Kar dahi, musiqinin məğrur və qalib imperatoru... - HƏYAT HEKAYƏTİ
…Amansız və soyuq dünyada, bir-birini didməyə hazır olan bəşər övladları arasında düşmənçilik toxumlarının boy atıb qollu-budaqlı ağaca çevrildiyi zamanda haradansa zəif, ancaq qətiyyətli bir səs gəlir…
1-ci sırada 4-cü skripkanın səsidir. Yox, amansız dünya bu səsi batırır, kəpənək qanadları kimi yandırıb kül edir. Ancaq az sonra həmin səs bir daha eşidilir. İndi o tək deyil, 1-ci sıradakı 4-cü skripkaya elə həmin sıradakı 5-ci skripka da qoşulub. Yenə şər üstün gəlir, özü də çox asanlıqla. Yox, o nəcib səs susmur, susmayacaq, bir daha eşidiləcək və eşidilir də…
İndi onu heç kim susdura bilməz. Şillerin «Sevinc odası» səslənir: «Əl tutun, insanlar, sevincinizi bölün…».
Simfoniya sona çatdı, bütün salon komanda verilibmiş kimi eyni anda ayağa qalxıb onu alqışlamağa başladı. Yox, bu sadə alqış deyildi, əsl ovasiya idi. Polislər salona girib camaatı sakitləşdirməyə çalışırlar. Belə alqışlar yalnız İmperator üçün ola bilərdi. Ancaq nə olsun? O da İmperator idi. Musiqi dünyasının məğrur və qalib İmperatoru! O, bu qeyri-adi təntənənin səsini, alqışları, hətta öz musiqisini belə eşitməyən Lüdviq Van Bethoven idi!
Fərqli Bethoven
Bu cür adamları sadə tərcümeyi-halla, dövrlərinin hadisələriylə guya «tanıtmağa» cəhd göstərmək onları gözdən salmaqdı. Belələri dövrlərindən, dövrlərinin siyasi və sosial kataklizmlərindən çox-çox yuxarılarda dayanırlar. Qəhrəmanımız Lüdviq van Bethoven də məlum insanların sırasında dayanan nəhənglərdəndir.
İlk baxışdan onun həyatı 18-19-cu əsr Avropasında yaşamış bəstəkarların həyatlarından heç nəylə fərqlənmir: 1770-ci ilin dekabr ayında Bonnda kilsə xorunda oxuyan kişinin ailəsində doğulub, musiqiçi olmaq arzusuyla bir müəllimin yanından çıxıb o birinin yanına gedib, həyatın bütün çətinliklərinə sinə gərərək sonunda dediyini eləyib və dünya musiqi mədəniyyətində böyük bir iz qoyub. Ancaq bu cür ümumiləşdirmələrlə Bethoveni xarakterizə eləmək, təkrar edirəm, onu kiçiltməkdir. Bəs, onu digərlərindən, «musiqi peyğəmbəri» Motsart günahımızdan keçsin, hətta Mostartdan belə fərqləndirən nə idi?
Sevilən Motsart, anlaşılmayan Bethoven
Ondan başlayaq ki, atası Lüdviqdən şöhrəti aləmi başına götürmüş «ikinci Motsart» düzəltmək arzusuyla ona klavesində və skripkada ifa eləməyi öyrədir. 1778-ci ildə balaca Lüdviq Kölndə ilk konsertini verir. Əfsus, atanın arzusu gözündə qalır: oğuldan vunderkind alınmır. Konsertə gələnlər 8 yaşlı balacada qeyri-adi heç nə görmürlər. Bundan sonra «fərsiz» oğul ayrı-ayrı müəllimlərin yanında dərs almağa başlayır. Ancaq 1770-ci ildə Kölndə konsert verən məşhur orqan ifaçısı və bəstəkar Kristian Qotlib Nefe bu oğlanda heç kimin görə bilmədiyi istedadı görür. Nefe 10 yaşlı Lüdviqi Hendelin, Baxın, Haydnın, Motsartın əsərləri ilə tanış eləyir. Onun 12 yaşındaykən Dresslerin marşı əsasında yazdığı ilk əsər də məhz Nefenin himayəsi ilə işıq üzü görür. 17 yaşına qədər Kölndə müxtəlif işlərdə çalışan Lüdviq anasının ölüm xəbərini alan kimi Bonna qayıtmalı olur. Burada ailənin yükünü çiyinlərinə götürür və orkestrdə alt çalmağa başlayır. 1792-ci ilə qədər bir sıra xırda əsərlər bəstələyən Bethoven həmin il Bonnu tərk edir və Vyanaya yollanır. Burada onun böyük Haydnla görüşü olur, ondan dərs almağa başlayır. Ancaq nə müəllim, nə də tələbə bu dərsdən həzz ala bilmirlər. Bethoven hesab edirdi ki, qoca Haydn onun səylərini başa düşmür, Haydn isə tələbəsinin bəstələrində o dövrə uyğun olmayan həddindən artıq cəsarətli, bir az da inqilabi əhval-ruhiyyəli musiqi mövzuları görür və bunu zərərli hesab edirdi. Haydnın ona məktubundan oxuyuruq: «Sizin bəstələriniz yaxşıdır, bəziləri hətta qeyri-adi təsir bağışlayır. Ancaq bir yerdə, gah da başqa yerdə o qədər qaranlıq, qorxulu məqamlar var ki… Bunların haradan gəldiyini bilirəm: çünki Siz özünüz qaranlıq insansınız; musiqiçinin üslubu isə həmişə onun özüdür ki, var…».
İngiltərəyə gedən Haydn tələbəsini məşhur pedoqoq və nəzəriyyəçi Albrextsberqerə tapşırır. Deyirlər, Bethoven musiqi ruhunun azadlığı ilə onun da canını boğazına yığır. Müasirləri müəllimlə tələbə arasında tez-tez belə dialoqların olduğunu yazırlar:
- Axı, qaydaya görə akkordların bu cür düzülüşünə icazə verilmir…
- Mən icazə verirəm!
Hətta Albrextsberqerin onun barəsində «bu zırrama heç nə öyrənməyib, heç öyrənməyəcək də» dediyini yazanlar da var… Əsrlər ötəndən sonra, özünüz deyin, kimin adını eşidibsiniz: Albrextsberqerin, yoxsa Bethovenin?..
Musiqi Bethoven üçün notlara köçürülmüş fantastik bir aləm, notlar da sadəcə bu aləmin kağız üzərində quruca şəkliydi. Axı, düşüncəni, emosiyanı, ehtirası necə qaydalara otuzdurmaq, onlara çərçivə vurmaq olardı? Qısası, bu arada Bethoven Salyeridən də səs üçün musiqi yazmaq dərsi alır. Az keçməmiş bütün Vyana virtuoz-pianoçu Bethovendən danışmağa başlayır. Bu da əbəs deyildi. Onun aşqın-daşqın ifasının arxasında təkcə texnika yox, nə isə əsrarəngiz və insanı həyəcanlandıran elə şey var idi ki, bunun izahını heç kim verə bilmirdi. Bethoven ilk dəfə gur akkordlardan yararlanır, əsasən orta registrlərdə ifa eləyənlərdən fərqli olaraq aşağı və yuxarı registrlərə tez-tez müraciət edirdi. O, pianonun pedalından xüsusilə istifadə eləməklə ifalarına indiyədək Vyana əhlinin eşitmədiyi emosiya qatırdı. Beləcə, Bethoven musiqini klavesinin ölü, nərmənazik üslubundan xilas eləyərək, ona coşqunluq, ehtiras gətirməyi bacarırdı. Hər kəs bunu onun «Patetik», «Apposianata» kimi sonatalarından həmin an duya bilir… Əlbəttə, bu yazdıqlarımızı musiqi nəzəriyyəsinə dair istənilən kitabdan oxumaq olar. Ancaq Bethovenin musiqilərindəki gizli məqam heç də onun ifa texnikasına gətirdiyi yeniliklərdən ibarət deyil. Hamı onun musiqisində bir inqilab əhval-ruhiyyəsi görürdü. Bu, həqiqətən inqilab idi. Məsələn, siz Haydnın, Motsartın, ümumiyyətlə, o dövrün heç bir bəstəkarının musiqilərində bu cür ehtiras, bu emosiya və inqilabilik duya bilməzsiniz. Bethovenin, yalnız Bethovenin musiqisdir ki, bu musiqidən 18-19-cu əsrlərin saray qoxusunu duya bilməzsiniz; bu musiqidə zındıq əyanların keyfinə, eyş-işrətinə azacıq da olsa işarə yoxdur. Bethovenin musiqisi onun müəllimləri üçün məhz buna görə başadüşülən deyildi. Bütün Vyananın qulaqlarında dahi Motsartın şən, oynaq, problemsiz, hətta minorlarda belə qayğısız musiqisinin «dadı» qalmışdı. Bethoven isə əksinə, dövründə baş verən siyasi hadisələrlə ahəng təşkil eləyən musiqilər yaradırdı. Bu mənada qəhrəmanımızı yaşadığı cəmiyyətin mahiyyətini notlara köçürən, insanların inqilabi hisslərinin, yenilik duyğularını musiqiyə çevirən dilmanc hesab eləmək olar. Heç uzağa getməyib, elə bircə «Eqmont» üvertürasını dinləyin… Bu musiqidə həyatın ağırlığı insanın faciəsinə, insanın faciəsi onun ərdəmliyinə, ərdəmlik isə heç vaxt ram olmayacaq mübarizliyə qarışıb. Həqiqətən, möhtəşəm bir əsərdir! Bunların hamısını isə o qəsdən, elə-belə qaydaları pozmaq naminə eləmirdi. Onun həyatının, düşüncəsinin, dünyagörüşünün, xarakterinin, yaşamının mahiyyəti də beləydi. Həm də unutmayaq ki, Bethoven musiqiylə yanaşı fəlsəfəni, məntiqi, ədəbiyyatı, latın, yunan dillərini də öyrənmişdi. Onun əsərlərindəki fəlsəfi dərinliyin bir sirri də buradadır…
Deməli, Haydnın «Siz özünüz qaranlıq insansınız; musiqiçinin üslubu isə həmişə onun özüdür ki, var…» fikrində əlbəttə, böyük həqiqət var…
İnsan Bethoven
Bethoven zahiri görkəminə elə də fikir verən olmayıb. Ona görə də, dövrünün zədaganlarından, saray adamlarından, sənətkarlarından kəskin şəkildə seçilirdi: saçını daramaz, səliqəli geyinməzdi. Bu «qeyri-adi»liyin üstünə bəstəkarın sərt və kəskin xarakterini, tərslik dərəcəsinə gedib çıxan etirazlarını da əlavə eləsək, Lüdviqi narahat və adamyovuşmaz insan adlandırmaq olar. Deyirlər, bir dəfə ifa zamanı dinləyicilərdən birinin hansısa xanımla danışdığını görüb bəstəkar ifasını yarımçıq kəsib «mən belə donuzlar üçün ifa eləmək istəmirəm» deyir və nə qədər yola gətirmək istəsələr də, salonu tərk edir. Bethoven onun musiqisinin böyük pərəstişkarı olan knyaz Lixnovskinin qonaqlar qarşısında çıxış xahişinə əməl eləmir və knyazın israrlarını özünə təhqir hesab eləyərək Vyanaya qayıdıb, ona aşağıdakı məzmunda məktub göndərir: «Knyaz, mən bu gün mən olduğum üçün özümə borcluyam! Knyazlar həmişə olub və bundan sonra minlərlə olacaq. Bethoven isə təkdir və bir də heç zaman olmayacaq!»
Bu cür sərt və tərs əməllərinə baxmayaraq, Lüdviq həmişə yaxşı dost, etibarlı insan olub. Özü bu barədə yazır: «Mənim bir tikə çörəyim varsa, heç bir dostum gərək ehtiyac içində yaşamasın. Qoy, cibim boş olsun və dostum məndən kömək istəsin. Həmin andaca masa arxasına oturaram, nəsə yazaram və dostuma düşdüyü durumdan çıxmaqda kömək eləyərəm».
Bethovenin xarakterinin daha bir cəhəti artıq az qala əfsanəyə çevrilmiş Höteylə birgə baş verən olaydır. 1812-ci ildə zəmanənin iki dahisi – Höteylə Bethoven görüşürlər. Onlar parkda birgə addımlayanda əyanları ilə birgə Avstriya kraliçasıyla rastlaşırlar. Qoca Höte tez kənara çəkilir, şlyapasını çıxarır və kraliçaya təzim edir. Dəlisov Lüdviq isə başını dik tutaraq əliylə yüngülcə şlyapasına toxunmaqla ehtiramını bildirib saray əyanlarının kütləsini yararaq keçib gedir. Sonra arxada qalan Höteni gözləyən Bethoven ona deyir: «Mən Sizi gözlədim, çünki Sizə böyük hörmət və ehtiramım var. Ancaq bu cənablara həddən artıq ehtiram göstərdiniz…».
Eşitməyən bəstəkarın faciəsi
Dünya tarixində onun başına gələn faciəni, yəqin ki, heç kim yaşamayıb. Bir bəstəkarın bədəninin hansısa orqanı zədələnə, gözü tutula bilər və bunların heç biri onu musiqidən ayrı salmaz. Ancaq bəstəkarın ürəyindən, beynindən, ruhundan süzülüb gələn musiqisini eşidə bilməməsi, həqiqətən böyük dərddir. Bethovenin faciəsi belə faciə idi. O, 1796-cı ildən başlayaraq eşitmə qabiliyyətini sürətlə itirməyə başlayır. Bu xəstəlik hələ cavanlığından vardı. Bəlkə də bunun səbəbi bəstəkarın musiqi bəstələməyə başlamazdan əvvəl həmişə başını buzlu su olan qabın içinə basıb islatması olub. Nəsə, ya zəlzələdən, ya vəlvələdən onda daxili qulaqcığın soyuqlaması baş verir və qulaqları get-gedə daha az eşitməyə başlayır. Onsuz da adamayovuşmaz, cəmiyyət arasında tez-tez görünməyi sevməyən bəstəkar bundan sonra bir az da yalqız həyat sürməyə başlayır. Bəlkə də, bu anda onu sevgi xilas eləyə bilərdi. Ancaq sevdiyi qadınların heç biri ilə onun bəxti gətirməmişdi. Tanış olduğu, dəli kimi sevdiyi qızların hamısı onun dahiliyinə vurulsalar da, xarakterindəki sərtlikdən və ikilikdən, ziddiyyətdən qorxurdular. İndi də bu lənətə gəlmiş karlıq gözləyirdi. Daha onun özü bütün görüşlərdən imtina eləyir, vaxtının böyük hissəsini dörd divar arasında, not dəftərinin, pianonun qarşısında keçirirdi. Ancaq heç kəs bilmirdi ki, dünyanın min cür səsini eşitməkdən məhrum olan Lüdviq van Bethoven bu səsləri eşitməyə-eşitməyə yaradıcılığının şah əsərlərini yaratmaqda davam eləyir. Bu dövrdə o, «Fidelio» operası üzərində işləyir, fortepiano üçün bir neçə sonet yazır. Və nəhayət, təkcə dövrünün deyil, bütün əsrlərin şah əsərini yaradır. 9-cu simfoniya yazılır…
9-cu simfoniya
Bethoven bu əsərlə də simfoniya yaradıcılığına yenilik gətirərək, sevimli şairi Şillerin məşhur «Sevinc odası» üstündə əsərə xor əlavə eləyir. Dostlarının köməkliyi ilə 9-cu simfoniya ilk dəfə 1824-cü il may ayının 7-də Vyana sakinləri qarşısında ifa olunur. Əsərə dirijorluğu Umlauf eləyir. Bethoven isə rampanın arxasından heç nə eşitmədən, yalnız hissiyyatına və daxili musiqi duyumuna əsasən hər hissədən sonra orkestrə templə bağlı göstərişlərini verirmiş. Şahidlər yazırlar ki, bu nəhəng əsər başa çatanda zaldakılar komanda verilibmiş kimi ayağa qalxaraq bəstəkarı alqışlamağa başlayırlar. Ancaq o heç nə eşitmir, arxası zala, üzü orkestrə tərəf dayanmaqda davam eləyirmiş. Vəziyyəti belə görən orkestrin Unqer adlı gənc müğənni qızı bəstəkarın əlindən tutaraq onun üzünü zala doğru çevirir. Bethoven yalnız bundan sonra hər şeyin uğurla başa çatdığını anlayır. Ovasiya o qədər uzun çəkir ki, axırda polislər işə qarışmalı olurlar. Axı, belə uzun-uzadı alqışlar yalnız İmperator üçün ola bilərdi.
…Bu olaydan üç il sonra – 1827-ci il mart ayının 26-da Lüdviq van Bethoven vəfat edir. Adı bəşəriyyətin qızıl insanları sırasına yazılmış bir dahini vəfat eləmiş qardaşının oğlunun dərdi yıxır. Müasirləri onun xəstəliyi barədə xəbərləri laqeyd qarşılasalar da, bəstəkarın ölümü ilə bütün Vyana ayağa qalxır. Minlərlə insan musiqinin məğlubedilməz İmperatorunu son mənzilə yola salmaq üçün küçələrə çıxır. Həmin gün hətta ali məktəblər belə bağlanır… Ancaq…
…Ancaq maraqlıdır, 9-cu simfoniya onun ölümündən sonra növbəti dəfə ifa olunanda daha əvvəlki kimi maraq doğurmur. Deyirlər, təşkilatçılar hətta zalı doldurmaqda belə çətinlik çəkirlər. Budur, dünya durduqca yaşayacaq bu simfoniya da öz dövründə başa düşülməyib. Müəllifi Lüdviq van Bethoven kimi…
İlham Tumas
[email protected]

1969