırlaşır: “Türklər “Kurtlar vadisi” ilə öz film qəhrəmanını yaratdı. Bizdə isə belə bir qəhrəman yoxdur. Düşünürəm ki, Azərbaycanda da belə bir qəhrəmanı yaratmağın vaxtı çatıb”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2751

Oxşar yazılar