Türkiyədə Humay Qədimovanın tarının simini kim qırdı?
17 dekabr 2010 16:12 (UTC +04:00)

Türkiyədə Humay Qədimovanın tarının simini kim qırdı?

Türkiyənin meqa-starı Tarkanı, Rafet El Romanı, Sərdar Ortac və Alişanı müxtəlif konsertlərdə müşayiət edən, gənc olmasına baxmayaraq, ifası ilə artıq çoxdan tanınan tarzən Humay Qədimova yeni bir uğura imza atıb.



İfaçı bu yaxınlarda rəhbərlik etdiyi “Humay” Qızlar Ansamblı ilə birgə Türkiyənin İstanbul şəhərində yaddaqalan konsert verib. Səfərdən xoş təəssüratlarla qayıdan tarzən uğurlu kosnertlə bağlı fikirlərini Lentaz-a bölüşüb: “Bu konsert layihəsinə ilk öncə öz Vətənimiz – Azərbaycandan başladıq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında konsert verdik. Zənnimcə, həmin çıxışımız yaddaqalan oldu. Sonra düşündük ki, bu cür konsert layihəsi ilə artıq Avropaya çıxmaq vaxtıdır və tura Türkiyədən başladıq. Azərbaycan və Türkiyə qardaş ölkə olduqlarına görə layihəyə Türkiyədən start verdik”.


Humay Qədimova bildirib ki, konsert İstanbulun çox məşhur “Tim Moslak Show Center”də baş tutub. Həmin məkanda bir neçə il əvvəl xalq artisti Zeynəb Xanlarova konsert verib. Bu konsert üçün Bakıdan 22 nəfərlik heyət Türkiyəyə səfər edib: “Musiqi prodüserimiz Asif Kərimov da bizimlə birgə idi. Azərbaycanın milli musiqilərini, milli xalq mahnıları və rəqslərini, muğamlarını Türkiyədə ifa etdik və yüksək səviyyədə qarşılandıq. Konsertdə azərbaycanlı xanəndə Elnarə Abdullayeva və türkiyəli müğənni Kibariyə də səhnəyə çıxdı. Bizim müşayiətimiz altında onların ifaları səsləndi. Bu konsertlə bağlı Türkiyənin “Tatlısəs” televiziyasında verilişlərə dəvət edildim və qonaq oldum. Maraqlısı o idi ki, mən Bakıdakı konsertimdə çox həyəcanlı idim, yəqin ki, bu öz Vətənimdə konsert verdiyimdən irəli gələn bir həyəcan idi. Türkiyədə isə heç bir həyəcanım yox idi, elə bilirdim ki, məşqə çıxıram”.


İfaçı konsert zamanı qarşılaşdığı xoşagəlməz bir texniki problemi də peşəkarcasına yola verməyi bacarıb. Belə ki, elə konsertin ikinci nömrəsində Humay Qədimovanın tarının sarı siminin qırılması bütün ansamblı şoka salıb, amma gənc musiqiçi özünü itirməyib: “Sim qırılanda ansambl şokda oldu ki, indi nə olacaq? Bakı konsertindən fərqli olaraq, Türkiyədəki konsertimizdə nə aparıcı, nə də çoxsaylı müğənni vardı. Fasilə söhbəti də olmadı. Türkiyədə konsertdə aparıcının olmasına maraq göstərilmir. Təbii ki, onların qayda-qanunlarına riayət etdik. Saat yarımlıq konsert oldu, ancaq konsert boyu bir dəqiqə belə vaxtım olmadı ki, tarımın qırılan simini dəyişim. Bütün konsert boyu həmin qırılan simlə çaldım. Görüntülərdə də görəcəksiniz ki, bütün konsertdə sim sallana-sallana qalıb. Çox şükür ki, başqa problemlə qarşılaşmadıq və bu çıxışımızı uğurlar başa vurduq. Bu konsert Türkiyənin bütün maqazin verilişlərinin marağına səbəb oldu və yetərincə işıqlandırıldı. Konsertin anonsları “Kral” televiziyasında getdi, eyni zamanda mərkəzi küçələrdə konsertin afişaları vurulmuşdu. Çox şadam ki, Azərbaycan musiqisi bu qədər sevilir. Milli musiqimizi, milli kolaritləri başqa ölkələrdə yüksək səviyyədə təbliğ etmək tək mənim yox, bütün azərbaycanlı musiqiçilərin borcudur”.


H.Qədimova səfər əsnasında çoxsaylı təklif alıb. “Tatlısəs” televiziyasında bir neçə verilişə dəvət olunub və hazırda bu verilişlərin günləri təyin olunur. H.Qədimova ud alətində də artıq professional şəkildə ifa etdiyini deyib və bu aləti qısa zaman ərzində öyrənməyinə tarı bilməyi köməyinə çatıb.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764

Oxşar yazılar