“Arşın mal alan”ın yeni dünya turu gedir
22 dekabr 2010 16:14 (UTC +04:00)

“Arşın mal alan”ın yeni dünya turu gedir

Bu əsər dünya səhnələrində indiyə qədər 90 dəfə oynanılıb

Bir vaxtlar Rəşid Behbudovun ifasında dünyanı gəzən bu ölməz əsər yenidən səfər üstündədir. Azərbaycan Akademik Opera və Balet Teatrının rejissoru Hafiz Quliyev səfərdən qayıdıb. Rejissor Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” əsərini əvvəlcə Belarusda səhnəyə qoyub, sonra isə Çində.

“Belarus və Azərbaycan dövlətləri, Mədəniyyət və Turizm nazirlikləri arasında qarşılıqlı razılaşmaya ilə Üzeyir bəyin 125 illiyi ilə əlaqədar onların Akademik Musiqili Teatrında “Arşın mal alan”ı hazırladıq. Əsər sırf klassik üslubda və Azərbaycan kalariti ilə səhnələşdirildi. Onların da istəkləri belə idi, çünki o səhnədə Azərbaycan, şərq əsəri ilk dəfə səhnəyə qoyulurdu. Ona görə də maraq çox oldu. Teatrın rəssamı internetdə Üzeyir bəyə, Azərbaycan musiqisinə aid olan bütün materialları çıxardıb, aktyorlara da bu barədə söhbətlər edirdi” – deyə, hafiz Quliyev Lent.az-a bildirib.

Hafiz Quliyevin dediyinə görə artıq məşqlər başa çatanda ölkədə tamaşaya maraq yarandığının şahidi olub: “Məşqin özünə teatrın bütün aktyorları oturub baxırdılar. Üzeyir bəyin musiqisi dünyəvi musiqidir, hədsiz sevdilər musiqini. Tamaşada rəqsləri Mədinə Əliyeva qurdu, milli rəqslər də onlarda marağa səbəb olmuşdu. Ümumiyyətlə iş prosesində marağı gördükcə adam özü işə bir az da həvəslənirdi. Kostyumların eskizini onların rəssamları verirdi, eskizləri bir-neçə dəfə dəyişməli oldum, Azərbaycan koloritini tapıncaya qədər. Səhnə arxalığına isə Azərbaycanla, Qarabağla bağlı fonlar verdik, səhnə açılanda tamaşaçı özünü Azərbaycanda hiss edirdi. Kulisdə Bakının, İçəri Şəhərin şəkilləri, Şəki xan sarayının ornamentləri, şəbəkələr təsvir olunmuş pərdələr asılmışdı. Belarus Akademik Musiqili Teatr bütünlüklə Azərbaycanı xatırladırdı. Üzeyir bəyin musiqisinin sədaları isə tamaşaçıları tam bir möcüzəli aləmə aparırdı. Aktyorlar tamaşada bəzi Azərbaycan kəlmələri də işlədirdilər. Məsələn xala obrazını onların çox tanınmış, bizim Nəsibə xanım kimi bir aktrisaları oynayırdı, onun dilində “Xalan sənə qurban” ifadəsi çox şirin çıxırdı.”

Tamaşanın premyerası uğurla keçib. Azərbaycanın Belarusdakı nümayəndəsi Əli Nağıyev oradakı bütün diplomatik korpusları tamaşaya dəvət edib. Dövlət nümayəndələri, Azərbaycandan nazirliyin bir qrup nümayəndəsi-Sevda Məmmədəliyeva, Siyavuş Kərimi, Azərpaşa Nemət tamaşanın ictimai baxışında olublar. Tamaşanın rejissoru deyir ki, bir premyera nəzərdə tutulmuşdu, üç premyera oldu: ”İctimai baxışa belə bilet satılmışdı və anşlaq idi. Çox böyük rezonans yaratdı, hadisəyə çevrildi. Onların mədəniyyət naziri dedi ki, axır ki, gözəl bir sənət əsəri gördük.”

Tamaşa rus dilində oynanılıb. Dekabr ayı plandan əlavə də repertuara salınıb. Yanvar ayında da bir-neçə dəfə oynanılacaq. Bundan əlavə o tamaşa ilə həmin kollektiv dörd ölkəyə qastrola gedəcək.

Həmin tamaşa təhvil verilər-verilməz Hafiz Quliyev eyni tamaşanı səhnələşdirmək üçün Çinə dəvət alıb. Qısa bir zamanda “Arşın mal alan” Pekin səhnəsində qoyulub.

Hafiz Quliyevin dediyinə görə Çinlilər özləri “Arşın mal alan”ı hələ 1959-cu ildə səhnələşdiriblər. “Şəkilləri gördüm Əsgəri eynilə Rəşid Behbudova oxşadıb qrimləmişdilər. Həmin aktyorlar indi də sağ idilər, gəlib görüşdülər, məşqlərə də baxdılar. Tamaşanın rəssamı Tahir Tahirov tam yeni, təbii Azərbaycan koloritli tərtibat verdi.”

Tamaşa Pekində də Belarusda olduğu kimi uğurla oynanılıb, özü də Çin dilində.
Deyəsən “Arşın mal alan” Rəşid Behbudovun ifasında bir dəfə olduğu kimi yeni dünya turnesini başlayıb. Hafiz Quliyev artıq Ankara, Samsun, Belarus, Moskva, Çin səhnəsində “Arşın mal alan”ı səhnələşdirib. Ümumilikdə bu əsər 90 ölkənin səhnəsində oynanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar